BolgeXeber.Com » Gündəm » Ev dustağı edilən Gültəkin Sadıqova daha hansı cinayətləri törədib?

Ev dustağı edilən Gültəkin Sadıqova daha hansı cinayətləri törədib?

26-02-2020, 15:51
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad olunub.

Bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev məlumat verib. İH rəsmisi bildirib ki, Gültəkin Sadıqova hazırda azadlıqdadır və barəsində məhkəməyə təqdimat verilməyib: “Onun barəsində iltizam qətimkan tədbiri seçilib və tutduğu vəzifəsindən azad olunub. G.Sadıqova icra hakimiyyətindəki otağını da boşaldıb”.
Qeyd edək ki, DTX əməkdaşları G.Sadıqovanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İnternet resurslarında G.Sadıqovanın qaranlıq biznesi ilə bağlı da ilginc məlumatlara rast gəlinir. Məsələn, medianın iddia etdiyinə görə, bağçalara nəzarəti öz üzərinə götürən Gültəkin Sadıqova dövlət və daxili büdcədən ərzaq məhsullarının alınması üçün ayrılan yüz min manatlarla vəsaitin bir hissəsini cibinə axıdıb. Bağçalardakı ərzaq maxinasiyasında əldə olunan qazancın 40 faizinin hazırda həbsdə olan sabiq icra başçısı İsmayıl Vəliyevə çatdığı deyilir. “Aparılan araşdırmada məlum oldu ki, hər il Neftçala şəhər və kəndlərindəki uşaq bağçalarına dövlət və rayonun daxili büdcəsindən 100 min manatlarla vəsait ayrılır. Ümumi vəsait təxminən 300-400 min manat təşkil etdiyi halda Neftçala bağçalarındakı ərzaq çatışmazlığı bircə o anlama gəlir ki, rayonun icra başçısı İsmayıl Vəliyev və müavini Gültəkin Sadıqova uşaqların adına ayrılan vəsaiti silərək mənimsəyirlər. Beləliklə, icra başçısı ilə müavini hər il bağça maxinasiyasında ən azı 150-200 min manat qazanc götürürlər” deyə bildirilir. Gültəkin Sadıqovanın hətta Neftçala Rayon İcra Hakimiyətinin başçısı arzusuna düşdüyü də qeyd olunur.
İddiaya görə, Gültəkin Sadıqovanın nəinki Neftçala rayonunda obyektləri, villaları, hətta Bakı şəhərində yeni tikilmiş binalarda mənzilləri, öz adında qeydiyyatda olmayan obyektləri də olub.
Məktəblərə direktorların təyin edilməsi, dərs saatlarının bölüşdürülməsi belə icra başçısının xanım müavini ilə məsləhətlilə həyata keçirilib.
Daha bir diqqətçəkən məqam YAP-ın bəzi üzvlərinin G.Sadıqovanın namizədliyinə qarşı olmasıdır. Bu barədə də internetdə məlumatlar var. Bildirilir ki, YAP-ın rayon təşkilatının bəzi üzvləri hakim partiyadan namizədliyi irəli sürülən Gültəkin Sadıqovaya qarşıdırlar.
Sitat: “Gültəkin Sadıqovanın Milli Məclis kimi mötəbər bir quruma Neftçalada YAP-ın namizədi olması partiyamızın rayondakı nüfuzuna vurulan zərbədir. Biz həmçinin bu namizədin YAP-da olmasını hakim partiya adlna ləkə kimi qəbul edirik. Əlbəttə, biz bilirik ki, Gültəkin Sadıqovanın namizədliyinin arxasında duran adam icra başçısı İsmayıl Vəliyevdir. Məhz İsmayıl Vəliyevin Gültəkin Sadıqova ilə münasibətləri bu qadının karyerasının əsasını təşkil edib.
Gültəkin Sadıqovanın adı daima rayonda korrupsiya və rüşvət qalmaqallarında hallanır. Onun başçı İsmayıl Vəliyev üçün pul yığdığını rayonda hər kəs bilir. Nə qədər insanı aldatdığı da ortadadır. Bu gün Neftçala səhiyyəsinin, Neftçala təhsilinin və ən əsası Neftçala mədəniyyətinin bərbad vəziyyətdə olmasının əsas səbəbkarlarından biri də Gültəkin Sadıqovadır və onun icra başçısı ilə birlikdə yürütdüyü koppursioner siyasətdir. Gültəkin Sadıqovanın Milli Məclisdə Neftçalanı təmsil etmək üçün mənəvi haqqı yoxdur. Bu sözlərimizə sübut olaraq onu göstərə bilərik ki, bir zamanlar Gültəkin Sadıqovanın adı narkotik qalmaqalında belə hallanıb və başçının humanitar məsələlər üzrə müavinin xalası İrandan narkotik gətirərkən həbs edilib və uzun müddət həbsxanada yatıb. Həmin vaxt rayonda gəzən söz-söhbətlərdə Gültəkin Sadıqovanın da adı hallanırdı”.
Yada salaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar. Onlar barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.