BolgeXeber.Com » Gündəm » Karantin rejimi uzadıla bilərmi? – NƏ BAŞ VERİR?

Karantin rejimi uzadıla bilərmi? – NƏ BAŞ VERİR?

7-01-2021, 09:52
Oxunub: 936 Son bir həftədir ki, Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma hiss olunur. Həftə ərzində dalğavari statistika hiss olunsa da, yoluxma sayı əsasən 1000-dən az olur. Belə ki, yanvarın 4-də ölkədə yoluxma sayı 334 nəfər idisə, 5 yanvarda bu say 802 nəfər olub. Bundan əvvəl də bu cür dalğavari statistika müşahidə edilmişdi. Bununla belə, hələlik virusdan dünyasını dəyişənlərin sayında o qədər də dəyişiklik hiss olunmur. Son bir həftədə koronavirusdan gündəlik ölənlərin sayı 28-32 nəfər arasında dəyişir. 5 yanvar tarixində virusdan ölənlərin sayı 31 nəfər olub.
Koronavirusun ölkə üzrə yoluxma statistikasına görə ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. Bununla Azərbaycanda virusa yoluxanların 52.1 faizi paytaxtın payına düşür.
Paytaxtda ən çox yoluxma halları isə Binəqədi rayonundadır (15%). Bundan başqa, Xətai rayonunda 13,1 faiz, Yasamal rayonunda isə 12,2 faiz yoluxma qeydə alınıb.
Digər rayonlarda isə vəziyyət belədir:
Sabunçuda 10,7 faiz, Nəsimidə 7,9 faiz, Suraxanıda və Nərimanovda 8,2 faiz, Nizamidə 7 faiz, Xəzərdə 6,8 faiz, Qaradağda 5,4 faiz, Səbaildə və Pirallahıda isə 0,5 faiz yoluxma halı qeydə alınıb.
Bundan başqa, Aranda 13.4 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.
Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.
Beləliklə, Azərbaycanda ötən ilin 14 dekabrından tətbiq oluna sərt karantin rejiminin müsbət nəticələri özünü göstərməkdədir. Mütəxəssislər qeyd edir ki, tendenisya bu cür davam etsə, daha yaxşı nəticələr əldə etmək mümkündür. Bunun üçün də sərt karantin rejiminin daha da uzadılmasına ehtiyac var.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunsa da dünya ölkələri üçün bunu demək mümkün deyil. Təkcə ötən gün Böyük Britaniyada bir gündə 60 min nəfərin koronavirusa yoluxması qeydə alınıb. Əlbəttə ki, bu, rekord göstəricidir. Krallıqda artan koronavirus hadisələrinə nəzarət etmək üçün karantin rejimi daha da sərtləşdirilib. Onu da əlavə edək ki, İngiltərədə dekabr ayının əvvəlindən Pfizer-BioNTech şirkətinin, yanvar ayının 4-dən isə Oksford-AstraZeneca tərəfindən hazırlanan peyvəndlərin istifadəsinə başlanılıb.
Təkcə İngiltərədə deyil, Almaniyada, Danimarkada və başqa Avropa ölkələrində koronavirus tüğyan etdiyi üçün daha sərt karantin rejimi tətbiq edilməyə başlayıb. Sərt karantin rejiminin yanvarın ayının sonuna qədər davam ediləcəyi açıqlanıb.
Xatırladaq ki, ölkəmizdə ötən ilin 14 dekabrından tətbiq edilən sərt karantin rejimi yanvarın 18-dək davam edəcək. Sərt karantin rejimi yanvarın 18-dən sonra uzadıla bilərmi?
Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb:
“Son durum onu göstərir ki, ölkəmizdə virusa yoluxanların sayı getdikcə azalmağa başlayıb. Hər halda, ciddi şəkildə azalıb. Bu tendensiya ölüm saylarında da özünü göstərməkdədir. Düşünürəm ki, yaxın bir neçə gün ərzində ölüm sayında da dəyişiklik diqqət çəkən olacaq.
