BolgeXeber.Com » Gündəm » BNA-nın tenderləri kütləvi ləğv olunub - Nə baş verir?

BNA-nın tenderləri kütləvi ləğv olunub - Nə baş verir?

22-10-2020, 12:30
Oxunub: 1 056 Bakı Nəqliyyat Agentliyi (BNA) və onun tabeliyində olan “Bakubus” MMC tərəfindən elan olunan tender və kotirovka sorğuları ləğv olunub.

“MediaPost” xəbər verir ki, bu barədə dövri mətbuatda elanlar dərc olunub.

Belə ki, BNA tərəfindən “Piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) satın alınması, quraşdırılması və 1 (bir) illik texniki xidmət”in satın alınması və “Avtonəqliyyat vasitələrinin sürtkü materialları ilə təminatı, dövri texniki baxımı və təmiri xidmətləri”nin satın alınması məqsədi ilə elan olunmuş açıq (elektron) tender prosedurları “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2. bəndinə əsasən ləğv edilib.

BNA tərəfindən 20 oktyabr 2020-ci ildə dərc olunan Agentliyin balansında olan Füzuli və Mirzağa Əliyev küçələri arasında, habelə Neftçilər prospektində - Hökümət Evinin qarşısında yerləşən yeraltı avtomobil dayanacaqlarında eskalator və liftlərdə olan nasazlıqların aradan qaldırılması və eləcə də, eyni ünvanda yerləşən yeraltı avtomobil dayanacaqlarının yanğın təhlükəsizliyi və havalandırma sistemlərində olan nasazlıqların aradan qaldırılması məqsədi ilə lazım olan mal, iş və xidmətlərin satın alınması məqsədilə elan edilən 2 tender etibarsız hesab edilib.

Eləcə də, BNA-nın tabeliyində fəaliyyət göstərən “Bakubus” MMC-nin elan etdiyi tender və kotirovka sorğusu ləğv olunub. Belə ki, qurum tərəfindən elan olunmuş xüsusi geyim formalarının satınalınması məqsədi ilə elan olunan elektron tender və Cəmiyyətin balansında olan xidməti avtomobillərin sürtkü materialları ilə təminatı, dövri texniki baxımı və təmiri xidmətlərinin”nin satınalınması məqsədi ilə elan olunan kotirovka sorğusu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 15.10.2020-ci il tarirxli məktubuna və “Dövlət satınalmaları haqqında” qanunun 11.2 ci maddəsnin tələblərinə əsasən ləğv edilib.

Qeyd edək ki, əksər tender elanları “Dövlət Satınalmaları haqqında” Qanununun 11.2. bəndinə əsasən ləğv edilib. Həmin bəndə əsasən satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə, tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda və tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər.