BolgeXeber.Com » Gündəm » Yol polisi qara plyonkalı maşınlara "çest" verir

Yol polisi qara plyonkalı maşınlara "çest" verir

19-02-2013, 10:45
Oxunub: 4 899 Prezident İlham Əliyevin fevralın 12-də “Regionların social-iqtisadi inkişafı” Dövlət Proqramının 4-cü ilinin yekunlarına həsr olnmuş iclasındakı çıxışından sonra ölkədə bəzi məmurlar yenidən əməliyyata başladılar. Həmin gündən etibarən dövlət başçısının tənqid etdiyi bütün sahələrdə dirçəliş başlandı. Bu proses ölkədə yol polislərinin də fəaliyyətində də özünü biruzə verməyə başladı. Yol polisinin əsas diqqət yetirdiyi sahə avtomobillərdəki pərdə və plyonkaların sökülməsi prosesindəki canlanma oldu. Yəqin, oxucuların da yadında olar. 2009-cu ildə prezident İlham Əliyev bu barədə tapşırıq vermişdi və avtomobillərdəki plyonkaların sökülməsini tapşırmışdı. Həmin vaxt da yol polisləri bir müddət əl-ayağa düşdü, avtomobillərdəki pərdə və plyonkaları sökməyə başladı.

Plyonkadan gəlir götürən yol polisi

Amma, son vaxtlar bu məsələ yol polislərinin gəlir mənbəyinə çevrilmişdi. Belə ki, prezidentin tapşırığını əsas gətirən yol polisləri sürücüləri özlərindən asılı vəziyyətdə saxlamaq üsulu kimi istifadə edirdilər. Yol polislərinin bəziləri yollarda plyonkalı avtomobilləri görən kimi onları saxlatdırıb sənədlərini alır, onları süründürməçiliyə salandan sonra müəyyən razılaşma ilə sənədlərini cəriməsiz geri qaytarırdı. Fevralın 12-dən sonra isə Respublika Baş Dövlət Yol Polisi yenidən plyonka əməliyyatına başladı. Respublika Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, həmin gündən bu vaxta qədər respublikada nəqliyyat vasitəsini pərdə və plyonkalarla idarə edən 808 sürücü cərimələnib.

Ekologiya postunda qara plyonkalı qara maşının vəlvələsi

Bu rəsmi məlumatdır. Elə burdan da məlum olur ki, yol polisi bu üsuldan yalnız özünə sərf edən kimi istifadə edir. Yəni, istədiyi sürücünü cərimələyir, istəmədiyini isə “yaxşı yol” deyib yola salır. Bu cür hallarla elə fevralın 15-də özüm rastlaşmışam. Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazisində Respublika Dövlət Yol Polisinin Ekologiya postunda. Bu post da prezidentin tapşırığından sonra əməliyyata başlayıb. Amma necə başlayıb, bu mən deyən kimidir. Fevralın 15-ində, səhər saat 08:45 radələrində jurnalist həmkarım Orxan Vahidoğlu ilə birlikdə həmkarımın avtomobili ilə Bakı istiqamətində hərəkət edirdik. Yolboyu avtomobillərdəki plyonkalardan və onlara qarşı cəza tədbirlərindən danışırdıq. Elə bu vaxt arxa tərəfdən 10 YP 631 dövlət nömrə nişanlı, Dövlət Yol Polisinə məxsus avtomobil səsgücləndirici ilə bizə “sağa çıx, yol ver” əmrini verdi. Təbii ki, biz də yol polisinin əmrinə tabe olaraq yolun sağ hərəkət xəttinə keçərək hərəkətə davam etdik. Bu vaxt arxadan qara rəngli “Lexus” markalı avtomobil bizi ötərək yoluna davam etdi. Arxasınca isə həmin yol polisinin avtomobili sayrışan işıqları ilə avtomobili müşayiət etməyə başladı. Avtomobilin arxa şüşəsi tam qara plyonka və örtüklə örtülmüşdü və maşının içərisində sürücüdən başqa heç kim görsənmirdi. Avtomobil bizi Masazır qəsəbəsində keçdi və Novxanı kəndi istiqamətindən gəlirdi. Xırdalan qəsəbəsi ilə Masazır qəsəbəsinin arasındakı körpüdə həmin qara plyonkalı avtomobili daha bir yol polisi avtomobili qarşıladı. 10 YP 630 dövlət nömrə nişanlı həmin avtomobil də Dövlət Yol Polisinə məxsus idi. Bu avtomobil isə həmin “Lexsus”un qarşısınca yolu təmizləməyə başladı. İki yol poisinin əhatəsində olan qara “Lexsus” Ekologiya postuna qədər gəldi. Biz də qanuna uyğun olaraq öz yolumuzla həmin maşın karvanının arxasınca gəlirdik. Ekologiya postuna təxminən 50 metr qalmış postda sanki “vəlvələ” düşdü. Postda olan bütün yol polisiu heyəti magistralın kənarında düzüldü. Düşündüm ki, yəqin 12 fevral tapşırığından sonra yol polisləri bu avtomobili də saxlayacaq. Amma, sonradan anladım ki, mən həmişə xam xəyallar düşünməkdə davam edirəm və vəziyyət tam başqa cürdür. Qara “Lexsus” posta çatan kimi sıraya düzülən polislər hamı bir nəfər kimi “düzlən” komandasında” bu maşına “polis salamı”(çest) verdilər. Avtomobildəkilər isə sanki bunlara fikir vermir kimi eyni templə yoluna davam etdi. Yol polisinin həmin maşın üçün yol açması isə yolda əməlli-başlı tıxac yaratdı və hamı kimi biz də tıxacda ləngiməli olduq.