Rəsmi statistikadan başqa həm də bir həkim kimi bu prosesi izləyərək deyə bilərəm ki, əvvəllər xeyli sayda koronavirusa yoluxmuş xəstələri qəbul edirdiksə və yaxud telefon zəngləri müraciətləri olurdusa, artıq onların da sayında azalmalar var. Bu o deməkdir ki, insanlar kütləvi immunitetə gedir. Təbii ki, bu proses bir müddət davam edə bilir. Lakin təəssüf ki, rəsmi statistikalarla real yoluxma sayı arasındakı nisbəti dəqiq bilmirik. Çünki yada salsaq ki, 2-3 ay ətrafımızda olan insanların böyük əksəriyyəti evdə müalicə alırdılar, bu baxımdan hesab edirəm ki, tədricən kütləvi immunitetə gedirik.
Əslində cəmiyyət nə qədər sərt karantin rejimindən narahat olsa da hər birimiz bilirik ki, bu, cəmiyyətimiz, fərd olaraq bizim üçündür. Çünki bu virus öldürücüdür. Hesab edirəm ki, yay mövsümündə tətbiq edilən sərt karantin, SMS icazənin tətbiqi özünü necə doğrultmuşdusa, bu gün də bu rejim başlayandan sonra müsbət dinamikanın şahidi oluruq. Bu baxımdan əgər istəyiriksə ki, yaxın aylarda bu bəladan uzaqlaşaq, normal həyata qayıdaq, sərt karantin rejiminin bir qədər də uzadılaraq bu prosesə son verilməsinə “hə” deməyimiz lazımdır.
Artıq dünyanın 50-dən çox ölkəsində, o cümlədən Çində, Amerikada, Kanadada, Avropanın mərkəzi ölkələrində, bir sıra Afrika və Şərq ölkələrində vaksinasiya prosesi başladılıb. Onların bəziləri ötən il dekabrın sonlarından, bəziləri isə bu ilin yanvarın əvvəlindən prosesə start verib. Həmin ölkələrin hansı vaksinə müraciət etdiyi də məlumdur.
Lakin Azərbaycanda vaksinasiya prosesinin dəqiq nə zaman başlayacağı və hansı vaksindən istifadə ediləcəyi məlum deyil. Qeyd edək ki, ölkə Prezidenti ötən gün ölkəmizdə də tezliklə bu prosesin başladılacağı anonsunu verdi. Bununla belə, TƏBİB hələlik bu barədə geniş məlumat verməkdən yayınır. Məsələ ilə bağlı qurumdan “Yeni Müsavat”a bu cür qısa açıqlama verilib:
“Vaksinasiya planı hazırlandıqdan sonra ictimaiyyətə bütün məqamlar açıqlanacaq”.
Xatırladaq ki, TƏBİB qardaş Türkiyə ilə birlikdə eyni gündə vaksinasiya prosesinə başlayacağını açıqlamışdı. Artıq ötən ilin sonunda Türkiyə Çində istehsal olunan “Sinovac” vaksinlərini alıb. Məlumata görə, hazırda Türkiyə vaksinləri Səhiyyə Nazirliyinin laboratoriyalarında yoxlamadan keçirir. Prosesin yanvarın 14-də başa çatacağı gözlənilir. Rəsmi açıqlamalara görə, ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək. Hələlik yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir yoxdur.
Qeyd edək ki, Çinin “Sinovac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. İlkin mərhələdə 50 milyon doza sifariş edilib. İlk növbədə səhiyyə işçiləri arasında peyvəndləmə aparılacaq. Hər kəsə iki dozanın vurulması tövsiyə edilir. Bildirilir ki, vaksinlər 28 günlük fasilə ilə vurulduqda infeksiyaya qarşı daha dözümlü vəziyyət yaradır.
Beləliklə, ölkəmizdə də gözlər Türkiyədə bu prosesin nə zaman başladılmasına dikilib. Vaksinlərin ilk öncə kimlərə tətbiq ediləcəyi məsələsinə gəldikdə isə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov mətbuata açıqlamasında bildirib ki, ənənəvi olaraq birinci mərhələdə əhalinin risk qruplarına aid edilmiş daha həssas hissəsi bu prosesə cəlb olunacaq:
“Ölkədə vaksinasiya prosesi mərhələlərlə həyata keçiriləcək. Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunur. Bu əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar və digərləri aiddir”.
