BolgeXeber.Com » Gündəm » Neftçalada pensiyaçıların üsyanı başladı

Neftçalada pensiyaçıların üsyanı başladı

19-03-2013, 16:10
Oxunub: 4 812 «Kapitalbank»ın müdirinin fırıldağı bayram günü əhalinin qəzəbinə səbəb olub, Telman Qorçuzadə «İşıqsöndürmə əməliyyatı» işə yaramaqdadır

Novruz Bayramını evində azdan az, çoxdan çox imkanla keçirmək istəyən Neftçaladan olan pensiyaçılar etiraza başlayıblar. Bu barədə rayondan aldığımız məlumata görə, hal hazırda vəziyyət gərgindir və onlarla pensiyaçı «Kapitalbank»ın yerli filialının qarşısına toplaşaraq, onun rəhbərliyi ilə görüşmək istəyirlər. Əks təqdirdə, etirazlarını dayandırmayacaqlarını bəyan ediblər.
Rayon sakinlərindən aldığımız məlumatda deyilir ki, problemə səbəb «Kapitalbank»ın Neftçala filialının rəhbəri Telman Qorçuzadənin çoxdan bəri oynadığı oyundur. Belə ki, dünəndən etibarən filialın bankomatlarına baş vuran pensiyaçıların böyük bir qismi pullarını ala bilməyiblər. Səbəb isə kart ATM-ə daxil edildikdən sonra işıqların sönməsi və 15 dəqiqədən sonra yanmasıdır. Bu hadisədən sonra pensiyasını almaq istəyən vətəndaşın kartı aparatda ilişib qalır və pul yenidən ATM-ə geri dönür. Pensiyanın sahibinə isə bankdan bildirirlər ki, həmin pulun hara və hansı hesaba gedib düşdüyünü araşdırmaq lazımdır və bunun üçün minimum 2 ay möhlət istənilir. Təkcə dünən və bu gün Neftçala rayonunda yüzdən artıq vətəndaşın pensiyasını bu şəkildə ala bilmədiyi məlum olub.
Lakin rayon sakinləri deyirlər ki, işıqların söndürülməsi və 2 aylıq möhlət məsələsi hamısı oyundur və bütün bunların təşkilatçısı olan Kapital Bankın Neftçala filialının rəhbəri Telman Qorçuzadədir. Onların bildirdiyinə görə, artıq bir neçə aydır bu proses gedir və məqsəd pul qazanmaqdır. Belə ki, Telman Qorçuzadə ilə Neftçala rayon İşıq İdarəsinin müdirinin əlbir olaraq, pensiyaçıların pullarını mənimsəmək istədikləri vurğulanır. Yəni, işıqlar qəsdən söndürülür və pul yenidən bankın hesabına qayıdır. Nəticədə, Qorçuzadə həmin geri qayıdan pulları öz məqsədləri üçün istifadə etməklə bərabər, əhalini sakitləşdirmək üçün bir müddət möhlət istəyir.
Hal hazırda Neftçalada olan jurnalist, Bizimxeber.az Xəbər Portalının baş direktoru Ədil Hüseynli isə saytımıza açıqlamasında bildirib ki, Telman Qorçuzadənin əməlləri barədə xeyli müddətdir onlara şikayətlər daxil olsa da, onları araşdırmadan cavab vermək istəməyiblər. «Bu adamın törətdiyi əməlin canlı şahidi olmuşam bu gün. Telman Qorçuzadə o qədər vicdanını itirib ki, hətta Novruz bayramı günlərində pensiyasının ümidinə bayram keçirmək istəyən insanların puluna göz dikib. Bu artıq bütün sərhədləri aşmaq və qudurğanlığın son həddidir».
Ədil Hüseynli onu da deyib ki, hal hazırda rayonda narazılıq getdikcə artır. Onun sözlərinə görə, yüzlərlə insan «şıqsöndürmə əməliyyatı»nın qurbanına çevrilib. «Onlarla insan Kapital Bankın yerli filialının qarşısına toplaşıb. Onlar halal-hümmət pullarını istəyirlər. Bayram keçirmək üçün pensiyalarının verilməsini tələb edirlər. Telman Qorçuzadə isə həmin pulları öz nəfinə istifdə etmək üçün müxtəlif bəhanələr gətirir».