BolgeXeber.Com » Gündəm » İcra başçısının oğlu baş redaktorun həbsini istəyir

İcra başçısının oğlu baş redaktorun həbsini istəyir

19-07-2013, 14:25
Oxunub: 3 863 Fikrət Fəraməzoğlu: «Nizaməddin Quliyev və oğluna da tövsiyyəm odur ki, bu cür mənasız iddialarla məhkəmələrə müraciət edərək, özlərini daha da biabır etməsinlər»

Goranboy İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Jurnalist Araşdırma Mərkəzinin (JAM.AZ) rəhbəri Fikrət Fəraməzoğlunu məhkəməyə verib. Bu barədə baş redaktoru özü məlumat verib.
Fəraməzoğlu bildirib ki, Ramal Quliyev Nəsimi Məhkəməsində xüsusi ittiham qaydasında işə baxılması ilə bağlı iddia qaldırıb. Artıq hazırlıq iclası keçirilib. Hakim İkram Şirinovun başçılığı ilə isə iyulun 24-ü saat 11:30-da məhkəmə prosesi keçiriləcək.
JAM.AZ-ın rəhbəri deyib ki, Ramal Quliyevin onu niyə məhkəməyə verdiyini hələ də anlaya bilmir. «İcra başçısının oğlunun güman ki, qanundan xəbəri yoxdur. Eyni zamanda, bu işdə ona yardımçı olmuş hüquqşünasların da savadına şübhə ilə yanaşıram. Əvvəla getmiş məlumatların hamısının konkret mənbələri var. Üstəlik, həmin məqalələr ayrı-ayrı sayt və Xəbər Portallarından götürülüb ki, onların da altında istinadlar var. Eyni zamanda, mən Nəsimi rayon ərazisində yaşamıram. İddiada isə göstərilir ki, guya, mən tez-tez Nəsimi rayonu ərazisində görsənirəm. Bu adamlara izah etmək lazımdır ki, adi bir vətəndaş olaraq nəinki ölkədə, dünyanın istənilən ölkəsində sərbəst gəzmək hüququm var. Mən nəinki Nəsimi, Bakının istənilən rayonunda gün boyu ən azı bir dəfə oluram. İndi bu adamlar mən hansı rayona gedirəmsə, oranın məhkəmələrinə müraciət etməlidirlər? Digər tərəfdən, qaldırılan iddiada göstərilir ki, onlara şər və böhtan atılıb. Ramal Quliyev hələ də anlaya bilməyib ki, bu məqalələrdə gedən məlumatların hamısının konkret mənbəyi var. Belə ki, həbsdə olan iş adamı Müqayis Verdiyevin vəkili və yaxınları vasitəsi ilə göndərdiyi şikayətlər əsasında bu yazılar hazırlanıb. Orada ittihamlar varsa da, onun müəllifi biz yox, həbsdə olan sahibkardır. Və sahibkarın özü də bunu inkar etmir».
Fikrət Fəraməzoğlu sonda onu da bildirib ki, Goranboyun icra başçısı Nizaməddin Quliyevin oğlunun əliylə məhkəmələrə müraciət etməsi onların haqqında son dövrlər yazılan bir sıra ilginc məlumatlardır. «Güman ki, Nizaməddin Quliyev bu yazılanlardan ciddi şəkildə narahatdır və o səbəbdən qarşısına çıxan bütün jurnalistləri məhkəməyə verir. Çünki iş adamı Müqayis Verdiyevin mətbuata ünvanladığı müraciətlərdə sözün həqiqi mənasında ilginc məlumatlar var. Üstəlik, o, hesab edir ki, bu şəkildə mətbuatı susdurmaq mümkün olacaq. Lakin bu mümkün deyil. Biz məhkəmə də görmüşük, haqqımızda həbs qərarları da çıxarılıb. Amma indiyə qədər yolumuzdan dönməmişik. Nizaməddin Quliyev və oğluna da tövsiyyəm odur ki, bu cür mənasız iddialarla məhkəmələrə müraciət edərək, özlərini daha da biabır etməsinlər».