BolgeXeber.Com » Gündəm » GÖMRÜYÜN “ZİLLƏT LABORATORİYASI”… – Və ya Dövlət Gömrük Komitəsi ölkədən valyuta axınına necə şərait yaradır?

GÖMRÜYÜN “ZİLLƏT LABORATORİYASI”… – Və ya Dövlət Gömrük Komitəsi ölkədən valyuta axınına necə şərait yaradır?

10-07-2021, 19:25
Oxunub: 3 536 Gömrüyün mənasız və səhlənkar fəaliyyətindən həm sıravi vətəndaş, həm sahibkar, həm də dövlət ziyan görür
Son illər ölkədə müxtəlif sahələrdə iqtisadi islahatlar həyata keçirilərək, şəffaflığın, rəqabət mühitinin genişləndirilməsi, sahibkarlığın inkişafı istiqamətində müəyyən addımlar atılsa da, Azərbaycan gömrüyü sanki bütün bu proseslərdən kənarda qalıb. Hər halda bu gün gömrük öz fəaliyyətilə sıravi vətəndaşların və xüsusilə də sahibkarların əhəmiyyətli hissəsinin ən çox şikayətçi olduğu sahələrdən biri, bəzənsə birincisi olaraq qalır.
Bu şikayətlərə gömrükdəki süründürməçilik hallarından, mənasız bürokratiyadan, monopolistlərə xüsusi şərait yaradılmasından tutmuş malların qiymətinin invoys qiymətilə deyil, gömrük orqanının öz kefinə uyğun şəkildə şişirdilməsinə qədər bir çox məqamlar daxildir.
Misal üçün Bakı Baş Gömrük İdarəsinin laboratoriyası ölkəyə mal gətirən sahibkarların “ilişdiyi” və izafi xərclərə düşdüyü ən çətin “nöqtələr”dən biridir. Sahibkarlar bu qurumdakı süründürməçilikdən əziyyət çəkdiklərini və heç bir lüzum olmadan artıq xərcə düşdüklərini bildirirlər.
Belə ki, sözügedən laboratoriya ölkəyə gətirilən qida məhsullarının analizini nisbətən daha tez həyata keçirdiyi halda, qeyri-ərzaq məhsullarını həftələrlə, on günlərlə yubadır. Bunların içərisində boyalar da daxil olmaqla, müxtəlif kimyəvi tərkibli məhsullar da var.
 

 
Belə məhsulların laboratoriya yoxlaması adı ilə xüsusuilə indiki yay fəslində, qızmar günəş altında həftələrlə saxlanması həm onların tərkibinin korlanmasına, keyfiyyətdən düşməsinə səbəb olur, həm də real yanğın, hətta partlayış təhlükəsi yaradır. Çünki gömrüyün duracaqlarında belə məhsulların saxlanması üçün anbar tipli xüsusi şərait yoxdur.
Digər yandan qeyr-ərzaq malları gətirən sahibkarlar həmin bu laboratroriya yoxlanması adı altında soğan qabığı kimi soyulmuş olurlar. Belə ki, sözügüdən məhsullar laboratoriya yoxlaması davam edən müddətdə yük avtromobillərində saxlanılırlar, yəni maşınlardan boşaldılmırlar. Hansı ki, bu zaman hər məhsuldan sadəcə, bir-iki nüsxə götürülərək, nümunə kimi analizə göndərilir. Yük maşını isə qalan malla birlikdə gömrüyün təqdim etdiyi rəsmi bildirişdə göstərildiyi kimi, 21 gün ərzində(bəzən daha çox müddətdə) duracaqda gözləyir.
 

