BolgeXeber.Com » Gündəm » TQDK dərsliklərdəki səhvləri açıqladı

TQDK dərsliklərdəki səhvləri açıqladı

23-02-2013, 21:00
Oxunub: 4 075 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqini apararaq qurumun ekspert şurası tərərfindən yekun rəy hazırlayıb. Dərsliklər haqqında yekun rəy və qərar www.tqdk.gov.az saytına yerləşdirib.Bolgexeber.com-un TQDK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, rəylərin “Nəticə” hissəsində III sinif dərsliklərində olan nöqsanlar göstərilir:
1.Dərslikdə dil qaydaları kifayət qədər çox verilib. Əsas qüsurlardan biri budur ki, dil qaydalarının təqdimində nizamsızlıq var və 3-cü sinif şagirdlərinin yaş psixologiyası nəzərə alınmayıb. Sanki 3-cü sinif şagirdi bir tədris ilində Azərbaycan dilinin qrammatikasının əsas qaydalarını sürətlə öyrənib mənimsəməlidir. Bu, şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin prinsiplərinə uyğun deyil. Məzmun xətləri bir-biri ilə qarşılıqlı əlaqədə verilmir. Dil qaydaları praktiki olaraq digər məzmun standartlarının reallaşmasında rol oynamır. Bununla da “Azərbaycan dili” dərsliyi öz vəzifəsini yerinə yetirə bilmir.
Çətin söz və ifadələrin izahında, orfoqrafiya qaydalarında və durğu işarələrinin qoyulmasında bir sıra məqamlarda yanlışlığa yol verilib.
Dərsliyə salınmış mətnlər şagirdləri Vətəni sevməyə və qorumağa, ölkənin daha da qüdrətli olması üçün çalışmağa, sülhə, vicdanlı olmağa, yalan danışmamağa çağırmalıdır. Mənəvi-əxlaqi dəyərlər haqqında təsəvvürlər mövcud birgəyaşayış qaydalarına, ənənələrə, adətlərə riayət etməyin zəruriliyini dərk etməkdə şagirdlərə kömək etməlidir; insaniyyət, Vətən sevgisi, etibar, inam, əməldə və fikirdə intizam, səxavət, əməksevərlik, xoş rəftar, dəyanət, səbir, etiqad və s. bu kimi anlayışlar dünyəvi xarakter daşıyır, tədricən şagirdlərin əxlaqi davranışının meyarına çevrilməlidir. Lakin dərslikdə bu yöndəki mətnlər və çalışmalar ya çox zəif və uğursuzdur, ya da heç yoxdur.
2.Mətnlərin və tapşırıqların ifadə tərzi və cümlə quruluşu Azərbaycan dilinin praktiki işlənmə vəziyyətindən bir çox hallarda seçilir, fərqlənir. Mətnlərin həcmi kifayət qədər böyükdür və bu, şagirddə dərsliyə, mətnə qarşı soyuq münasibət yaradır. Bəsit və yanlış cümlələr, mətnlər dilin ifadə imkanlarından şagirdlərin istifadə etməsinin, bu imkanların onlar tərəfindən mənimsənilməsinin qarşısını alır. Tapşırıqlar, çalışmalar qavramağa yönəlmir, mənəvi tərbiyə məsələlərinin açılmasına xidmət etmir. Tarixi faktlar, hadisələr, ədəbi əsərlərdən gətirilmiş nümunələr çox bəsitdir.
3. Dərsliyin bütün səhifələrinin həm yuxarı, həm də aşağı hissələri rənglənib, boş sahə yoxdur. Yuxarıdakı rəngli effektlərin içində dairələrdə “Dil qaydaları”, “Oxu”, “Nitq bacarıqları” və s. sözlər, bir çox mətnlərin adı aydın görünmür. Mətnlərə aid illüstrasiyalar əksər hallarda motivasiya xarakteri daşımır, illüstrasiya xatirinə verilib.
4. Bir vacib məsələ də sualların şagirdin şəxsiyyətinə yönləndirilməsidir. Məsələn, “Sizin məktəbdə uşaqlar təbiəti qorumaq üçün nə edirlər?”, “Quşları qorumaq üçün sən özün nə edirsən?” kimi suallar birbaşa şagirdin özünə yönləndirilməlidir. Belə suallar və tapşırıqlar onların təbiətə və cəmiyyət işlərinə qayğı ilə yanaşmaq haqqında təsəvvürlərini formalaşdıra bilərdi, öz əməllərinə, öz işlərinə məsuliyyətlə yanaşmaları barədə təsəvvürlər oyadardı. Təəssüf ki, dərslikdə bunlar yoxdur. Tapşırıqlar daha çox test xarakteri daşıyır ki, bu da sərbəst düşüncəyə bir o qədər də imkan yaratmır. Test tapşırıqlarından yekun qiymətləndirmədə istifadə etmək daha səmərəli olardı.
5. Yekun rəy 14.02.2013-cü il tarixində müəlliflərə göndərilmiş, lakin 18.02.2013-cü il tarixinədək müəlliflər rəyə münasibət bildirməyiblər.
“Riyaziyyat-3” dərsliyi:
1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslik təhsil proqramını (kurikulumu) tam əhatə etmir.
3. Proqramdan çoxlu sayda kənaraçıxmalar var.
4. Dərslikdə çoxlu sayda struktur xətaları var.
5. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb.
6. Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.
7. Dərsliyin tərtibatı nöqsanlıdır.
“Həyat bilgisi-3” dərsliyi:
1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib. Həmçinin forzas səhifəsində Dövlət Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında” Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslikdə fənn kurikulumu çərçivəsində nəzərdə tutulmuş alt-standartların reallaşdırılmasında çoxlu sayda kənaraçıxmalar var. Bəzi hallarda fənlərarası və fəndaxili inteqrasiya nəzərə alınmayıb.
3. Dərsliyə çoxlu sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul olunmayıb