BolgeXeber.Com » Gündəm » Elşad Abdullayev yenə gündəmdə

Elşad Abdullayev yenə gündəmdə

20-06-2013, 16:10
Oxunub: 4 087 Fəaliyyəti dayandırılan ABU-nun sabiq rektoru, hazırda Fransaya qaçaraq tez-tez yaşadığı ünvanı dəyişən Elşad Abdullayevin ötən gün yeni bir müraciəti yayımlanıb. İddia olunur ki, Abdullayev sözügedən müraciətə hazırda həbsdə olan, iyunun 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prosesi davam edən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı, iş adamı Arzu Kazımovla aralarındakı telefon danışığını da audioyazıya əlavə edib. Elşad Abdullayevin müraciətində iddia etdiyi fikirlərlə bağlı sabiq deputatın vəkili Ramiz Zeynalov vətəninfo.az-a bildirib ki, Elşad Abdullayevin bu yalan və böhtanla dolu müraciətinə sabah keçiriləcək məhkəmə prosesində cavab veriləcək.
“Bir məsələni də sizin vasitənizlə içtimaiyyətin diqqətinə çatdırım ki, Elşad Abdullayev son müraciəti ilə konkret hansı vəziyyətdə olduğunu və bu günə kimi səsləndirdiyi ittihamların yalan və böhtanla dolu olduğunu bir daha sübuta yetirmiş oldu. Elşad Abdullayev son nəfəsini verir. Onun üçün yeganə yol, gəlib törətdiyi cinayətlərə görə hüquq- mühafizə orqanlarına təslim olmaqdı”.
Ramiz Zeynalovun sözlərinə görə, Elşad Abdullayev elə bir vəziyyətdədir ki, o artıq ona və onun nəslinə çörək vermiş, ölkə prezidenti İlham Əliyevin mərhum əmisi Aqil Əliyevə belə şər və böhtan atmağa başlayıb. Elşad Abdullayev gözəl bilir ki, qardaşı Mahir Abdullayevi məhz o özü öldürtdürüb: “Bu adam ondan 1 milyon tələb edən bacısı oğlu Azad Mürsəliyevi və onunla birlikdə başqa bir şəxsi Binəqədi rayon Prokurorluğuna şikayət etmədiyini də deyirdi. Bu adam qardaşı Eldəniz Abdullayevin “Qurd Qapısı” restoranında zəhərlənərək danışıq qabiliyyətini itirdiyini də iddia edirdi. Amma məhkəmədə Eldəniz Abdullayevin oğlu ifadə verən zaman atasının keçirdiyi infarkla əlaqədar danışıq qabiliyyətini itirdiyini bildirdi. E.Abdullayevin yaxın qohumu, qardaşı oğlu belə onun dediklərinin yalan olduğunu üzə çıxardı. Artıq bu adam bitib. Bitən adam da məcburən sağa-sola zərər verməyə başlayır”.