BolgeXeber.Com » Gündəm » Orta məktəbi bitirən bütün məzunlara attestat veriləcək

Orta məktəbi bitirən bütün məzunlara attestat veriləcək

24-05-2013, 14:40
Oxunub: 4 649 11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər almaq şərti ilə buraxılış imtahanlarına buraxılacaqlar
Azərbaycan Respublikasının Prezidenti Təhsil Nazirliyinin təşəbbüsünü dəstəkləyərək bir daha nümayiş etdi ki, o hər bir Azərbaycan vətəndaşının Prezidenti, hər bir məzun üçün bərabər imkanların yaradılmasının tərəfdarıdır”. Təhsil Nazirliyinin mətbuat xidmətindən Bolgxeber.com-a verilən məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirliyin məlumatına görə, təhsil nazirinin prezident İlham Əliyevə müraciəti əsasında ölkə prezidenti tərəfindən orta məktəbləri bitirən şagirdlərin hamısına attestatların verilməsi ilə bağlı təklifin araşdırılması prosesinin sürətləndirilməsi üçün tapşırıq verilib. Tapşırıq əsasında müvafiq dövlət orqanları qısa müddət ərzində məsələnin araşdırılması prosesini yekunlaşdıraraq öz təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediblər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib.

Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.

11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.
Bu qərar nəticəsində məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanları yaranacaq.

Qeyd edilməlidir ki, 2010, 2011 və 2012-ci illərdə attestat almayan şagirdlərin sayı müvafiq olaraq məzunların ümümi sayının 22, 24 və 10.5%-i qədər olub.