BolgeXeber.Com » Gündəm » Misir Mərdanovun qovulmasının əsas səbəbi nədir?

Misir Mərdanovun qovulmasının əsas səbəbi nədir?

21-04-2013, 10:10
Oxunub: 4 357 Onun yerinə Fərhad Əliyevin keçmiş müavini, “İçərişəhər” Dövlət Qoruğunun rəhbəri Mikayıl Cabbarov təyin olundu; təhsil nazirinin qərarı müəmmalı bazar günü müşavirəsində verilib; imici korlanmış daha bir neçə yüksək vəzifəli məmurun yola salınacağı gözlənilir
Təhsil naziri, hakimiyyətin ən uzunömürlü və ən çox tənqid olunan üzvlərindən biri, təhsil naziri Misir Mərdanov 19 apreldə, nəhayət ki, işdən çıxarılıb. Onun işdən çıxarılması və yerinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Mikayıl Cabbarovun təyin olunduğu barədə ilkin informasiyalar günün ikinci yarısında xəbər məkanına ötürülüb. Xəbər saytlarında təxminən bir saata yaxın davam edən “təsdiq-təkzib mübarizəsindən” sonra prezident İlham Əliyevin müvafiq sərəncamları president.az saytında yerləşdirilib. Sərəncamlara əsasən Misir Mərdanov təhsil naziri vəzifəsindən azad olunub, onun yerinə Mikayıl Cabbarov təyin edilib.
1998-ci ildən təhsil naziri postunu tutan M.Mərdanov təhsil sahəsində acınacaqlı vəziyyətə görə uzun müddətdir ən çox tənqid olunan məmurlardan biri idi. Onun işdən çıxarılacağı, yaxud artıq çıxarıldığı barədə dəfələrlə xəbərlər yayılmışdı. Bu xəbərlər doğrulmasa da M.Mərdanovun vəzifədə sonunu gətirən proseslər təxminən iki il əvvəl başlamışdı. Məlum olmuşdu ki, M.Mərdanov hakimiyyətdəki iki əsas güc mərkəzindən birinin gözündən düşüb və onun vəzifədən uzaqlaşdırılması üçün geri sayım başlayıb. Hətta mətbuat Mərdanovun indiyədək yığdıqlarından 100 milyon dollar verməli olduğu, onun biznes rıçaqlarının əlindən alındığı haqda yazırdı.
Nəhayət, ötən il ölkə prezidenti təhsil nazirinin səlahiyyətlərini məhdudlaşdıran bir neçə qərarlar verdi. Bu qərarlar nəticəsində orta məktəblərdə imtahanların keçirilməsi səlahiyyəti Təhsil Nazirliyindən alınıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verildi. TQDK Mərdanovun nazirliyinin daha bir neçə səlahiyyətini əldə etdi və faktiki olaraq Təhsil Nazirliyinin fəaliyyətinə nəzarət edən güclü orqana çevrildi. TQDK rəhbəri Məleykə Abbaszadə isə hər fürsətdə Azərbaycan təhsilindəki acınacaqlı vəziyyət barədə faktları sadalayaraq Mərdanovun onsuz da zəifləmiş mövqelərini daha da sarsıdırdı. Nəhayət, ilin əvvəllərindən başlayaraq TQDK ona verilmiş yeni səlahiyyətlərdən istifadə edərək Təhsil Nazirliyinin çap etdirdiyi dərslikləri bir-birinin ardınca yararsız elan etməyə başladı. Bunların arasında M.Mərdanovun özünün müəlliflik etdiyi dərsliklər də yer alırdı.
Dərsliklərin yararsızlığı barədə çıxarılmış qərarlar ölkədə təhsilin tam iflasından xəbər verirdi və Mərdanovun karyerasında artıq sonun yaxınlaşdığını göstərirdi. Nəhayət, o son ana gəlinib və müvafiq qərar verilib. Hakimiyyət dəhlizlərindəki qaynaqlara görə, M.Mərdanov dünən - aprelin 19-da səhər saatlarında Prezident Administrasiyasına çağırılıb. Saytların birində yer alan xəbərə görə, onunla birlikdə nəqliyyat naziri Ziya Məmmədov da Prezident Administrasiyasına çağırış alıb. Z.Məmmədovun son günlər sərnişin avtobuslarının bir-birinin ardınca dəhşətli qəzalar törətməsi və bu sahədəki vəziyyətin heç cür yaxşılığa doğru dəyişməməsi ilə bağlı çağırıldığı bildirilirdi. Mərdanov isə təbii ki, “işləri təhvil ver” mesajı almaq üçün.