“Sən də onun yerində olanda sənə də “çest” verib yol açacağıq”

“Qara maşın” bizdən aralanandan sonra polislər könülsüz vəziyyətdə yolu açmağa cəhd etdilər. Həmin yol polisinin biri də düz bizim olduğunmuz avtomobilin yaxınlığına düşdü və imkan tapıb bundan həmin avtomobilə niyə yol açdıqlarını soruşdum. Polisə bildirdim ki, fevralın 12-də prezident İlham Əliyevin göstərişi ilə ölkədə görüntünü məhdudlaşdıran pərdə və plyonkaların istifadəsi qadağan edildiyi halda, niyə onlar qara pərdə və plyonkalı olan “Lexsus”a yol açır, onu cərimələmirlər. Yol polisi isə mənə çox sadəlövlüklə belə cavab Verdi: “Sən də onun yerində olanda sənə də “çest” verib yol açacağıq. Get işinlə məşğul ol. Sənin hələ elə işlərə baş aparmağına çox var. Bu bizim işimizdi, haçan sənin işinə qarışsaq, onda cavab qaytararsan. Hələ ki biz nə iş gördüyümüzü bilirik. Başqasından məsləhət almağa ehtiyacımız yoxdu”.

Polis serjantı jurnalist olduğumuzu biləndən sonra isə özünü itirsə də, bir müddətdən sonra özünü toplayıb: “Qardaş, plyonka sökməyə biz baxmırıq, bizim işimiz başqadır, plyonkaları reydlərə çıxan yol polisləri sökür, ona görə də, bu iş bizim ixtiyarımızda deyil. Həm də ki, o balaca adam deyil, yoxsa sökərdik”.

