BolgeXeber.Com » Gündəm » Zeynəb Xanlarovadan yeni açıqlamalar: “Bir dənə şüşədir atıblar həyətə, nə olsun?”

Zeynəb Xanlarovadan yeni açıqlamalar: “Bir dənə şüşədir atıblar həyətə, nə olsun?”

15-04-2013, 08:30
Oxunub: 3 788 “Yeganə istəyim odur ki, Tale adlı adamı mənim adımdan istifadə edərək həbsdə saxlamasınlar, vəssalam. Mən bu işi təsdiqləyə bilmərəm. Mən Allahdan qorxan adamam. Çünki bilmirəm bu işi kim eləyib”. Bu sözləri “Yeni Müsavat”a xalq artisti, deputat Zeynəb Xanlarova bildirdi.
Z.Xanlarova bağ gözətçisinin “102" xidmətinə zəng etməsi və digər məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun açıqlamasına da reaksiya verdi: ”Mənim gözətçim zəng eləyib. Sonra mənə zəng edib ki, Zeynəb xanım, belə bir şey olub. Yalnız ondan sonra mən nazirə zəng elədim ki, gözətçim belə bir söz dedi. Narahatçılığımı bildirdim ki, bəs, bu, nə olan məsələdir. Nazir dedi nigaran qalmayın, kim bunu edibsə, həbs edəcəyik". Xalq artisti bildirdi ki, o, Tale adlı şəxsdən şikayətçi olmayıb: “Nardaranlılar ömrü boyu mənə hörmət edib, onlardan heç vaxt hörmətsizlik görməmişəm. Bu adamın adının hallandırılmasından sonra nazirin köməkçisi ilə danışdım ki, bəs, bu, nə məsələdir. Dedim xahiş edirəm nə edirsinizsə-edin, amma tanımadığım adamla mənim adımı yanaşı çəkməyin, məni bu işə qarışdırmayın. Kim eləyibsə, təbii ki, cəzasını almalıdır. Amma axı mən deyə bilmərəm bunu kim edib. Bir dənə şüşədir atıblar həyətə, nə olsun? Elə qonşunun da bağına atıblar. Sadəcə mitinq vaxtı belə bir şey olub. Bizim bağın da qabağı açıqdır, ora-bura atıblar, atdıqlarından biri də bizə düşüb. Mən gedib baxdım, bağda heç nə yoxdur. Bunlar məsələləri şişirdib dağ başına qoyublar”.

Artıq iqtidar mətbuatında Z.Xanlarovanın əleyhinə yazılar da dərc olunmağa başlanılıb. “Kaspi”nin dünənki sayında böyük sənətkarın ünvanına sərt, bəzi məqamlarda etik çərçivəni aşan tənqidlər əksini tapıb. “Artistlik yaxşı şeydi, amma səhnədə...” sərlövhəli yazıda Z.Xanlarovanın yaxın tariximizdəki fəaliyyətindən bəhs olunur, bəzi açıqlamaları xatırlanır. Sənətkarın eks-prezidentlər Ayaz Mütəllibov, Əbülfəz Elçibəylə münasibətlərindən bəhs edən yazar “Nəhayət, srağagün də deyir ki, ”bilirsiniz nə var, mən kişi qızıyam", “kimi tutursunuzsa, kişi kimi özünüz tutun”. Amma Zeynəb xanımın Səddam Hüseynin sarayına oxşayan bağ evinimi deyim, yay sarayınımı deyim, Allah eləməmiş, yandırsaydılar, onda necə, “kişi qızı” kimi sözünün üstündə dayanıb şikayətçi olmayacaqdımı?" deyə qeyd edib. Yazıda daha sonra aşağıdakılar əksini tapır: “Sovet hökumətinə xidmətlərinə görə qəhrəman olmuş adamların bu gün də ictimai rəylə məharətlə oynamalarına adam valeh olmaya bilmir. Görünür, Allah bu adamlara istedadın bütün növlərindən verib. İctimai rəylə oynamaq siyasətçilərin, necə deyərlər, məşğuliyyətidir, amma heç kim səhnədə atılıb-düşən politoloq təsəvvür etmir. Müqayisə aparmağımız qüsurlu olsa da, köhnə fikri xatırlatmağımız yerinə düşər: artistlik yaxşı şeydi, amma həyatda yox, səhnədə...”

