BolgeXeber.Com » Gündəm » Bank VTB internat evində böyüyən döyüşçünün ailəsini aldatdı

Bank VTB internat evində böyüyən döyüşçünün ailəsini aldatdı

18-11-2020, 12:58
Oxunub: 3 482 Bank VTB hazırda döyüş bölgəsində olan Elçin Əhmədovun ailəsini aldadıb.
Musavat.com xəbər verir ki, bank döyüşçünün banka olan borcunu bağlayacağını desə də, sonradan krediti sadəcə dondura biləcəyini bildirib.
Oxucularımız yəqin ki, Elçin Əhmədov barədə məlumatlıdır. Elçin Əhmədov könüllü olaraq Vətən müharibəsində iştirak edən döyüşçülərimizdəndir. O, işğaldan azad edilmiş torpaqlarımızda tikilinin üzərinə yazdığı "Maştağa, 1 nömrəli İnternat" şəkli ilə gündəm olmuşdu.
Elçin Əhmədov və iki qardaşı internat evində böyüyüb. Qardaşlar valideynlərini kiçik yaşları olan zaman avtomobil qəzasında itiriblər.
Bu foto sosial şəbəkələrdə geniş yayıldıqdan sonra hər kəs Elçini axtarmağa başladı. Elə biz də Elçin Əhmədovla, onun ailə üzvləri ilə danışdıq. Elçin Əhmədov kimi qəhrəmanlarımızı hər kəsin tanımasını istədik və onun ailəsindən videoreportaj da hazırladıq. Həmin videoreportajı aşağıdakı linkdə izləyə bilərsiniz.
Elçinlə, onun ailə üzvləri ilə danışdığımız zamanı hər hansı xüsusi bir istəkləri, ehtiyacları olmadı. Amma həmin ərəfədə sosial şəbəkələrdə Elçin Əhmədovun banka borcunun olması söhbəti də yayıldı.

Elçin isə bizimlə danışığı zamanı bildirdi ki, borcunu özü qayıtdıqdan sonra ödəyə bilər. Amma sosial şəbəkə istifadəçiləri bankın təşəbbüs göstərərək borcu bağlaması üçün paylaşımlar və müraciətlər etdilər. Sosial şəbəkələrdə hətta Elçinin banka olan borcunu kampaniya təşkil edərək vətəndaşlar tərəfindən ödənilməsi də təklif edildi. Elçin isə buna etiraz etdi və bildirdi ki, hərbi xidmətə yola düşüənə qədər SOCAR-da işləyib və indi də maaş alır. Elçin borcunu özünün ödəyə biləcəyini dedi.
Amma sosial şəbəkələrdə borcun bağlanması üçün banka müraciətlər davam etdi. Bundan əvvəl isə Elçin Əhmədovun qardaşı Rəşad Əhmədov kreditin dondurulması üçün banka müraciət etmişdi.
Bank VTB nə etdi?
Noyabrın 14-də Rəşadla danışan zaman bildirdi ki, bankdan onunla əlaqə saxlayıblar və bildiriblər ki, döyüşçümüzün krediti silinəcək.
Buna görə də Rəşad Əhmədov noyabrın 16-da banka dəvət olunduğunu dedi. Amma Rəşad dünən banka gedən zaman başqa mənzərənin şahidi olub. Bankda Rəşada bildiriblər ki, onu banka dəvət etməkdə məqsədləri kreditin dondurulması imiş.
Rəşad isə noyabrın 14-də edilən zəngi xatırladıb. Lakin bank nədənsə belə bir zəngin olmadığını deyib. Rəşad bankdan çıxan zaman ona həmin gün 16:00-dək xəbər gözləməyi məsləhət biliblər. 16:00-da edilən zəngdə də Rəşada kreditin yalnız dondurulacağı deyilib.
Rəşadla danışandan sonra bankın bu qərarını və ya qərarsızlığının səbəbini düşünürəm. Əvvəl ictimai qınağı, sosial tələbi nəzərə alan bank krediti bağlayacağını deyirsə, iki gün sonra qərarı niyə dəyişir?