BolgeXeber.Com » Gündəm » Səhiyyə sistemi parlamentdə sərt tənqid olundu

Səhiyyə sistemi parlamentdə sərt tənqid olundu

23-02-2013, 15:00
Oxunub: 3 328 Milli Məclis Gülün təbrikini də qınadı; dini ədəbiyyatlara nəzarət gücləndirildi və “uzun saqqallılara” qarşı mübarizə çağırışları səsləndi
“Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin məhkəmə cərimələri barədə məsələ qaldırıldı
Fevralın 22-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İclas 1992-ci ilin 25-26 fevral tarixlərində erməni-rus silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının müqəddəs xatirəsinin anılması ilə başladı.
Deputat Mübariz Qurbanlı Ermənistanda keçirilən seçkilərdə çox böyük saxtakarlıqla keçirildiyini dedi və prezident Gülün Sərkisyanı təbrik etməsindən təəssüfləndiyini bildirdi: “Təəssüf hissi ilə deyirəm ki, saxta yolla seçilən Serj Sərkisyanı təbrik edənlər sırasında Abdullah Gül də var. Bir atalar sözü var: "Uman yerdən küsərlər". Mən bunu deyirəm ki, Türkiyə ictimaiyyəti də bilsin".
Fərəc Quliyev “Türk Hava Yolları”nda erməni qəzetinin pulsuz yayılmasına etiraz etdi: “Mübariz bəy, biz hələ şükür etməliyik. Keçən dəfə Gül Türkiyəyə dəvət etdiyi Sərkisyan üçün gözəl yeməklər hazırlatdırdığını demişdi". Deputat “Türk Hava Yolları”na qarşı ciddi tənqidi fikirlər də səsləndirdi: "Türk Hava Yolları" erməni millətçiliyini təbliğ edən bir qəzeti (“Aqos” qəzeti-E.P.) yayır. Bununla Xocalı soyqırımının əks-təbliğatını aparır. Təəssüf hissi keçirirəm. Abdullah Gülün təbriki yenə “toya getməli"dir".
Türkiyə mövzusu deputatları böldü
Fazil Mustafa xatırlatdı ki, bu il Bakının işğaldan azad olunmasının 95 illiyidir: “Həmçinin Əbülfəz Elçibəyin anadan olmasının 75 illiyidir. Nuru Paşanın və Elçibəyin xatirəsini əbədiləşdirmək üçün müəyyən addımlar atılmalıdır. “Bakıda yüzlərlə küçə, məktəb adları olsa da, bunun azərbaycanlılara heç bir dəxli yoxdur. Hakimiyyət bu məsələdə obyektiv baxış ortaya qoymalıdır. Elçibəyin adına küçə, ya məktəb adı verilməsi cəmiyyət içi münasibətlərin sağlamlaşdırılması üçün vacibdir”.
Qüdrət Həsənquliyev də Sərkisyana təbrik məsələsinə toxundu: “Ermənistanın ayaq üstə durmasında səbəbkar iki müsəlman ölkəsi var: İran və Türkiyədir. Baxın görün ticarət dövriyyəsi nə qədərdir. Bunlar Ermənistanı ayaq üstə saxlatmaq üçün var gücləri ilə çalışırlar. Artıq erməni qəzetini Türkiyə şirkəti öz sərnişinləri arasında yayır. Biz İslam Əməkdaşlıq Təşkilatında bu iki dövlətin məsələsini qoymalıyıq ki, belə müsəlmançılıq olar? Gül müsəlmanların heysiyyətinə toxundu. Niyə Rusiya prezidenti ilə bərabər Türkiyə prezidenti də Sərkisyanı təbrik etdi?"
Spiker “mən sizinlə tamamilə razı deyiləm, hissiyyata qapılıb danışmaq olmaz. Türkiyə Azərbaycanın bir nömrəli tərəfdarıdır. Belə sözləri işlətmək bizə yaraşmaz" deyə, bildirdi.
