BolgeXeber.Com » Gündəm » “İrşad Electronics”də qəribə endirim kampaniyası: Telefon istəyənə soyuducu…

“İrşad Electronics”də qəribə endirim kampaniyası: Telefon istəyənə soyuducu…

22-11-2021, 15:30
Oxunub: 2 128 “İrşad Electronics” növbəti dəfə süni endirim kampaniyası ilə istehlakçıları aldadıb.
Şirkət sadəcə 1 gün 60%-dək endirim fürsətinin olacağını elan edib.
Şirkət 19 noyabrda istər mağazalarından, istərsə də onlayn sifariş zamanı təklif olunan məhsulları müştəriyə uyğun endirimlə əldə etməyə çağırıb. Təklifin nağd, taksit kartları və 3 aylıq hissəli alış zamanı keçərli olduğu qeyd olunub: “Sənə uyğun böyük endirimlər, sənə uyğun ünvanda!”
Endirim fürsətindən yararlanmaq istəyən müştərilər şirkətin onları aldatdığını iddia edib. Belə ki, sosial şəbəkədən paylaşılan elanın şərh bölümündən aydın olur ki, endirim müştərinin yox, “İrşad”ın maraqlarına xidmət edir.
Müştəri haqlı olaraq sual ünvanlayır: “240 manatlıq telefonu 3 aylıq hissəli 60 faiz endirimlə əldə etmək mümkündür?” Şirkətin qeyri-peşəkar cavabı: “Endirimlər nağd, taksit kartları və 3 aylıq kredit şərtləri ilə alış zamanı keçərlidir. Endirimli modellər haqqında ətraflı məlumat 19 noyabr tarixində bildiriləcək”.
Bu necə endirim kampaniyasıdır ki, hansı məhsula ediləcəyi elə həmin gün məlum olacaq?! Aydın olur ki, bu kampaniya “İrşad Electronics”in “60%-dək endirim fürsəti” adı ilə müştərilərə keyfiyyətsiz, tanınmamış məhsullarını sırımağın növbəti yoludur.
Endirimdə hansı məhsulların olduğunu bilməyən başqa bir müştəri istehza formasında yazıb: “Yenə yəqin ütü, mikser başlığı, tozsoran şlanqı, telefon kabroları olacaq endirimdə”.
“Endirim”dən narazı qalan başqa bir müştəri şərtləri hələ bəlli olmayan kampaniyanın əvvəlcə “sənə uyğun” sözünə iradını bildirir: “Mənə uyğun nə deməkdir? Adıma 5 dənə kredit var, Allah köməyim olsun. Deyin ki, vermirsiz”.
Konkret axtardığı telefonun markasını yazan müştəriyə şirkətin cavabı “qatıq yoxdur, süd olsa, olar?” effekti verir. Yəni telefon yoxdur, soyuducu olar?
“İrşad” eyni adda məhsulun başqa markasını təklif edə biləcəyini deyir: “Qiyməti 759.99 AZN təşkil edir. “TamKart” taksit kartı ilə 12 aylıq ayda 63.33 AZN-ə əldə edə bilərsiniz”. Bu təkliflə qarşılaşan istehlakçıda yenə sual yaranır: “Bəs endirim bu məsələnin harasında qaldı? 60 % hanı?”
Şirkət yenə özünə sərf edən cavabı verir. Sırf 60% endirimin “Lotus” modellərinə tətbiq olunduğun bildirir. Qiymət 1520 AZN ilə 1009.99 AZN təşkil edir. Əlavə olaraq seçilmiş modellər üçün 60%-dək endirimlər mövcuddur.
“Lotus” modelinin nə olduğunu anlaya bilməyən müştəri soruşduğu sualla daha bir şok yaşayır: “Kombidir bu? Mən sayta baxdım bir şey başa düşmədim”.
“İrşad”ın verdiyi cavaba heyrətlənməmək olmur: “Qeyd etdiyimiz “Lotus” modelləri soyuducudur. Buyurun, maraqlandığınız modeli bizə bildirin, qiymətini qeyd edək”.
Adətən şirkətlər endirim kampaniyalarını əlamətdar günlərə məxsus hazırlayıb təqdim edirlər. Noyabrın 19-da əlamətdar günün olmaması bir yana, “İrşad Electronics”in “endirim” adı ilə istehlakçıları aşkar ələ salması aydın görünür…
//teleqraf.com