BolgeXeber.Com » Gündəm » Baş bankirin başı üzərində qara buludlar gəzir

Baş bankirin başı üzərində qara buludlar gəzir

18-05-2013, 12:15
Oxunub: 4 479 Baş bankir necə sındırıldı...
Elman Rüstəmovun başı üzərində qara buludlar gəzir
Beynəlxalq Bankın şefi Mərkəzi Bankın rəhbərini öz təsiri altına salıb; bir nömrəli bankir Cahangir Hacıyevə öz patronu kimi itaət edir; E.Rüstəmov Fəxri Xiyabanda 30 dəqiqə öz “tabeçiliyindəki” işçini niyə gözləyib...
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev hazırda bank sektorunda ən önəmli simaya çevrilib. C.Hacıyevin bank sektorunda mövqeləri o dərəcədə güclənib ki, ənənəvi rəqibi olan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu da küncə sıxmağı bacarıb. Bu barədə “Yeni Müsavat”a bank sektorundakı mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, iqtidardakı ən qüdrətli, nüfuzlu məmurlardan biri ilə qohum olandan sonra daha da güclənən C.Hacıyev rəqiblərini sürətlə zərərsizləşdirməyə başlayıb.
“Royalbank” da daxil olmaqla bir neçə bankı sıradan çıxaran, bəzilərini öz nəzarətində götürən C.Hacıyev ənənəvi rəqibi, bir çox məsələlərdə ona qırmızı işıq yandırmağı bacaran E.Rüstəmovu məğlub edə bilib. Mənbə bildirir ki, indi artıq E.Rüstəmov onunla hesablaşmağa başlayıb.
Mənbənin iddiasına görə, artıq Mərkəzi Bankda qəbul edilən qərarlarda C.Hacıyevin rəyi əsas götürülür: “Ötən ilin avqustun 1-dən Mərkəzi Bankın bankların nizamnamə kapitalına minimal tələbin 10 milyon manatdan 50 milyon manata qaldırılması barədə qərarı da C.Hacıyevin təkidi ilə qəbul edilib. Bu qərara görə, bu il 43 bankdan təxminən yarısının sıradan çıxması gözlənilir. Sıradan çıxan bankların bazardakı yerini isə Beynəlxalq Bankın tutacağı şübhə doğurmur.
E.Rüstəmovla C.Hacıyev arasındakı qarşıdurma illərdir davam edirdi. Son 1 ildə bu qarşıdurma daha da şiddətlənmişdi. Lakin C.Hacıyevin yeni və uğurlu qohumluq münasibətləri qurması onun mövqelərini daha da gücləndirdi və hakimiyyət iyerarxiyasında onu E.Rüstəmovdan üstün duruma çıxartdı“.
Bank sistemindəki durumu mənbəmiz bu cür təsvir edir: “Hazırda Azərbaycanın bank sektorunu Cahangir Hacıyev fırladır. Bank sistemində indi belə bir yarızarafat-yarıciddi deyim yaranıb ki, Elman Rüstəmov Cahangir Hacıyevin patronajlığı altında Mərkəzi Bankın sədri vəzifəsində işləyir. Həqiqətən də E.Rüstəmov deyilən vəziyyətdədir. O, Cahangir Hacıyevi özünün rəhbəri, böyüyü kimi qəbul edir. Onun bir sözünü iki eləmir, edə bilmir. Hətta bir çox məsələlərdə Hacıyevdən məsləhət alır, onun tapşırıqlarını qeyd-şərtsiz icra edir”.
Məlumat qaynağı Rüstəmov-Hacıyev münasibətləri haqda olduqca sensasion bir məlumat da verdi. Mənbənin iddiasına görə, mərhum prezident Heydər Əliyevin 90 illik yubiley tədbirində Fəxri Xiyabanda ziyarət zamanı son dərəcə müdhiş olay yaşanıb. Deyilənə görə, bank sektorunun nümayəndələri Xiyabanda sabiq prezidentin məzarını ziyarət etmək üçün toplaşıblar. Xeyli keçməsinə baxmayaraq bankçılardan ibarət kalon hərəkət etməyib. Bir müddət sonra məlum olub ki, Cahangir Hacıyev gəlib çıxmadığı üçün Elman Rüstəmov yerindən tərpənmirmiş. C.Hacıyev yarım saatdan sonra gəlib və bundan sonra ziyarət baş tutub. Hadisənin şahidi olan bankirlərdən birinin verdiyi məlumata görə, E.Rüstəmov H.Əliyevin məzarı önündə də “protokolu” gözləyib: ilk olaraq C.Hacıyev baş əyib, sonra E.Rüstəmov...
***
İqtidarın iqtisadi sektoruna aid fiqurlar arasındakı münasibətlər sistemi adətən medianın və ictimaiyyətin gözündən kənarda qalır. “Pul adamları” generallar, güc nazirləri, Administrasiya bosları, hətta YAP-ın siyasi fiqurları qədər maraq kəsb etmir. Lakin bir qədər dərinə gedəndə anlayırsan ki, bu sektordakı münasibətlər sistemi, buraya aid gəlişmə və detallar, gizli savaş və ittifaqlar əslində ən diqqət ediləsi, ən ciddi faktordur. Bu baxımdan, qəzetimiz arada-bərədə əlləri sözün həqiqi mənasında pulla oynayan iqtidar kassirlərinin “həyat və yaradıcılıqları” barədəki yazıları intensivləşdirməyə qərar verib.
Mövzularsa kifayət qədərdir. Onları təşkil edən faktlar, detallar, gizli bilgilərə də çıxmaq imkanları yox deyil.
Məsələn, yalnız Elman Rüstəmov barədə bilgilərin sistemləşdirildiyi bir neçə başlıq sadalayaq:
- E.Rüstəmovun oğlu Elçin Rüstəmovun London sərgüzəştləri haqda hansı detallı bilgilər var?
- Baş bankirin oğlunun İngiltərədəki eyş-işrət məclislərində çəkilmiş video və foto görüntüləri Azərbaycana necə və niyə göndərilib?
- Elman Rüstəmovun iş adamı Akif Kərimovla və “Şapka Mamed”lə özəl münasibətləri haqda bilgiləri mətbuata hansı dairələr və nə üçün sızdırıb?
- Elman Rüstəmov İpoteka Fonduna ofis tikmək üçün yer alarkən hansı maxinasiyalara əl atıb? Dövlətin 10 milyon manat vəsaitini baş bankir kimlərin əli ilə mənimsəyib?
- “Muğanbank”ın rəhbəri Elmir Mehdiyev (Odlar yurdu universitetinin rektoru, deputat Əhməd Vəliyevin kürəkəni. “Muğanbank”ın əslində Ə.Vəliyevə məxsus olduğu deyilir—red) İpoteka Fonduna yeri nəyin müqabilində Elman Rüstəmova verib?
- “Muğanbank” üzərindən çirkli pulların transferini həyata keçirən mütəşəkkil dəstəyə kim(lər) başçılıq edir?
Bu başlıqlardakı bilgilərin, foto və görüntülərin ictimai məhsul olması isə gün məsələsidir.
Bolgexeber.com