BolgeXeber.Com » Gündəm » Müstəntiq rüşvət üstündə həbs olundu

Müstəntiq rüşvət üstündə həbs olundu

18-03-2011, 19:25
Oxunub: 6 171
Bu barədə Baş Prokurorluq məlumat yayıb

Ağdaş rayon Prokurorluğunun müstəntiqi həbs edilib. Bu barədə Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat veriliub.

Məlumatda bildirilir ki, İsmayıllı rayonunun Diyallı kənd sakininə həyat yoldaşı Təvəkkül Əliyevə yüngül cəza verilməsində köməklik göstərəcəyini vəd etməklə həmin dövrdə İsmayıllı rayon prokurorluğunun müstəntiqi vəzifəsində işləyən Fəxrəddin Əliyev Tamilə Əliyevadan 7400 ABŞ dolları məbləğində pul alıb. Bu barədə 14 mart 2011-ci il tarixdə 161 "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan məlumat üzrə idarənin Daxili təhqiqatlar şöbəsi tərəfindən araşdırmaya başlanılıb.

Müəyyən edilib ki, T.Əliyevanın həyat yoldaşı 2007-ci ilin oktyabr ayında narkotik vasitələrin qanunsuz satışı faktına görə başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Həyat yoldaşına köməklik göstərilməsi üçün yollar axtaran T.Əliyevanın Sumqayıt şəhərində yaşayan Rəşad adlı qohumunun vasitəsi ilə tanış olduqları Fəxrəddin Əliyev onlara kömək edəcəyini və T.Əliyevin cəzasını yüngülləşdirəcəyini vəd edərək, bunun müqabilində 6000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirib. Şəxsi mal-qaralarını, qızıl-zinət əşyalarını satmaqla, həmçinin başqa şəxslərdən borc almaqla həmin məbləğdə pul T.Əliyevanın Qadir adlı oğlu və qaynı tərəfindən 2007-ci ilin axırlarında hissə-hissə rayon prokurorluğunun inzibati binasında Fəxrəddin Əliyevə verilib.

Məhkəmənin hökmü ilə T.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edildikdən sonra məsələnin apellyasiya instansiyası məhkəməsində həll ediləcəyi barədə vədlər verməklə həmin şəxsləri arxayın salan F.Əliyev əlavə olaraq onlardan 1400 ABŞ dolları məbləğində pul alıb. Apellyasiya instansiyası məhkəməsində T.Əliyevin cəzası yalnız 6 ilə qədər azaldıldıqdan sonra Fəxrəddin Əliyevin onları aldadaraq 7400 ABŞ dolları məbləğində pullarını ələ keçirdiyini başa düşən T.Əliyeva və qohumları dəfələrlə telefon əlaqəsi saxlamalarına baxmayaraq, müstəntiq müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. Həyata keçirilmiş ilkin araşdırmalarla qeyd olunanlar öz təsdiqini tapıb.

Cinayət qanunvericiliyi ilə təqib olunan əməllər törətməklə, prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə, "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə, Fəxrəddin Naibbəy oğlu Əliyev rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib. Törətdiyi cinayət əməllərinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanılmış cinayət işi üzrə F.Əliyev qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, bu kateqoriyadan olan cinayətlər və digər korrupsiya hüquqpozmaları barədə fiziki və hüquqi şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində yaradılmış 161 "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan hər bir müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırmaların həyata keçirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir. Eyni zamanda korrupsiyaya qarşı mübarizə çərçivəsində prokurorluq orqanlarının öz sıralarında prokurorluq işçisi adına ləkə gətirən hərəkətlərə yol verən əməkdaşlar barəsində ən qəti tədbirlərin görülməsi təmin olunur.

Neqativ hərəkətləri ilə hüquq mühafizə orqanlarının nüfuzuna xələl gətirən şəxslərlə mübarizə və kadr korpusunun sağlamlaşdırılması daim prokurorluq orqanlarının diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.