Zeynəb Xanlarova əməkdaşımızla söhbətində jurnalist yazısına reaksiya verməyi özünə rəva bilmədi.

Xalq artistinin köməkçisi Maral Hüseynova isə bunları bildirdi: “Mənim bu sözlərim o adama cavab kimi qəbul edilməsin. Sadəcə bəzi məsələləri xatırlatmaq istəyirəm. Zeynəb xanım milli dəyərlərimizin daşıyıcısıdır. Milli dəyərsə millətə və xalqa mənsubdur. Hər bir dövlətin və xalqın borcu isə öz dəyərlərinə sahib çıxmaqdır. Bu, xalqın mənəvi borcu, dövlətin isə birbaşa məsuliyyətidir. Hər dövlətin öz sənətçisi olmur, sənətçi xalqa məxsusdur. Zeynəb xanım sovet dövründə yaşasa da, sovet hökumətinə xidmət etməyib, o, hər zaman xalqına xidmət edib. Bizim əksəriyyətimiz sovet dövründə yaşamışıq, fəaliyyət göstərmişik, pasportumuzda sovet vətəndaşı yazılıb. Belə çıxır ki, biz hamımız vətən xaini olmuşuq, bir bu yazı müəllifi vətənpərvər olub? Yazanda adam elə yazar ki, bir məntiq olsun. Sovet hakimiyyətinə xidmət edən adamlar bu gün müxtəlif vəzifələrin sahibləridir. Zeynəb xanım isə o dövrdə də, indi də Azərbaycan, türk mahnılarını oxuyub, xalqımızı dünyada tanıtdırıb. Yazı müəllifi öz səviyyəsinə uyğun yazıb. Zeynəb xanım səhnədə də eyni adamdır, həyatda da”. M.Hüseynova Z.Xanlarovanın 90-cı ildə imperiya cəlladlarının qanlı yanvarı törətməsinə etiraz əlaməti olaraq şəhidlərə il yarım yas saxladığını da yaddaşı zəif olanların nəzərinə çatdırdı. Prezidentlərlə münasibətlərinə gəldikdə, M.Hüseynova bunları dedi: “Zeynəb xanım kinli adam deyil, qəlbi açıq insandır. Zamanında kiməsə nəsə deyibsə, indi o sözlərdən bu insana qarşı istifadə etmək düzgün deyil. Sovet vaxtı tək Zeynəb xanım deyildi ki. Rəşid Behbudov, Müslüm Maqomayevin də sənətinə dövlət hər zaman qiymət verirdi. Əslində böyük sənətkar olduğu üçün bütün zamanlarda dövlət Zeynəb xanımın yanında olub, onun sənətini qiymətləndirib. Bu, normal bir şeydir, bütün dövlətlərdə belədir. Türkiyə prezidenti, baş naziri xəstəxanada Müslüm Gursəsə, İbrahim Tatlısəsə baş çəkmədilərmi? Bunlar niyə sənətkara qiyməti anormal məsələ sayırlar? Elçibəy deyirdi ki, türk sənətinin iki günəşi var: Türkan Şoray və Zeynəb Xanlarova. Onların ikisinin də şəklini böyüdüb otağından asırdı. Elçibəyi kim məcbur edə bilərdi ki, yox, sən bu sənətkarları sevmə?”

M.Hüseynova sonda bu sözləri vurğuladı: “Heç kimin ixtiyarı yoxdur ki, kiminsə mülkiyyətinə, şəxsiyyətinə hücum eləsin. İkincisi, o adamın evi yandırılır ki, xalqın pulunu, mal-dövlətini, əmlakını mənimsəyir, o zaman xalq üsyan edir, kiminsə evini, əmlakını yandırır. Necə ki, Qubada, İsmayıllıda belə hadisələrin şahidi olduq. Zeynəb xanım məgər kiminsə əmlakınımı mənimsəyib ki, onun evini yandırsınlar. Düzdür, kimsə başqasının əmlakını mənimsəyirsə, onun hərəkəti birmənalı şəkildə cinayət sayılır. Ancaq yandıranı, yandırmaq istəyəni bir kənarda qoyub başqasını tutmaq düzgün deyil”.