BolgeXeber.Com » Gündəm » “Sovetskiy” və “Kubinka” məhəllələrindəki evlərin əksəriyyəti söküləcək?

“Sovetskiy” və “Kubinka” məhəllələrindəki evlərin əksəriyyəti söküləcək?

9-07-2013, 11:55
Oxunub: 7 237 Paytaxtın Baş Planına uyğun olaraq bir neçə ildən sonra Bakı, xüsusilə şəhərin mərkəzi tam başqa cür olacaq. Hazırda “Qara şəhər” sökülür və hökümət burada “Ağ şəhər” layihəsini icra edir. Sözsüz ki, bu layihə hamı üçün “ağ günlər” vəd eləmir. Sökülən bir çox mülklərin sahibləri verilən kompensasiyalardan narazıdır. Bir neçə gün əvvəl bir qrup sakin etiraz əlaməti olaraq Prezident Administrasiyası qarşısında aksiya da keçiriblər.

Belə ki, “Ağ şəhər” layihəsi həyata keçirilməsi ilə bağlı sökülən mülklərə görə kompensasiya olaraq hər kvadratmetrə 1000 manat verilir. Sakinlər isə bununla razılaşmayaraq evlərinin sökülməsinə etiraz edirlər. Qaraşəhərlilər də “Qış bülvarı” adlanan parkın tikilməsi üçün sökülən mülklərə görə verilən kompensasiya həcmində - yəni kvadratmetrə görə 1500 manat tələb edirlər.
Bu dəfə sökülməkdə olan “Qara şəhər” deyil, Bakının gələcəkdə söküləcək digər, həm də köhnə məhəllələri olan “Sovetskiy” və “Kubinka”dan söz açacağıq. Dünən “bizim yol”un əməkdaşı sözügedən köhnə məhəllələrə baş çəkərək sakinlərilə söhbət edib.

Dörd yandan təmtəraqlı göydənlər, ticarət və iaşə obyektləri ilə əhatələnən “Sovetski”yə yolumuzu elə köhnə “Olimp”in yanından saldıq. İnsanın gözü önündə təzadlı bir mənzələ canlanır - sanki qərblə şərq bu məkanda toqquşur. Əsasən, 2-3 mərtəbəli evlərdən ibarət “Sovetski” məhəlləsinə daxil olanda köhnə tikililərin arasından üzaqda məşəl qülləsi görünür. Məhəllənin sərhədi olan Salatın Əsgərova küçəsində yeni inşa olunan və tikilməkdə olan binalar da bu təzadı bir qədər də qabardır. Ərtafda gedən söküntü işləri, tıxaclar, hay-küyə baxmayaraq köhnə “Sovetski” öz qocalıq düvrünü yaşayır. Məhəllələrin birində “mağar” da qurulmuşdu. Düzdür, əvvələr bu mağarlar əsasən toylar üçün qurularmış, indi isə yalnız yas mərasimlərinin keçirilməsi üçündür.
Mətləbə keçməzdən əvvəl bir qədər bu qədim məhəllə barədə yazmağı özümə borc bildim. Düzdür, indi “Sovetskiy” də 15-20 il bundan əvvəlki köhnə məhlə deyil. Təxminən 70 yaşlarında olan Feyruz dayının sözlərinə görə, “gəlmələr” və zəmanə məhləni korlayıb. Amma ağsaqqalın dediklərinə baxmayaraq “Sovetskiy” hələdə “Sovetskiy”dir. Bu nadir məhlələrdəndir ki, buradan yolu düşən sürücülər siqnal verməyə belə çəkinir. Məhlədə çömbələrək əyləşən kişilər isə baxışları ilə yoldan keçən hər kəsi “rentgin” edirlər, amma yüngülcə başını tərpədib salam verəndə dərhal hamı səni salamlayır. Salamlaşmayıb yolu düz keçənə isə məhəllə sakinləri haqlı olaraq “Bəxt üzüyü” filmində Söylünün dediyi kimi “birtəhər baxırlar”. Amma bu məhəllənin sakinlərinin də digər vətəndaşlarımız kimi fotoaparata allergiyası var. Nədənsə, adi sosial bir məsələyə görədə kimsə şəklinin çəkilməsini arzulamır.

