BolgeXeber.Com » Gündəm » Hacıbala Abutalıbov 4,7 milyon manat cərimələndi

Hacıbala Abutalıbov 4,7 milyon manat cərimələndi

18-07-2013, 10:20
Oxunub: 4 279 Nəsimi Rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə "İntur-avto" açıq səhmdar cəmiyyətinin sədri Aydın Heydərovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova qarşı mülkiyyət hüququnun pozulmasına dair iddiasına baxılıb. Bu barədə iddiaçının vəkili Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, iddiaçının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı pul tələbi qismən təmin edilib və BŞİH-in 4 milyon 700 min manat məbləğində cərimələnməsinə dair qərar çıxarılıb.

Qeyd edək ki, ilkin iddianın qiyməti 17 milyon 634 min 70 manat maddi, 50 min manat isə mənəvi zərər olaraq göstərilib. İddiaya səbəb Heydər Əliyev Mərkəzinin tikintisi iləəlaqədar aparılan söküntü işləri zamanı "İntur-avto" ASC-yə məxsus 3-4 mərtəbəli tikililərin qanunsuz olaraq sökülməsi, orada olan müxtəlif avadanlıqların daşınıb aparılmasıdır.

"Oraya xüsusi briqadalar gətirilirdi, taxtalar ayrıca, dəmirlər ayrıca mütəxəssislər tərəfindən sökülərək aparıldı, sonra isə tikililəri sökdülər. Qanunsuz söküntü və materialların, avadanlıqların daşınması işinə rəhbərlik edən BŞİH-in məsul əməkdaşı Zülfəli İsmayılov və Nərimanov Rayon Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması haqda vəsatət versəm də, hakim təmin etmədi" deyən Kamandar Nəsibov əlavə edib ki, iddia tam təmin edilmədiyi üçün Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər.bizimyolinfo.com