BolgeXeber.Com » Gündəm » Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu - RƏSMİ

Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu - RƏSMİ

24-06-2020, 14:14
Oxunub: 4 730 Dünən koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın Səhiyyə Nazirliyi, stasionar müalicənin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən həyata keçirilməsi barədə məlumat yayılıb.
Səhiyyə Nazirliyindən  bildirilib ki, dövlət tibb müəssisələrinin idarə edilməsi Prezident İlham Əliyevin fərmanı ilə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) həvalə olunub:
“Nazirlər Kabineti yanında operativ qərargah müvəqqəti olaraq Səhiyyə Nazirliyinə Bakı şəhərindəki poliklinikalara metodiki tövsiyələr verməyi tapşırıb”.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – TƏBİB) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılıb. Fərmanın icrası məqsədilə 12 apreldə Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. Qərar 2020-ci ilin yanvarın 1-də qüvvəyə minib.
TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. 
Qeyd edək ki, bu qərarla ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur. Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.