BolgeXeber.Com » Gündəm » Cəbhəyanı bölgələrdə sakinlər öz doğma yurdlarını tərk etmir, ordumuza dəstək olurlar

Cəbhəyanı bölgələrdə sakinlər öz doğma yurdlarını tərk etmir, ordumuza dəstək olurlar

5-10-2020, 14:25
Oxunub: 4 100 BÖLGƏ TV-nin əməkdaşları cəbhəyanı bölgələrdə- Bərdə, Ağdam, Tərtər rayonlarında olublar  və sakinlərlə söhbət ediblər.
Məlumdur ki, son günlər Azərbaycanın yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən intensiv olaraq  atəşə tutulması davam edir. 
 Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə  mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutur.
Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar olmuş, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəymişdir.
Halbuki, beynəlxalq humanitar hüquq əsas prinsip kimi hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb edir.
 
Ermənistan silahlı qüvvələri Tərtər şəhərini və ətraf kəndləri də artilleriya atəşinə tutur. 
Məlumata görə, oktyabrın 4-ü gün ərzində rayona düşmən tərəfindən 400-ə yaxın top mərmiləri atılıb. Onlardan 100-ü şəhərin mərkəzinə düşüb. 
Nəticədə mülki evlərə, mülki obyektlərə, inzibati ərazilərə ziyan dəyib. 
Hazırda döyüşlər davam edir. 
Lakin bütün bunlara baxmayaraq Bərdə, Ağdam, Tərtər rayonlarında  yaşayan əhali öz evlərini tərk etmir. 
Bunu bölgədə yaşayan sakinlər əməkdaşlarımızla söhbətlərində bildiriblər.Yaşayış evləri yararsız hala düşsə də, cəbhəyanı kəndlərin sakinləri öz doğma yurdlarını tərk etmir, cəbhə xəttində Ermənistan silahlı qüvvələri ilə üz-üzə mətin dayanıblar və prezidentin addımlarını dəstəkləyirlər, ordumuzun qələbəsinə inanırlar, ona dəstək olurlar.
Əməkdaşlarımız əhali arasında böyük ruh yüksəkliyi hökm sürməsinin, vətəndaşların müharibə şəraitinə baxmayaraq öz gündəlik işləri ilə məşğul olmasının şahidi olublar.
 
Müzəffər Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını müvəffəqiyyətlə alması, əks-hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanır.
 Bərdə, Ağdam, Tərtər rayonlarında sakinlər əhalinin təhlükəsizliyini , ictimai asayişi qoruyan , tam təmin edən əsgərlərimizə və yerli Polis Şöbələrinin əməkdaşlarına təşəkkürlərini bildirdilər , onlara bütün qüvvələri ilə dəstək olmalarını ifadə etmişlər.
Vasif Turan
BÖLGƏ TV