BolgeXeber.Com » Gündəm » “Bütün siyasi məhbus analarını toplayıb, açlıq aksiyası elan edəcəm”

“Bütün siyasi məhbus analarını toplayıb, açlıq aksiyası elan edəcəm”

10-08-2013, 14:45
Oxunub: 4 342 Başxanım Abbaslı : “Turalı əli arxasında qandallı vəziyyətdə döyüblər ”
Müsavat Gənclər Təşkilatı 10 avqustda Müsavat Divanının üzvü Tural Abbaslının ailəsini ziyarət edib. Ziyarət Tural Abbaslı barədə həyəcanlı xəbərlərin gəlməsi saatlarına təsadüf edib.
Tural Abbaslının anası Başxanım Abbaslının ziyarətçilər arasında olan “Yeni Müsavat”ın müxbirinə deyib ki, Turalı avqustun 7-də, bayran günündə həbs ediblər: “Dünyanın müsəlman ölkələrində bu bayramda insanları azad edirlər. Tural üç gündür ki, Binəqədi təcridxanasında 6 nəfərlik kamerada tək saxlanılır. Biz Tural həbs olunandan sovqat aparırıq, su, qəzet, peçeniyedən başqa heç nə götürmürlər. Onlar təcridxanada yaxşı yemək verildiyini deyirlər. Bu gün vəkil Əsabəli Mustafayev Turalla görüşüb. O, Turalın kamerada əli qandallı saxlandığını dedi. Ona verilən yeməkləri də yemir. Orada da yeməyi hamı istifadə edən qablarda verirlər. Tural da buna qarşı çıxır”.
Başxanım Abbaslı Turalın əli qandallı vəziyyətdə döyüldüyünü deyib: “Turalı əli arxasına qandallı vəziyyətdə döyüblər. Tural üç gündür sudan başqa əlini heç nəyə vurmur. Biz apardığımızı təcridxana qəbul etmir, təcridxana verən yeməyi isə Tural yemir. Turalı isə buna görə cəzalandırırlar. Mən 1-ci gündən etibarən bütün səfirliklərə xəbər verib, Prezident Administrasiyası önündə bütün siyasi məhbus analarını toplayıb, açlıq aksiyası elan edəcəm”.
Xatırladaq ki,Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya İnzibati Xətalar Məcəlləsinin 313-2.3 (inzibati işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırma) maddəsinə əsasən inzibati xətada təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs olunub.