Zahid Oruc dedi ki, bu seçkilər erməni xalqının nifrətini ifadə edir: “Gül bu təbriki ilə hətta erməni xalqının da qəzəbinə gəlib. Türkiyə prezidentinin bu cür açıqlama verməsi insanların, ümumiyyətlə türk insanların hissiyyatına toxunub. Amma bunun Türkiyənin əleyhinə kampaniyaya çevrilməsini də düzgün hesab etmirəm". Z.Oruc onu da dedi ki, Avropa Birliyinin seçkilərdən dərhal sonra mövqe bildirməsi və seçkilərin yaxşı keçirildiyini deməsi riyakarlıqdan başqa bir şey deyil.
Flora Qasımova Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasına çağırış etdi: “Bu gün bizi təhdid edən dövlətlər bilmirlərmi ki, müstəqil dövlətin öz ərazisini işğalçılardan azad etməsi, öz ərazi bütövlüyünü bərpa etməsi həmin dövlətin müstəsna hüququdur. 20 ildir köçkünlərin çəkdiyi əzab-əziyyət, öz doğma evinə qayıtmaq həsrətini görmək, hər dəfə Xocalı qətliamında qışın soyuğunda düzlərə səpələnən körpə uşaqların, qadınların, yaşlı insanların cəsədlərini görmək çox ağrılıdır. Biz dünya ölkələrindən yalnız ədalət gözləyirik. Kaş Əkrəm Əylisli bu köçkün insanların yuxusundan yazaydı".
Qüdrət Həsənquliyev də Abdullah Gülü qınayaraq deyib ki, Ermənistanın ayaq üstə qalmasında Türkiyənin də rolu var: “Biz İslam Əməkdaşlıq Təşkilatında Türkiyə və İranla bağlı məsələni qaldırmalıyıq. Serj Sərkisyan Xocalı soyqırımının törədilməsində səhra komandiri kimi iştirak etdiyini, Şuşanın işğalında iştirak etdiyini söyləyir. Axı niyə Türkiyə prezidenti Serj Sərkisyanı təbrik etməlidir?"
Spiker yenə də Türkiyə prezidentini tənqidlərlə razılaşmadığını bildirdi: “Türkiyə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Belə fikirləri işlətmək lazım deyil. Düzdür, bu məsələ bizi incitdi, ağrıtdı. Ancaq bunun üzərinə çox getmək lazım deyil”.
İqbal Ağazadə də Türkiyəyə qarşı çıxışlara qarşı çıxdı və spikerə mövqeyinə görə təşəkkür etdi: “Regionda baş verən hadisələrə doğru-dürüst qiymət verib o aspektdən yanaşmaq lazımdır, siz də mövqeyinizdə bunu ifadə etdiniz. Nədir, istəyirik ki, regionda yalnız Rusiya qalsın, konfliktləri idarə etsin və istədiyi vaxt Cənubi Qafqazda yeni etnik konfliktlər yaratsın? Türkiyənin bütün gücü ilə regiona girməsinə dəstək vermək lazımdır. Çalışmaq lazımdır ki, Türkiyə Qafqaza girsin, Qafqazda söz sahibi olan dövlətə çevrilsin. Cənubi Qafqazda balansı Rusiya ilə Türkiyə arasında yaratmağın zamanıdır. Türkiyənin ardınca ABŞ və Avropa Birliyi də bu regiona girəcək. Çox təəssüf ki, hər dəfə Türkiyə bu kimi təşəbbüslərdə bulunanda Azərbaycanda bir qrup vətənşivənlər düşür ortalığa, sanki Rusiyanın sifarişini yerinə yetirmək adı ilə "ay qoymayın, Türkiyə regiona girəcək" deyirlər. Türkiyə niyə regiona daxil olması? Türkiyə-Ermənistan münasibətlərində Türkiyənin hegemon mövqeyə malik olması Azərbaycanın ziyanınadır, ya xeyrinə?"
Bununla yanaşı, müxalifət mətbuatına basqılardan söz açan İ.Ağazadə məmurları buna son qoymağa çağırdı: “Hər seçki ilində Azərbaycanda xüsusilə müxalif KİV-in üzərinə məmur və yaxud hakimiyyətə yaxın iş adamlarının hücumları başlanır, onları məhkəməyə verirlər. "Yeni Müsavat" və “Azadlıq” qəzetlərinin üzərində kifayət qədər məhkəmələr həyata keçirilib və onlar cərimələnib. Mən hakimiyyət orqanlarına müraciət edirəm ki, həm məmurlar, həm də digərləri bu qəzetlər üzərinə olan hücumları dayandırsınlar və məhkəmə ilə KİV-in susdurulması presedentinə son qoysunlar".
