BolgeXeber.Com » Gündəm » Müəmmalı ölüm işinə görə icra Elmar Vəliyevin yaxınlarına ittiham

Müəmmalı ölüm işinə görə icra Elmar Vəliyevin yaxınlarına ittiham

27-05-2013, 12:15
Oxunub: 4 845 Abuzər Cəfərli: “Qardaşımın ölümündə Elmar Vəliyevin qohumlarından şübhələnirəm”
“Qardaşım Cəfərov Azər Talış oğlunun Yevlaxda müəmmalı ölümündən iki aya yaxın vaxt keçsə də, prokurorluq bu iş üzrə araşdırma aparmır və bizə heç bir məlumat vermir”. Bunu “Yeni Müsavat”a jurnalist, hüquq müdafiəçisi Abuzər Cəfərli deyib.
Onun sözlərinə görə, qardaşı martın 31-də Yevlax rayonunda müəmmalı şəkildə ölüb, onun yol qəzası nəticəsində öldüyü rəsmiləşdirilsə də, yaxınları buna inanmırlar. A.Cəfərli bildirib ki, rəsmi məlumatda deyildiyi kimi qardaşı sıradan bir avtoqəzanın qurbanı olmayıb. Onun öldürülməsi şübhəsi var və istintaq orqanları faktı gizlədirlər.

A.Cəfərlinin sözlərinə görə, onların bu işlə bağlı şübhələrinin olmasının əsasən bir neçə səbəbi var. Belə ki, hadisədən sonra özünü Yevlaxın keçmiş icra başçısı, Gəncənin indiki icra başçısı olan Elmar Vəliyevin bacanağı kimi təqdim edən və “Azernerji” ASC-nin Yevlax şöbəsində yüksək vəzifədə çalışan Fikrət adlı şəxs ona zəng edərək bu ölüm işində onların əlinin olmadığını deyib: “Biz ondan heç nə soruşmamışdıq. Belə olan halda özünü Elmar Vəliyevin bacanağı kimi təqdim edən şəxsin zəng edib bu cür danışması istər-istəməz bizdə şübhələr yaradır. Biz ölüm faktı ilə bağlı cinayət işi açılmasını istəyirik. Amma cinayət işi açılmayıb.

Faktiki olaraq iş ört-basdır edilir. Ekspertizanın rəyində isə bildirilir ki, hamar küt alətin zərbəsi nəticəsində kəllə beyin çanaq sümüyü qırılıb. Bu necə qəzadı, necə maşınla vurulub ki, ancaq başından və gözünün altından zərbə alıb".

A.Cəfərlinin sözlərinə görə, hadisədən bir müddət əvvəl apardığı araşdırmaya görə onu hədələyiblər.

A.Cəfərli bildirir ki, bir müddət əvvəl anası Adilə Cəfərovanın yanına Yevlaxdan olan 3 qadın gəlib. Həmin qadınlar anaya deyiblər ki, 20 min manat müqabilində oğlu Abuzər Cəfərlini öldürtdürə bilərlər. Həmin qadınlar E.Vəliyevin yaxın adamı (bəzi məlumatlara görə, xalası oğlu) Bərdə RİH başçısı Vidadi İsayevin yaxın qohumları olub.

Qeyd edək ki, bu ölüm hadisəsi ilə bağlı mətbuatda xəbər getdiyi ilk günlərdə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirmişdi ki, A.Cəfərli bu məsələ ilə bağlı 3 dəfə ona müraciət edib: “Biz bu məsələni araşdırıb mətbuata məlumat verəcəyik”.

Yevlax rayon prokurorluğunun müstəntiqi Vidadi Həsənov da mətbuata açıqlamasında həqiqətən də belə bir ölüm faktının qeydə alındığını demişdi: “Amma bunun sui-qəsd olması tərəfimizdən apardığımız araşdırma nəticəsində təsdiq olunmadığından və qarşı tərəfin şikayəti olduğundan iş araşdırılmaq üçün Baş Prokurorluğa göndərilib”.

Məsələ ilə bağlı yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Teymur HƏSƏNLİ