BolgeXeber.Com » Gündəm » Qurban Məmmədovun həbsi ilə bağlı rəsmi açıqlama

Qurban Məmmədovun həbsi ilə bağlı rəsmi açıqlama

5-06-2013, 13:35
Oxunub: 4 601 Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədovun barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri semilməsi ilə bağlı məlumat yayıb. Bizimyol.info-ya daxil olan məlumatda deyilir:

"27 sentyabr 2012-ci il tarixdə Bakı şəhər sakini Qurban Məmmədov idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirməsi faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə şahidlər dindirilmiş, müvafiq ekspertizalar, o cümədən məhkəmə-tibb ekspertizası təyin edilərək rəylər alınmış və digər prosessual hərəkətlər aparılmışdır.
Kifayət qədər əsaslar olduğundan Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.
İstintaqın gedişində zərərçəkmiş P.Abbasov müraciət edərək Q. Məmmədovun ona hədə-qorxu gələrək istintaqa verdiyi ifadələri dəyişməsini tələb etmiş, əks təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə təhdid etməsini bildirmişdir.
Q.Məmmədov istintaq dövründə ziddiyətli ifadələr verməklə hadisənin mexanizmini dəyişməyə dəfələrlə cəhd etdiyindən, zərərçəkmiş P.Abbasova qanunsuz təsir göstərdiyindən və istintaq orqanının çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir."
Qeyd edək ki, Qurban Məmmədov barəsində dünən səhər saatlarında Nəsimi rayon Polis İdarəsinə çağırılan Qurban Məmmədov axşam saatlarında Nəsimi rayon Məkəməsinə aparılaraq, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 263.1 maddəsinə əsasən avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qurban Məmmədov həbs olunmamışdan əvvəl facebook səhifəsində həbs olunma ehtimalının olması barədə status yazıb və bunu siyasi fəaliyyəti ilə əlaqələndirib.
Qurban Məmmədovun qardaşı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Qurban Məmmədovun həbsini Milli Şurada aktiv siyasi fəaliyyəti, radikal çıxışları ilə əlaqələndirib.