BolgeXeber.Com » Gündəm » Tanınmış jurnalist SOCAR-ın əlində giriftar qalıb

Tanınmış jurnalist SOCAR-ın əlində giriftar qalıb

10-07-2013, 11:40
Oxunub: 5 018 «Mənə dedilər ki, ev tikmək üçün icazəni yalnız ARDNŞ-in Neft Kəmərlərinin Mühafizəsi idarəsinin rəisi Rəşad Əliyevə külli miqdarda pul verməklə almaq olar»

Tanınmış jurnalistlərdən birinə aldığı torpaq sahəsinin üzərində özünə ev tikməsinə imkan verilmir. Bu barədə hələlik adının çəkilməsini istəməyən jurnalistin özü məlumat verib.
O bildirib ki, bələdiyyə sənədi ilə Biləcəri qəsəbəsində yerləşən 1 May Yeni Yaşayış Massivində torpaq sahəsi alıb. Həmin torpağın üzərində ev tikmək istəsə də, ona SOCAR-ın işçiləri mane olurlar. «Şirkətin Mühafizə İdarəsinin əməkdaşları gələrək həmin ərazidə tikinti işlərinin aparılmasının qadağan olunduğunu deyirlər. Hətta bildirirlər ki, əgər daşı daş üstə qoysaq, uçuracaqlar. Bunun üçün razılığın alınması isə yalnız SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin rəisi Rəşad Əliyevdən asılı olduğunu bildirirlər. Qəribədir ki, məndən başqa orada hamının evi var, ortalıqda isə yalnız mənə məxsus torpaq qalıb. İndi sual edirəm ki, bu ərazidə əgər ev tikmək qadağandırsa, o zaman başqalarına niyə icazə verilib? Yox, bu icazə üçün tanışlıq, pul və ya başqa bir nəsə lazımdırsa, o da məndə yoxdur. Eyni zamanda, ərazidən keçən neft kəməri bəhanədirsə, oarada evlər var ki, kəmərlə arasındakı məsafə heç 1 metr deyil. Amma mənim tikmək istədiyim evlə kəmər arasında 12 metrdən çox məsafə mövcuddur».
Həmsöhbətimiz bildirir ki, dəfələrlə SOCAR-ın müvafiq qurumlarına gedərək, onlardan heç olmasa şifahi razılıq almaq istəyib. Lakin hər dəfəsində ona rədd cavabı verilib. «İki dəfə Rəşad Əliyevin qəbuluna getdim. Çünki bu işlərə yalnız onun icazə verdiyini deyirdilər. Amma hər dəfəsində min bir bəhanə ilə qəbul etmədilər. Sonradan dəqiqləşdirdim ki, ümumiyyətlə, neft yataqları və ya neft kəmərləri olan ərazilərdə tikinti işləri aparmaq üçün Rəşad Əliyevin bığının altından keçmək lazımdır. Və həmin bığ altından keçmənin qiyməti o qədər bahadır ki, deyilən pula ev tikmək mümkündür».
Həmkarımız daha sonra vurğulayıb ki, onun torpaq sahəsi olan ərazinin dörd bir yanı hamısı tikilidir. Və həmin evlərin tikilməsinə icazə verilməsi üçün camaatdan müəyyən miqdarda pullar alınıb. «Deyilənlərə görə, bütün bu pulyığma əməliyyatlarına birbaşa Rəşad Əliyev özü başçılıq edir. Əldə olunan gəlirlər isə birbaşa özünə çatır. Görünür, mən istənilən məbləği vermədiyim üçün idarə rəisi icazə verməkdən qəti imtina edir».
Media mənsubu sonda onu da bildirib ki, baş verənlərlə bağlı mətbuat konfransı keçirəcək. Həmin tədbirdə isə onun başına gətirilən oyunlarla bağlı geniş məlumat verəcək.