 
Bu isə həmin malı gətirən sahibkara hər günü 100-150 dollara başa gəlir. Çünki malı göndərən xarici şirkət maşının hər boş dayandığı günə görə azərbaycanlı sahibkardan əlavə pul tələb edir. Əgər misal üçün mal laboratoriya yoxlanışı səbəbindən 20 gün yubadılırsa, bu, sahibkara 3000 dollara başa gəlir. Həmin 3000 dollar isə hansısa xarici şirkətin, iş adamının və s. cibinə gedir. Hər gün yüzlərlə yük avtomobilinin eyni aqibətlə üzləşdiyini, süründürməçilik nəticəsində növbə gözlədiyini nəzərə alsaq, bu, ay ərzində yüz minlərlə, bəlkə də milyonlarla dollar pulun xaricə axması deməkdir. Nədən? Gömrük orqanının səhlənklar, saymazyana və sahibkarın maraqlarına biganə münasibətindən!
Əslində, bu problemin ən sadə həlli yolu laboratoriyanın böyüdülməsi və işinin intensivləşdirilməsidir. Lakin hələlik bu istiqamətdə heç bir addım atılmır. Ona görə də bu çətin duruma düşən sahibkarlar gömrük orqanına digər çıxış yolunu təklif edirlər. Lakin onlara qulaq asan yoxdur.
Belə ki, məlum laboratoriya yoxlanışı əsas etibarilə sözügedən məhsulların gömrük güzəştinə düşüb düşmədiyini, yəni 0 faiz, yaxud 5 faizlə idxala uyğun olub-olmadığını yoxlamaq üçündür. Sahibkar əgər 15 faiz deyil, daha aşağı faizlrlə idxal olunan mallardan gətiribsə, mütamadi olaraq bu məhsullar laboratoriyaya göndərilir ki, onların güzəştli idxala düşüb-düşmədiyi müəyyən edilsin. Lakin bu proses o qədər uzadılır ki, məlum gömrük güzəşti öz mənasını itirir və hətta sahibkara 15 faizdən də artıq xərcə başa gəlir. Bunun üçün də sahibkarlar gömrük orqanına qabaqcadan depozit ödəməyə hazırdırlar. Təki malları gömrükdə qalması səbəbilə hansısa əcnəbi daşıyıcıya əlavə pul ödəməsin.
Əgər malın güzəştə düşmədiyi müəyyən olunarsa, 15 faizlik gömrük rüsumu həmin depozitdən çıxıla bilər. Bu, o deməkdir ki, gömrük orqanı istənilən halda öz faizini alacaq. Bununla da laboratoriya analizi davam edən müddətdə yükü daha tez sahibkarın ixtiyarına verməklə, onu gündəlik izafi xərcdən azad edəcək.
 

 
Lakin hazırkı praktikada belədir ki, sahibkarlar öz üzərlərinə rəsmi öhdəlik götürməklə Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə müraciət edirlər. Həmin öhdəlikdə malların laboratoriya analizi başa çatana qədər satılmayacağına rəsmi razılıq verilir. Lakin qurum rəhbərliyi demək olar ki, əksər hallarda bu müraciətlərə imtina cavabı verir. Bu isə sahibkarlarda gömrük orqanının işində inhisarçılıq, süründürməçilik, səhlənkarlıq və s. neqativ fəaliyyətlərlə bağlı şübhə və narazılıqlar yaradır.
Gömrük orqanının bu məslədəki bəhanəsi odur ki, qanunvericilikdə depozitlə bağlı məqam nəzərdə tutulmayıb. Ancaq bu qurum nədənsə nə qanunvericilikdə dəyişiklik edilməsinə təşəbbüs göstərir, nə də sahibkarların bu problemini yerində və operativ həllinə, laboratoriyanın işini sürətləndirilməyə çalışır.
Onu da nəzərə almaq lazımdır ki, sahibkar boş yerə ödədiyi bu xərci sonradan həmin malın satış qiymətinin üzərinə gəlir. Deməli, gömrüyün bu mənasız və səhlənkar fəaliyyətindən həm sıravi vətəndaş, həm sahibkar, həm də dövlət ziyan görür. Qazanan isə hansısa əcnəbi şirkət, yaxud vətəndaş olur və faktiki olaraq ölkədən valyuta axınına şərait yaradılır. Ancaq bütün bunlar Bakı Baş Gömrük İdarəsinin heç vecinə də deyil.
Bir sözlə, pandemiya, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və digər məlum səbəblərdən onsuz da çətin günlərini yaşayan kiçik və orta sahibkarlıq subyektlərini Bakı Baş Gömrük İdarəsinin laboratoriyası da bir yandan ziyana salmaqdadır.

 
Dövlət Gömrük Komitəsinin rəhbərliyi isə sahibkarların çoxsaylı şikayətlərinə, “Qaynar xətt”ə zənglərinə rəğmən, bu problemin həlli üçün heç bir addım atmır. Yəqin ona görə ki, bu problem məmur oliqarxiyasına, inhisarçılara hər hansı aiddiyyatı və gömrük orqanı rəhbərliyilə heç bir əlaqəsi olmayan adi, sıravi sahibkarlara, yəni sahibsiz sahibkarlara aiddir!
Cəlal Məmmədov
“AzPolitika.info”