Digər mənbə M.Mərdanovun Təhsil Nazirliyində ən yaxşı müəllim müsabiqəsinin mükafatlandırma mərasimini yarımçıq qoyaraq Prezident Administrasiyasına getdiyini bildirir. Lakin Mərdanovun qərarı dünən verilməyib, belə görünür ki, qərar əslində prezident İlham Əliyevin ötən bazar günü keçirdiyi müəmmalı müşavirədə çıxarılıb. Həmin müşavirə barədə müzakirələr və ehtimallar hələ də davam edir. Bildirilir ki, İ.Əliyev 10 illik prezidentliyi dövründə heç vaxt bazar günü bu cür müşavirə keçirməmişdi, üstəlik heç bir müşavirə bu cür qapalı olmamışdı. Müşavirədən ancaq qısa hissə - prezidentin iqtisadi göstəricilər barədə nitqi AzTV-də yayılıb.
“Turan” İnformasiya Agentliyinin müşavirə ilə bağlı təhlilində AzTV-də yayımlanan həmin hissə ilə bağlı maraqlı müşahidələr yer alır. Bildirilir ki, kadrlarda nazirlərin kifayət qədər gərgin və əsəbi olduğu müşahidə edilirdi. Onlardan biri əsəbi halda əlindəki qələmi fırladıb, digəri tez-tez dərindən nəfəs alaraq gözünü tavana zilləyib, başqa biri tez-tez dişlərini bir-birinə sıxıb. Bütün bunlar müşavirənin açıqlanmayan hissəsində müzakirələrin gərgin keçdiyini deməyə əsas verir. Ehtimal edilir ki, dövlət başçısı komandasının fəaliyyəti ilə hakimiyyətin mövqelərini zəiflədən üzvlərinə qarşı son qəti xəbərdarlıqlarını edib, bəzilərinin isə məşhur serialda deyildiyi kimi, “qələmi qırılıb”.
Hakimiyyətin ən qocaman və “köhnə qvardiyanın” ən iri fiqurlarından olan Mərdanovun işdən çıxarılması şübhəsiz ki, ciddi hadisədir və onun əks-sədası hələ bir müddət səngiməyəcək. Lakin gözləniləndir ki, bazar günü müşavirəsinin nəticəsi olaraq imici korlanmış daha bir neçə yüksək vəzifəli məmur seçkilərə qədər öz postundan getməli olsun.
Bəs, M.Mərdanovun yerinə təyin edilən Mikayıl Cabbarov kimdir və niyə məhz onun namizədliyinə üstünlük verilə bilərdi?
Mikayıl Çingiz oğlu Cabbarov kifayət qədər gəncdir, yeni nəslin nümayəndəsidir və 1976-cı il, sentyabrın 19-da Bakı şəhərində anadan olub (Bəzi mənbələrə görə onun valideynləri əslən ermənistanlıdır. Şəcərə təmsilçiləri öncə Qərbi Azərbaycandan Gədəbəyə, oradan da Bakıya köçüblər. M.Cabbarov isə tipik şəhər həyatı yaşayıb - Red.). M.Cabbarov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. ABŞ-ın Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvüdür. İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb. 2004-cü il, fevralın 20-də iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu il, martın 6-dan isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru kimi fəaliyyət göstərib.
M.Cabbarovun adı bu yaxınlarda Türkiyədən Brüsselə uçan təyyarədə Türk Hava Yollarının stüardessaları ilə mübahisə ilə bağlı gündəmə gəlmişdi. Türkiyənin “Hürriyət” qəzetinin yazarı Fatih Çəkirgə azərbaycanlı məmurun “Heç bilirsinizmi mən kiməm?” deyə stüardessaları hədələdiyindən yazmışdı. Lakin M.Cabbarov bu iddianı təkzib etdi və F.Çəkirgəni məhkəməyə verəcəyini bildirdi. Məlumatlara görə, Cabbarov hakimiyyətdəki ikinci soyada yaxın adamdır, yəni “köhnələri” təmsil etmir. Bu da son vaxtlar hakimiyyətdə işdən azad edilən “köhnələrin” yerini yeni nəslin nümayəndəsi olan gənc kadrların tutması tendensiyasının davamıdır.
Yekunda onu da bildirək ki, qəzetimizin də dəfələrlə yazdığı kimi, Qərb ölkələrinin paytaxtlarından, xüsusi ilə də Vaşinqtondan Azərbaycan prezidentinə təkif olunub ki, o, adları korrupsiyada hallanan nazirləri, diğər vəzifəli məmurları yeniləsin. İddialara görə, ABŞ Dövlət Katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia da Vaşinqtondan islahatlara start vermək barədə təkliflər paketi ilə Bakıya gəlmişdi.
Siyasət şöbəsi