BolgeXeber.Com » Gündəm » İlham Əliyev İsmayıllıda səfər edib-Yenilənib

İlham Əliyev İsmayıllıda səfər edib-Yenilənib

14-08-2013, 15:10
Oxunub: 4 477 İsmayıllı şəhərində yeni avtovağzal istifadəyə verilib.

Bolgexeber.com xəbər verir ki, prezident İlham Əliyev avtovağzalın açılışında iştirak edib.
Dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, avtovağzalın tikintisinə 2013-cü ilin martında başlanıb. Ümumi ərazisi 0,26 hektar, tikinti ərazisi isə 282 kvadratmetr olan avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilib. Perronlarda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılmışdır. Bundan başqa, burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılıb. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa edilib.

Bildirilib ki, avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcək. Avtovağzalın istifadəyə verilməsi ilə 22 nəfər işlə təmin olunub.

Dövlət başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxıb, avtovağzalda yaradılmış şəraiti yüksək qiymətləndirib.

13:45

Avqustun 14-də Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gedib.

Bolgexeber.com xəbər verir ki, dövlət başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Qasımov Prezident İlham Əliyevə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görüllüb, fəvvarələr quraşdırılıb, yaşıllıq salınıb.
Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.

İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.

İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib.

Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilmiş, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunmuş və kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilmişdir. Bundan başqa dörd su anbarı inşa edilmişdir. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir. Qurğunun tikinti işləri davam etdirilir.

Daha sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.

Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkilib.

Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak edib.

Ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı sayəsində yeni istehsal müəssisələri yaradılır və iş yerləri açılır. Bu, paytaxt Bakı ilə yanaşı, regionlarda da özünü aydın büruzə verir. Son dövrlərdə İsmayıllıda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət nəticəsində yeni inşa olunan müəssisələrdən biri də İsmayıllı tikiş fabrikidir. Burada ən yüksək səviyyədə məhsul istehsal etməyə imkan verən avadanlıq quraşdırılmışdır. Bu tədbirlər, ilk növbədə, əhalinin məşğulluğunun artırılması istiqamətində atılan mühüm addımlar sırasında böyük əhəmiyyətə malikdir. Bölgələrdə yeni istehsal sahələrinin yaradılması həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir.

Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını qarşıya əsas hədəflərdən biri kimi qoyması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Təqdirəlayiq haldır ki, bu məsələdə paytaxt Bakı ilə yanaşı, bölgələrin da çəkisi ilbəil artır.

Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Fabrikin işçiləri tədris otağının və yeməkxananın da xidmətlərindən istifadə edəcəklər.

Dövlət başçısına məlumat verildi ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır. İkinövbəli iş rejimində 104 nəfərin işləyəcəyi müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına da mühüm töhfədir. Fabrikin həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.
Dövlətimizin başçısı fabrikin kollektivi ilə söhbət edib.

Sonda xatirə şəkli çəkilib.