Siyavuş Novruzov da dedi ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistanla hər hansı əlaqədən söhbət gedə bilməz. Deputat Ermənistandakı prezident seçkisinə münasibət bildirdi. Bunu Azərbaycandakı seçkilərlə müqayisə edərək ABŞ, Rusiya kimi güclərin, həmçinin bir çox beynəlxalq təşkilatların seçkilərə 5-6 ay qalmış Azərbaycan haqqında bəyanatlarının yanlış olduğunu vurğuladı.
Elman Məmmədov Türkiyə prezidentinin təbrikinə münasibət bildirərək qeyd etdi ki, Abdullah Gül hələ Türkiyə deyil: “Azərbaycanın arxasında bir dövlət var ki, o da Türkiyədir. Ona görə Türkiyəyə qarşı bu cür kampaniyanın aparılması düzgün deyil”. Deputat Xocalı soyqırımı abidəsinin rəsmi dövlət protokoluna salınmasını da təklif etdi.
Qüdrət Həsənquliyev həmkarı İ.Ağazadənin çıxışına sərt cavab verdi: “Bəzi şəxslər bizi Rusiyaya işləməkdə və Türkiyəyə qarşı çıxmaqda günahlandırırlar.
Halbuki həmin şəxslər vaxtilə Rusiyaya sığınmış və Azərbaycana ekstradisiya olunmuş Ayaz Mütəllibovu fəal dəstəkləyənlərdən idi. Biz Türkiyəyə qarşı çıxmırıq, o, bizim qardaş dövlətimizdir. Mən Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına həmişə tərəfdar olmuşam. Ancaq Türkiyə hökumətinin apardığı siyasəti tənqid edirik".
Elmira Axundova bildirdi ki, bu gün elə gənclər var ki, Xocalıda döyüşən Milli Qəhrəmanlar haqqında heç nə bilmirlər: “Halbuki Xocalı ilə bağlı bir çox kitablar nəşr olunub. Onlar barəsində gənclərə təbliğat aparmaq, həmin kitablarla gənclərin tanış olmasını təşkil etmək lazımdır. Ümumiyyətlə həmin qəhrəmanların valideynləri ilə gənclərin görüşünü keçirmək lazımdır”.
“Reklam haqqında” qanuna bununla əlaqədar yeni bəndin əlavə olunması zamanı söz alan F.Mustafa televiziyalarda özəl tibb müəssisələrinin reklamına geniş yer verilməsindən, ümumiyyətlə, səhiyyə sistemindəki problemlərdən bəhs etdi: “Akademiyanın prezidentini, ürək xəstəsi olan adamı təyyarə ilə Türkiyəyə müalicəyə aparırlar. Bəs, bu qədər vəsait hara xərcləndi səhiyyə adı ilə? Deyilir ki, efirdə dövlət tibb müəssisələri reklam olunmur. Dövlət səviyyəsi bu vəziyyətdə necə reklamı olunsun? Hansı apteklərə lisenziya necə verilir, dərmanlar ölkəyə hansı şərtlərlə gətirilir, bu, göz qabağındadır. Ermənilər araq, konyak, spirtdən pul çıxarır, bizimkilər insan sağlamlığından".
Etibar Hüseynov Mətbuat Şurasının reket jurnalistlərlə bağlı mübarizəsini xatırladıb dedi ki, bu təbliğatdan elə görünür ki, reketçiliklə yalnız jurnalistlər məşğul olur: “Reket jurnalistlər 50 manat davasını aparır, onları tutdururlar. Ancaq səhiyyədə özəl klinikalar fəaliyyət göstərir ki, əsas reketçilik, killer fəaliyyəti ilə bunlar məşğul olur. Onlar bütün Azərbaycan telekanallarını zəbt ediblər, bütün baxımlı verilişlərə sponsorluq edirlər. Bu gün Azərbaycan və Rusiyadan başqa heç yerdə dərman reklam olunmur".
Hikmət Atayev dedi ki, səhiyyə sisteminin səviyyəsini qaldırmaq üçün dövlət səhiyyə sistemində işləyənlərin əmək haqqı artırılmalıdır.