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov qeyd edib ki, ölkədə vaksinasiya prosesinin tezləşdirilməsi vacibdir:
“Vaksinasiya məsələsi yaxın günlərdə başlayarsa, kütləvi immunitetə gedən yolu daha da qısaltmış olacaq. Hesab edirəm ki, bu proseslər mart ayının sonuna qədər vəziyyəti yaxşılaşdırmış olacaq. Yəni dünyanın, bizim həyatımızda virus əhəmiyyətli dərəcədə azalmağa başlayacaq.
Məlum olduğu kimi, ilkin danışıqlardan belə məlum olur ki, ölkəmizə Çində istehsal olunan “Sinovac” vaksinləri gətiriləcək. Ona alternativ isə “Sinopharm” vaksini var. Ola bilər ki, onlar arasında araşdırmalar aparılır. Yəni ortada hansı vaksinin daha keyfiyyətli, daha ekonomik olması ilə bağlı məsələ ola bilər. Ölkəmizdə vaksinasiya prosesinin gecikdirilməsinə səbəb bu proses də ola bilər.
Məsələnin ikinci tərəfi, vaksinlərlə bağlı çoxlu sayda suallar var. Məlum olduğu kimi, artıq bir neçə vaksin mövcuddur. Onların saxlanılması ilə bağlı narahatlıqlar var. Belə ki, bir çox ölkələr mənfi 70 dərəcə tələb olunan şərtləri ödəməkdə çətinlik çəkirlər. Buna görə də vaksinlərdən uzaq dururlar.
Beləliklə, ilkin vaksinlərin keyfiyyətləri barədə müxtəlif fikirlər var. Bəziləri vaksinlərin 74 faiz effektiv olduğunu, bəziləri isə 91 faiz olduğunu deyirlər. Vaksin məsələsi elə bir məsələdir ki, hələ ki vaksinin yüksək keyfiyyəti, özünü doğrultması haqqında birmənalı fikir söyləmək olmur.
“Sinovac” vaksinləri də əsasən İndoneziyada müəyyən sınaqlardan keçib. Lakin hələ də bu proseslərin kütləvi tədqiqatına ehtiyac var. Yəqin ki, yaxın zamanlarda bir sıra ölkələrdə tədqiq olunan vaksinlərin ortaya qoyduğu nəticələr gələcəkdə hansı vaksinin daha dayanıqlı, effektli və təhlükəsiz olduğu haqqında fikir söyləməyə imkan verəcək. Burada çoxmilyonlu tədqiqatlara ehtiyac var. Ola bilər ki, bu tədqiqatlar müxtəlif ölkələrdə müxtəlif cür aparılsın. Zaman olaraq bu vaksinin nə qədər effektiv olacağı, mutasiya olunmuş varinata nə dərəcədə təsir etdiyini görəcəyik.
Lakin pandemiya olduqca təhlükəli bir məsələdir və ortada artıq çox ciddi sayda dünyada, eləcə də ölkəmizdə ölüm faktları var. Yəni öldürücü virusdur. Hər halda, ortada olan, 74 faiz effektli göstərişləri olan vaksin belə bir durumda təcili vaksinasiya üçün qəbul olunandır. Çünki ortadakı ölüm saylarına nəzərən fayda və zərəri tərəziyə qoysaq, hətta vaksinlərin müəyyən riskləri ola bilir. Məsələn, allergiya yaradır və sairə. Bunları da nəzərə alaraq, vaksinasiyanın başlamasının düzgün və məqbul olduğu düşüncəsindəyik.
Bildiyiniz kimi, ÜST də vaksinlərə icazə verərkən fayda və zərəri tərəziyə qoyur, təcili təsdiq üçün yararlığı nəzərə alınaraq icazə verirlər. Yəni bu o deməkdir ki, bu gün forsmajor olanda durumda hələ tədqiqatlar yetərli informasiyanı ortaya qoymasa belə əldə olunan məlumatlar vaksinin tətbiqi üçün yetərli sayıla bilir.
Bu baxımdan vaksinasiyanı nə qədər tez başlasaq, o qədər də nəticə etibarı ilə faydalı olar”.
“Yeni Müsavat”