BolgeXeber.Com » Gündəm » MTN Təhsil Nazirliyində şok əməliyyat keçirdi

MTN Təhsil Nazirliyində şok əməliyyat keçirdi

7-06-2011, 12:25
Oxunub: 5 542
Misir Mərdanov saxta tələbə qəbulu mafiyasının üzvlərini tutdurdu

Nazirliyin İqtisadiyyat Şöbəsinin rəis müavini Orxan Kərimov saxlanıb; idarənin müdiri Şahrza Əliyevin də yaxın günlərdə həbsi gözlənilir.

Dünən hüquq-mühafizə orqanlarının Təhsil Nazirliyində operativ əməliyyat keçirdiyi haqda məlumat aldıq. Bu barədə mötəbər mənbədən saytımıza xəbər daxil olan kimi araşdırmalara baş vurduq. Öncə nazirlik xəbəri təsdiqləmədi. Lakin günün ikinci yarısında müxbirimizin israrlı araşdırmaları öz müsbət nəticəsini verdi. Məlum oldu ki, nazirliyin İqtisadiyyat İdarəsinin rəis müavini Orxan Kərimov MTN-in və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində iş yerindəcə həbs edilib. İlk əvvəl mənbəmiz bu həbsi ölkədə aparılan antikorrupsiya tədbirlərinin davamı kimi təqdim etdi. Lakin xəbər musavat.com saytında yayımlanandan sonra daha ilginc məlumatlara çıxış əldə etdik.
Amma öncə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin müxbirimizə verdiyi rəsmi açıqlamanı oxucuların diqqətinə çatdıraq. Bayram Hüseynzadə “Yeni Müsavat” qəzetinə eksklüziv açıqlamasında deyib ki, bu araşdırmalar Təhsil Nazirliyinin təşəbbüsü ilə aparılıb: “Təxminən bir ay öncə Təhsil Nazirliyi Respublika Prokurorluğuna müraciət etmişdi ki, Rafiq Hüseynov adlı bir nəfər şəxs təhsil sistemində müxtəlif vəzifəli şəxslərin imzalarını saxtalaşdıraraq, müxtəlif ali məktəblərin rektorları adından nazirliyə saxta məktublar, digər sənədlər göndərir. Bunun araşdırılması üçün mayın 7-də Respublika Prokurorluğuna müraciət etmişdik. Bizdə olan məlumata görə, həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Rafiq Hüseynov təhsil sistemində çalışmır. Onların araşdırması zamanı bu gün şübhəli şəxs qismində Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovu da saxlayıblar. Ancaq hələlik araşdırma gedir, onun bu işlərdə nə dərəcədə rolu olub-olmaması barədə biz heç bir məlumat verə bilmirik”.
Müxbirimizin əldə etdiyi əlavə bilgiyə görə, əslində nazirlik rəsminin dedikləri aysberqin görünən tərəfləridir. Söhbət təhsil sistemində uzun illərdən bəri kök atmış saxta tələbə qəbulu mafiyasının ifşa olunmasından gedir. Tutulan şəxslər isə bu çetenin hələlik ələ keçən çox da böyük olmayan üzvləridir. Bu haqda az sonra.

Hələlik isə Rafiq Hüseynovun necə yaxalanması barədə mənbəmizdən aldığımız bilgilərlə tanış olaq. R.Hüseynov adlı şəxs ayrı-ayrı vətəndaşlardan külli miqdarda pul alaraq onların övladlarını Rusiya, Gürcüstan və digər keçmiş sovet respublikalarının “geydirmə” universitetlərinə qəbul etdirib sonra da onları Bakıdakı özəl və dövlət universitetlərinə köçürdürmüş. Lakin son vaxtlar işlər yolunda getməyib. Belə olduqda pulu batan valideynlər ondan hesab sormağa başlayıb. R.Hüseynov da zərərçəkənlərə bu işin arxasında Orxan Kərimovun dayandığını deyib.

Gəlib çatdıq əsas məsələyə. Yuxarıda dediyimiz kimi, saxlananlar saxta tələbə qəbulu çetesinin xırda üzvləridir. Mənbəmiz deyir ki, Orxan Kərimov risk edib bu işi özbaşına görə bilməzdi. Mütləq ondan yuxarıda bir və ya bir neçə adam var. Qaynağımız deyir ki, bu məsələdə əsas fiqurlardan biri Təhsil Nazirliyinin İqtisadiyyat İdarəsinin müdiri Şahrza Əliyevdi. Sadəcə o, dünən Orxanı qurban verməklə hələlik canını qandaldan və türmədən qurtara bilib. Lakin nazirlikdəki mənbə deyir ki, Orxan Kərimovu istintaqçıların əlindən ala bilməsələr və o, qurban verildiyini anlasa susmayacaq, bu çetenin başında öz şefi Şahrza Əliyevin dayandığını söyləyəcək. Yeri gəlmişkən, nazirlikdəki başqa bir mənbənin dediyinə görə, dünən Təhsil Nazirliyində keçirilən əməliyyat zamanı Ş.Əliyev iş yerində olmayıb.

Bəzi iddialara görə isə Təhsil Nazirliyində keçirilən əməliyyatda bir neçə nəfər saxlanıb. Amma bu haqda dəqiq bilgi əldə edə bilmədik.

Dünən günün sonunda Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Bolgexeber.com-a Təhsil Nazirliyindəki həbslə bağlı açıqlama verib. Bildirib ki, operativ əməliyyat Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilib. E.Sultanov təfərrüatlarla bağlı əlavə şərh vermədi. “Saxlanan neçə nəfərdir” sualına isə “bu məsələni hələlik açıq saxlayaq” cavabını verdi.

Saxlanan Orxan Kərimov mərhum şair Əli Kərimin oğludur. O, sabiq müsavatçıdır. Uzun illər Müsavat Partiyasının İqtisadi Siyasət Komissiyasının aparıcı və fəal üzvlərindən olub. 2003-cü il hadisələrindən sonra partiyadan istefa verib. Deyilənə görə, onun Təhsil Nazirliyində mühüm vəzifəyə işə düzəlməsində yazıçı Anarın böyük rolu olub. Qeyd edək ki, Anarla Əli Kərim dost olublar və həmyerlidirlər. Mənbəmiz deyir ki, Anar Orxanı işə düzəltmək üçün Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadəyə ağız açıb. O da Yazıçılar Birliyinin sədrinin sözünü yerə salmayıb.
Mövzunu davam etdirəcəyik.