BolgeXeber.Com » Gündəm » Azərbaycanda gəlinlik faciəsi

Azərbaycanda gəlinlik faciəsi

25-04-2011, 12:00
Oxunub: 5 775 Ötən gecə daha bir gəlin avtomobil qəzasında öldü

Bu gecə saatlarında Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Bolgexeber.com-un məlumatına görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən ağır nəqliyyat hadisəsi yenicə təməli qoyulmuş bir gənc ailənin faciəsi ilə nəticələnib. Belə ki, gəlin yol qəzasında həyatını itirib.

Elşən Rafiq oğlu Şeydayevin Bakıdan Quba rayonu istiqamətində idarə etdiyi “Mercedes” markalı minik maşını əks istiqamətdə hərəkət edən “VAZ 2112” markalı digər avtomaşınla toqquşub. Bədbəxt hadisə Bakı-Quba-Dağıstan magistral yolunun 42-ci kilometrliyində qeydə alınıb.

Hadisə zamanı “Jiquli”yə daha çox ziyan dəyib. Avtomaşının arxa oturacaqlarında bir nəfər, ön oturacaqlarında isə iki nəfər həyatını itirib.

Yol qəzasının səbəblərinin araşdırılması üçün hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları cəlb olunub. Aparılan ilkin araşdırmalar bədbəxt hadisənin dəqiq səbəblərini üzə çıxarıb.

Baş DYP İdarəsinin Baş müstəntiqi Hikmət Kərimovun sözlərinə görə, üç nəfərin öldüyü, 4-nün isə xəsarət aldığı qəzaya səbəb “VAZ 2112” markalı maşının əks yola girməsi olub.

Qeyd edək ki, “VAZ 2112” markalı minik maşınında olan sərnişinlərin hamısı qohum ailələrin üzvləri olub və gənclər həmin vaxt toy məclisindən evə qayıdırmışlar. Yenicə ailə qurmuş Vasif Rəhmanovla Aybəniz Rəhmanova da avtomaşında imiş. Avtoqəza nəticəsində hələ ər evinə qədəm atmamış gəlin, eləcə də onunla bir maşında olan Əfqan və Rafiq adlı iki gənc hadisə yerində dünyalarını dəyişiblər. Bəy Vasif Rəhmanov və digər sərnişinlər - Aytən Vaqif qızı Nağıyeva, Rüfət Teymur oğlu Kərimov , həmçinin “Mercedes” markalı minik maşınının sürücüsü Elşən Şeydayev və onun qardaşı Raik Şeydayev ciddi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, bir gün əvvəl Qobustan rayonunun Mərəzə qəsəbəsində İsgəndərova Afət Bilal qızı da öz toyunda vəfat edib. Günorta saatlarında isə el adəti ilə gəlin qız evindən oğlan evinə - Alim İsayevin atasının Mərəzə qəsəbəsindəki evinə gətirilib. Bir saatdan sonra qəflətən gəlinin halı pisləşib. O təcili Şamaxı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.