BolgeXeber.Com » Gündəm » Prezidentin yeni vəzifə verdiyi Rövşən Rüstəmov kimdir? - DOSYE

Prezidentin yeni vəzifə verdiyi Rövşən Rüstəmov kimdir? - DOSYE

26-10-2022, 17:30
Oxunub: 2 880 Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Rövşən Rüstəmov 1980-ci ildə İmişlidə anadan olub. 1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.

2001-2003-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb və İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.

2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsina sahib çıxıb.

2004-2012-ci illərdə "Azərpoçt" MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 2012-2014-cü illərdə "Azərkosmos" ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.


2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, "Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə "Azərkosmos” ASC-nin sədr müavini təyin edilib. Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin (hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) müavini təyin olunub. 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib.

Rus və ingilis dillərini bilir.

Ailəlidir.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bundan əvvəlki sədri Cavid Qurbanov olub. O, 24 may 2022-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunaraq rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.