Bəli, “Sovetskiy”ə daxil olan şəxs mütləq harada olduğunu bilməlidir. Bu hələ ki adət-ənələrini sədaqətlə qoruyan, böyük-kiçiyin yeri dəqiq bilən bir ünvandır. Amma bu məhəllə yaxın illərdə olmayacaq. Bu barədə sakinlər hələ ki yalnız eşidiblər.
Təxminən 40 yaşlarında olan İslam Əliyev əməkdaşımızla söhbətində bildirib ki, hələ ki kimsə qapılarını döyüb evlərinin söküləcəyini deməyib: “Hamı gözləyir, deyirlər söküləcək. Amma bizə deyən yoxdur ki, kim sökəcək, hansı şərtlərlə söküləcək?”.

İ.Əliyev söhbəti gedən kompensasiyanın verilmə qaydasından və məbləğındən bəribaşdan narazıdır. İ.Əliyevin sözlərinə görə, yaşadığı evə “kupça” 1973-cü ildə verilib və sənəddə cəmi 20 kvadratmetr yaşayış sahəsi qeyd olunub. Amma sonrakı illərdə ailə böyüyüb və mənzillərin sayı artırılıb: “İndi bir həyətdə 15 nəfərlik ailəmiz yaşayır. Amma kompensasiyanı əgər cəmi 20 kvadratmetrə görə versələr heç bir adamlıq yaşayış sahəsi ala bilmərik. Özləri satanda od qiymətinə satırlar, hamamı, balkonu, dəhlizin belə pulunu alırlar. Amma sökəndə həyət-baca, əlavə tikililərə görə pul vermək istəmirlər. Gərək bu işdə hökumət bir az ədalətli ola”.
Məhəllənin digər bir küçəsinin sakini Nürəddin Kərimov isə daha narahat danışdı: “Bir gün də “büldozer”lərini gətirib tökəcəklər ki köçün. Həm də eşitmişik ki, Qaraşəhər camaatına pulu az verirlər. Amma bəri başdan deyirəm. 1500 manat da azdır, biz mərkəzdəyik, yaşayış sahəmiz az olsa da külfətimiz böyükdür. Gərəkl bunu mütləq nəzərə alalar. Yoxsa burda bir daşa kimsə əl vura bilməz”.

Məhlənin Zülfi Adıgözəlov küçəsinin sakini Nadir Babayev isə evinin damının təmirindən narahatdır: “May ayında evimin üstündəki qonşunun mənzili yandı. Yazığın iki uşağı da evdə kül oldu. Yanğınsöndürənlər, həkimlər də vaxtında gəlin çıxmadı. Sonra yanğınsöndürənlər gəlib o qədər su vurdular ki, mənim evim də sıradan çıxdı. İndi bilmirik nə edək. Nə təmir edirlər, nə də sökürlər. Qorxuram ki, borc-xərc bunu birtəhər özüm düzəldən kimi gəlib deyələr ki, sökürük. Onda təmirin pulunu mənə kim verəcək?”.
Beləliklə “Sovetskiy” məhləsində çox adamla həmsöhbət oldum. Kiminsə qağısını döyüb evinin söküləcəyini və kompensasiyanın hansı şərtlərlə veriləcəyini sakinlərə deməyib.

Analoji durum “Kubinka”da da hökm sürür. “Kubinka” sakini Çingiz Cabayev əməkdaşımızla söhbətində bildirib ki, 6-7 il bundan əvvəl ərazidə yerləşən “Kömürçü” bazarı sökülüb. Həmin zaman söz-söhbət yayılıb ki, “Kubinka” da söküləcək: “Əlimiz-qolumuz bağlı oturub gözləyirik. Adamın evə canı da yatmır, əl də gəzdirə bilmirsən. İstəyir avro təmir olsun, istəyir daxma - pulu sənəddə olan kvadratmetrə görə verirlər”.
Hər iki məhlənin başqa bir problemi də var. Bir çox evin ümumiyyətlə “kupça”sı yoxdur. Sakinlər evlərində “ev kitabçası” üzrə qeydiyyatda yaşayırlar. Belə görünür söküntülər böyük qarşıdurma şəraitində həyata keçriləcək.
Bolgexeber.com