BolgeXeber.Com » Gündəm » “Qış bulvar”ına görə hökumət tənqid olunur-Foto

“Qış bulvar”ına görə hökumət tənqid olunur-Foto

17-05-2013, 15:10
Oxunub: 4 376 Hacıbala Abutalıbov hökuməti dünyada biabır edir
Bu gün Hollandiyada “Qış bulvarı”na görə evləri yıxılanların problemi müzakirəyə çıxarılacaq
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Azərbaycanı və təmsil olunduğu hökuməti dünyada biabır etməkdədir. Belə ki, mayın 17-də, yəni bu gün Hollandiyada təşkil olunacaq konfransda Azərbaycanda mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması müzakirə olunacaq. Konfransda xüsusilə Bakının mərkəzi küçələrində vətəndaşların evlərinin sökülməsi zamanı yol verilən qanunsuzluqlar, mənzil sahiblərinin zorla evlərindən çıxarılması, hökumət tərəfindən onları qane edəcək səviyyədə kompensasiyaların ödənilməməsi barədə çıxışların olacağı gözlənilir.
Tədbirin hansı qurumlar və kimlər tərəfindən təşkil olunduğunu dəqiqləşdirə bilməsək də, fakt budur ki, bu gün Avropanın ən sivil dövlətlərindən birində Azərbaycanda insan haqlarının pozulması müzakirə olunacaq.
Məlumatı verən mənbənin sözlərinə görə, konfransda “Qış bulvarı” layihəsinə görə, mülkiyyət sahiblərinin hüquqlarının kobud surətdə pozulmasına ayrıca vaxt veriləcək. Konfransda Avropada yaşayan azərbaycanlı mühacirlərdən də iştirak edənlərin olacağı bildirilir.
Bununla belə, Bakının mərkəzində 3 ildən artıqdır davam edən söküntü işləri tam qanunsuzluqla həyat keçirilir və söküntünü miqyası günbəgün genişlənir. Bu günlərdə paytaxt meri özü də köçürüləcək küçələrin siyahısını açıqlamışdı. Amma “Human Rights Watch” təşkilatının yaydığı hesabatda qeyd olunurdu ki, “Qış bulvarı”na görə, vətəndaşların mülkiyyət hüquqları tapdanıb və parkın açılışı ilə bağlı təşkil olunan şənlik mərasimi evi yıxılanların vəziyyətinə tərs mütənasibdir. Bu hesabat parkın açılışından qısa vaxt öncə yayılmışdı. Mənbə güman edir ki, hesabatdan sonra bu problemin Hollandiyada müzakirəyə çıxarılması təsadüfi deyil. Məhz hesabatdan sonra planlaşdırılan bir konfransdır və burada dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edəcək. Qaynağımızın sözlərinə görə, ümumilikdə dünyada hökumətlərin mülkiyyət haqlarına münasibəti müzakirəsi mövzusu olacaq. “Azərbaycan kimi insan haqlarının hər addımbaşı pozulduğu ölkələrdən nümayəndələr konfransda iştirak edəcək və xüsusilə mənzillərin sökülməsinə diqqət ayrılacaq. Eyni zamanda kommersiya obyektlərinin, iri ticarət mərkəzlərinin, özəl və ictimai mülkiyyət haqlarının pozulması məsələləri gündəmə gətiriləcək”- deyə, mənbə vurğuladı. Mülkiyyət hüquqlarını məhkəmələrdə müdafiə edənlərdən biri, “Qış bulvarı”nın qurbanı Solmaz Qafarova deyir ki, Avropa Məhkəməsinə qədər mübarizə aparacaq. D.Əliyeva 183 ünvanında yaşayan S.Qafarova evlərin sökülməsi, vətəndaşların mənzillərindən çıxarılması zamanı tam bir fəlakət yaşandığını bildirir. O, İqtisad Məhkəməsinə müraciət edib və söküntünün dayandırılması barədə qərar çıxarılıb. Ancaq Abutalıbov məhkəmə qərarını saymır. S.Qafarova ədalətli kompensasiya verilməsini tələb edir. O, yerli məhkəmələrdə mülkiyyət hüquqlarını bərpa edə bilməsə, Avropa Məhkəməsinə üz tutacaq. Son xəbərə görə, artıq məhkəməyə müraciət edən narazı sakinlərin sayı 300 nəfərdən çoxdur. Məsələnin Avropa Məhkəməsinə qədər aparılacağını deyən sakinlər bütün bunlara görə hakimiyyət orqanlarının günahkar bilir. Vətəndaşlara mülkün kvadrat metrinə görə, 1500 manat ödənilir. Bu ərazilərdə isə mənzilin kvadratı 2 min manatdan aşağı deyil. Hazırda yerli məhkəmələrdə çəkişən vətəndaşlar ümid etmir ki, məsələ burada həll olunacaq. Onlar Avropa Məhkəməsinin hökuməti cərimələyəcəyini ehtimal edir. Ümumiyyətlə, 2011-ci ildə verilən sərəncama əsasən Füzuli, Ş.Bədəlbəyli, Vidadi, B.Səfəroğlu, M.Əliyev, R.Rza, M.İbrahimov küçələrində olan tikililər yerlə-yeksan olunacaq. Söküntü bumu Nizami küçəsinə qədər davam edəcək. Hələ bu barədə “Yeni Müsavat” olaraq məlumat vermişdik ki, hökumət “Qış bulvarı” adından sui-istifadə edir. Vətəndaşların mülkiyyəti dəyər-dəyməzə alınıb kommersiya (inşaat) şirkətlərinə satılır. Artıq yazdıqlarımız sakinlər tərəfindən də təsdiqlənir. Əslində isə plana görə, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində sökülən evlərin yerində “Qış bulvarı” salınmalıdır. Ancaq söküntünün miqyası qanunsuz olaraq genişləndirilir. Sakinlər onu da bildirirlər ki, "Effekt 2011" MMC adlı tikinti şirkəti M.Əliyev və D.Əliyeva küçələrində söküləcək evlərin yerində binalar ucaldacaq. Hökumət isə Bakının mərkəzində abadlaşdırma işləri ilə əlaqədar evləri sökülən sakinlərə bazar qiymətlərinə uyğun kompensasiyalar ödədiyini deyir.