BolgeXeber.Com » Gündəm » İlham Əliyev: "Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın"

İlham Əliyev: "Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın"

31-07-2020, 09:30
Oxunub: 2 760 "Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanmışdır. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak etdiyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, yenə də biz lazımi avadanlığı gətirə bilmirdik. xüsusilə pandemiyanın ilk mərhələsində ki, dünyada çox böyük ajiotaj var idi".
Bolgexeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.
Dövlət başçısı bildirib: "Bütün bu işlərin nəticəsində biz ilk günlərdən xəstəliyi nəzarət altında saxlayırıq. İlk günlərdən həm Azərbaycan vətəndaşları, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bizim işlərimizə çox yüksək qiymət verildi. Mən bu günə qədər yerlərdən təşəkkür məktubları alıram ki, Azərbaycan dövləti bütün bu işləri operativ qaydada təşkil edib və insanların sağlamlığını təmin edib. Beynəlxalq təşkilatların mövqeyi də müsbətdir. Ümumdünya Səhiyyə Təşkilatı bizim fəaliyyətimizi nümunəvi fəaliyyət kimi dəyərləndirmişdir. Hesab edirəm ki, may ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik. Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür".
"Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.
Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik", - Prezident İlham Əliyev qeyd edib.