Maraqlı cavabın maraqlı araşdırması

Maraqlı cavab məni doğrudan da heyrətləndirdi. Və avtomobilin kimə məxsus olduğunu soruşdum. Yol polisi isə bunu mənə demədi və yenidən posta qayıtdı. İşə gecikməmək üçün mən də daha geri qayıdıb polislə söhbəti axıra qədər “çürütmədim”. Amma, polisin bir sözü məni tutdu. Necə yəni ”Sən də onun yerində olanda sənə də “çest” verib yol açacağıq”? Maraq məni həqiqətən heyrətləndirdi və avtomobilin kimə məxsus olduğunu soruşdum. Məlum oldu ki, həmin avtomobil Abşeron rayon icra hakimiyyətinin başçısı, ictimaiyyət arasında daim səmimiliyi ilə tanınan islahatçı icra başçısı kimi ad çıxaran Zakir Fərəcova məxsusdur. Daha doğrusu, bu avtomobil icra başçısının xidməti avtomobilidir və həmin vaxt da icra başçısı rayon ərazisindəki tikinti-quruculuq işlərilə maraqlanırmış. Novxanı qəsəbəsindəki hansısa tikinti işlərinə baş çəkib geri qayıdan icra başçısı həmin vaxt yeni avvtovağzala yaxın ərazidəki təmir işlərinə baş çəkməyə gəlirmiş. Elə tərslikdən biz də həmin vaxt bu şəxslə yolda rastlaşmışıq. 01 AA 001 dövlət nömrə nişanlı bu avtomobil avtovağzala yaxın ərazidə gözdən itdi və yoxa çıxdı.

Plyonkalı avtomobil sürmək üçün icra başçısı olmaq lazımdı?

Sözüm onun hansı istiqamətdə hərəkət etməsində deyil, mənə təsir edən polisin sözüdür. Maraqlıdır, prezident İlham Əliyev iclasda bəyan etdi ki, ölkənin birinci şəxsi olduğu halda onun avtomobilində pərdə və plyonka yoxdur, amma məmurların əksəriyyəti plyonkalı avtomobil idarə edir. Yol polisi isə mənə deyir ki, ”Sən də onun yerində olanda sənə də “çest” verib yol açacağıq”. Məgər icra başçısı o qədərmi qorxulu bir adamdır? Əgər prezident belə bir göstəriş veribsə və dövlət başçısı öz şəxsi avtomobilinə plyonka vurulmasına imkan vermirsə, icra başçısı hansı əsasla, hansı icazə ilə plyonkalı avtomobildə gəzir? Bu ölkənin birinci şəxsi plyonkaya birdəfəlik qadağa qoyduğu halda, adi bir yol polisi ürəyi istədiyi şəxsə necə plyonkalı avtomobil idarə etməyə icazə verir? Ekologiya postundakı bu serjant kimə arxalanır ki, prezidentin tapşırığını icra etmir? Məgər o icra başçısından o qədərmi qorxur? Yoxsa Respublika Dölət Yol Polisi İdarəsinin rəisi, cənab general Ramiz Rzayev icra başçılarının avtomobillərindəki plyonkalara icazə verib?

Ramil Usubov və Ramiz Zeynalov buna nə deyəcək?

Çox maraqlıdır və zənnimcə bu prosesdən nə prezident İlham Əliyevdən konkret tapşırıq almış daxili işlər naziri Ramil Usubovun, nə də Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun xəbəri yoxdur. Yəqin ki bu şəxslər heç bir icra başçısına güzəşt etməyib. Çünki, adıçəkilən nazir və idarə rəisinin xidməti avtomobillərində də hazırda nə pərdə var, nə də plyonka. Bu şəxslər prezidentin göstərişindən sonra öz avtomobillərindəki pərdələri yox ediblərsə, onun tabeçiliyində olan yüzlərlə yol polisindən biri olan, ən aşağı vəzifə və rütbə daşıyan serjant kimlərəsə güzəşt edir. Ya qorxusundan, ya da qarşılıqlı hörmətdən. Hər halda bunun ikisi də qanunsuzluqdur. Çünki, bu hansısa bir tağım komandirinin serjanta taspşırığı deyil.

Sonda isə inanıram ki, cənab general Ramiz Zeynalov bu barədə tədbir görəcək, həm həmin postdakılar müvafiq cəzalar alacaq, həm də ölkədə plyonka və pərdəli avtomobillərin sürücüləıri cəzalandırılacaq. Çünki, cənab idarə rəisi daim mətbuatı izləyir və yol polisi ilə bağlı hər hansı bir nöqsan barədə məlumat alarsa, dərhal məsələni araşdırır.


Dia.az