F.Mustafa qeyd etdi ki, həkimlərin apteklərlə sövdələşərək xəstələrə artıq dərmanlar yazması ilə bağlı məsuliyyət də artırılmalı, bu kimi hallar dələduzluq faktı sayılmalıdır.
Rəfael Cəbrayılov özəl klinikalarla bağlı bərbad vəziyyətin hökm sürdüyünü bildirdi: “Efirdə dərman vasitələri gen-bol reklam olunur ki, bu zaman reklam haqqında qanunun tələbləri də pozulur. Bir saatlıq efir vaxtının yalnız 20 faizi reklama ayrılmalı olduğu halda, bu müddət daha artıq olur.
"Azərbaycan saqqallı və saqqalsız mollalarla əhatə olunub"
1-ci vitse-spiker Ziyafət Əsgərov dedi ki, Azərbaycan seriallarında siqaret çəkilməsi göstərilir ki, bu da reklamdır: “Qəhrəmanlar siqareti tüsdülədir, bu da reklamdır, təbliğatdır, qarşısı alınmalıdır. Serial istehsalı ilə məşğul olanlar buna fikir verməlidir".
Çingiz Qənizadə dedi ki, ölkədə dərman preparatları ilə bağlı çox ciddi problemlər var: “Bu gün də ölkəyə gizli yolla dərman preparatları gətirilir və onların bir çoxu keyfiyyətsizdir”.
Əli Hüseynlinin təqdimatından sonra bir sıra qanunlara əlavə və dəyişikliklər qəbul edildi.
F.Mustafa “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklərlə bağlı da danışdı: “Kimsə Həccə gedib 5 əşya gətirib yaxın adamına verəndə demək məsuliyyət daşımalıdır? Deməli, şəxs gedib müvafiq quruma gedib nəzarət markası yapışdırmalıdır? Bunlar izafi, mənasız dəyişikliklərdir. Bu, gələcəkdə işləməyən maddələr sırasında yer alacaq".
Q.Həsənquliyev isə iradla razılaşmadı: “Yayılan kitabın üzünə baxanda bilmək olarmı ki, o, ekstremizmi yayır, ya yox? Gərək araşdırılsın. Azərbaycan saqqallı və saqqalsız mollalarla əhatə olunub. Ona görə də Azərbaycan özünün daxili təhlükəsizliyini qorumalıdır. Biz imkan verə bilmərik ki, gənc vətəndaşlarımızı müxtəlif dini cərəyanlara cəlb etsinlər və bu, gələcəkdə ölkəmiz üçün təhlükə yaratsın. Biz gözləməliyik ki, ekstremizm yayılsın Azərbaycanda, sonra addımlar ataq?"
Zahid Oruc qanunun işləyəcəyi ilə bağlı şübhələrini bölüşdü. O, dini sferanın olduqca həssas olduğunu deyib dövlətin narahatçılığına əsas olduğunu bildirdi. Ancaq əlavə etdi ki, internet əsrində materialın yayılmasına qarşı mübarizə asan deyil: “Biz hər bir insana deyə bilmərik ki, nəyi oxuyun, nəyi oxumayın. Hər bir vətəndaş öz bloqunda istənilən ədəbiyyatı yerləşdirir və yayır. Bu qanun praktikada işləməyəcək, amma mən bu qanuna səs verəcəyəm".
O.Əsədovdan gözlənilməz reaksiya gəldi: “İşləməyəcəksə, bəs, niyə səs verirsən? Burda ifrata varmaq lazım deyil. Əsas odur ki, dini ekstremist qruplar, təriqətlər Azərbaycanda özünə yer ala bilməsin”.
Deputat İlham Əliyev isə O.Əsədovla razılaşıb hamını “qısa şalvarlıları, uzun saqqallılara” qarşı mübarizəyə çağırdı: “Axşamlar bulvara çıxırsan, adam onların zahiri görünüşlərinə nifrət edir.
Biz gələcəkdə çalışmalıyıq ki, bu kimi ünsürlər tamamilə yığışdırılsın".
Dəyişikliklər 1 əleyhinə, 97 lehinə olmaqla qəbul edildi. Beləliklə, bundan sonra ölkədə dini təyinatlı ədəbiyyatlara xüsusi nəzarət markaları vurulacaq. Dini kitablar isə yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrində satılacaq.
Elşad PAŞASOY