BolgeXeber.Com » Gündəm » Cəbrayılın icra başçısına cinayət işi açıla bilər

Cəbrayılın icra başçısına cinayət işi açıla bilər

13-04-2013, 10:10
Oxunub: 4 197 Mahmud Quliyev davranışı ilə prezidentin “harınlamış” dediyi məmurlar sırasına düşdü
Fevralın 12-də prezident İlham Əliyev keçirdiyi müşavirədə məmurların bəzilərinin qudurduğunu, harınladığını söylədi. Prezidentin bu cür danışmasını şərtləndirən bir çox olaylar həmin müşavirəyə qədər baş vermişdi. Belə görünür ki, əsla belə deyil!
“İsa Qəmbər hansı əsasla Cəbrayıl sakinləri ilə görüşmək istəyir? Mən bunu anlamıram. Axı onun Cəbrayıl rayonunda heç bir dayağı yoxdur. Gəlsə də döyüləcək. Biabır olub, qayıdacaq”. Bu sözləri Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev Müsavat Partiyasının başqanı İsa Qəmbərin Cəbrayıl rayonundan olan seçicilərlə görüşü barədə xəbərə münasibətində söyləyib.

Məsələ ilə bağlı açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı icra başçısını Cəbrayılın azadlığı haqda düşünməyə səsləyib: “Yaxşı olar ki, icra başçısı Cəbrayılın azad olması haqqında fikirləşsin. İşğalda olduğu üçün heç ölkənin Ali Baş Komandanı belə Cəbrayıla gedə bilməz. Qoy icra başçısı söz deməzdən əvvəl düşünsün. Əgər başqa nə sözü olsa, şərh verməyə hazıram”.

Tanınmış vəkil Aslan İsmayılov “Yeni Müsavat”a deyib ki, M.Quliyevin danışığı onun yerinin səhv düşməsindən xəbər verir: “Bu adamın danışığı onu göstərir ki, icra başçısı kimi vəzifəsini yerinə yetirə bilmir və vəzifəsindən azad olunmalıdır. Ona görə ki, icra başçısına tapşırılan ərazidə əmin-amanlığı təmin etmək hüquq - mühafizə orqanları ilə birgə həm də onun birbaşa vəzifəsidir. Yox, əgər bu adam belə işləri təşkil edəndisə, onda onu təkcə vəzifəsindən azad etmək azdır, cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bu gün bu məsələ ilə bağlı qarabağlı dostumla söhbət edəndə dedi ki, icra başçısının danışığı ”lopatka" davasına hazırlaşan kəndçinin danışığına oxşayır. Bu başçı “lopatka”sını çıxarıb ki, gəlsəniz vuracağam. Bu, ölkəmiz adına utanc gətirən haldır. Çünki icra başçısı prezidentliyə namizəd olan şəxsin seçicilərlə görüşünə maneə yaratmaq istəyir. Bu heç bir əndazəyə sığmayan hərəkətdir".

Məsələ ilə bağlı REAL həmsədri Natiq Cəfərli fikirlərini bildirib. Deyib ki, Cəbrayıl icra başçısının danışığında cinayət tərkibi var: “Çünki orada Müsavat başqanının döyüləcəyi, təhqir olunacağı haqda xəbərdarlıq var. Bu öncədən çağırışdır, əgər İsa Qəmbərin cəbrayıllılarla görüşü zamanı bir olay çıxacaqsa, bunun birbaşa məsuliyyətini Cəbrayılın icra başçısı daşıyır.”

Qeyd edək ki, Müsavat Partiyasının başqanı, prezidentliyə namizəd İsa Qəmbər aprelin 14-də cəbrayıllılarla görüşəcək. Görüş Müsavat Partiyasının qərargahında keçiriləcək.