BolgeXeber.Com » Gündəm » Xaçmazdakı müəmmalı qətlin gizli məqamları

Xaçmazdakı müəmmalı qətlin gizli məqamları

28-06-2011, 13:10
Oxunub: 3 668 Nəcimə Babayevanın ölmünü araşdıran prokuror 9 ayda nə iş görüb?

Xaçmaz Mərkəzi Bazarının direktoru Nəcimə Babayevanın qətlindən 9 ay ötməsinə baxmayaraq istintaq işində hələ ki, heç bir yenilik yoxdur. Övladları analarının sifarişlə qətlə yetirildiyini iddia edirlər: “Bu günə kimi qətlin kim tərəfindən törədildiyi müəyyənləşməyib. Qətlin üstünü açmaq üçün onun motivini müəyyən etmək lazımdır. Motiv isə çoxdan bəllidir. Çünki anamız sifariş nəticəsində qətlə yetirilib”.

Bolgexeber.com xəbər verir ki, olayın təfərrüatlarını öyrənmək üçün ötən gün TİA.AZ-ın əməkdaşları Xaçmazda olub. Mərhumənin övladları Gülnarə və Fuad Həbibovlar analarının ticarət mərkəzini özəlləşdirdiyini, yerli məmurların indi həmin mərkəzi onlardan almağa çalışdığını bildirib: “Anamız sağlığında o insanlarla mübarizə apara bilirdi. Bütün məhkəmə çəkişmələrini də udmuşdu. Gördülər ki, bazarı ondan ala bilmirlər, anamı öldürdülər. Dəfələrlə onu da, bizi də hədələmişdilər. Lakin anam geri çəkilmirdi”.

Ailənin sözlərinə görə, qətldən sonra hadisə yerinə gələn Xaçmaz rayon prokurorunun səlahiyyətlərini icra edən Rasim Məlikov bir sıra müəmmalı hərəkətlərə yol verib. Prokuror qətl baş verən mənzildə əl və ayaq izlərinin götürülməsini ümumiyyətlə həyata keçirməyib. Hətta mərhumun qızı Gülnarə Babayeva qatilin hamamın qapısındakı qanlı barmaq izlərini prokurora göstərsə də, o, bunu dəlil kimi saymayıb. Məlumatı G.Babayeva da təsdiq edir. Bizimlə söhbətdə o qeyd etdi ki, həqiqətən də qatilin əl və ayaq izləri olan yerləri R.Məlikova göstərib. Lakin prokuror buna əhəmiyyət verməyib.

Bolgexeber.com TİA.AZ-a istinadən xəbər verir ki, bundan başqa, prokurorun sürücüsünün də hadisə yerində göstərdiyi xüsusi “canfəşanlıq” kifayət qədər maraqlıdır. Prokurorun qohumu olan həmin şəxs qətldən sonra N.Babayevanın həyətinə toplaşmış şəxslərə bir-bir yaxınlaşaraq, onlara qətlin ailə üzvlərindən biri tərəfindən törədildiyi barədə şayə yayırmış. Bu azmış kimi, başqalarını da bu işə cəlb edərək, onların da belə bir şayə yaymalarına cəhd edirmiş.

Digər bir məsələ də odur ki, hadisə yerinə baxış keçirilən zaman prokuror Xaçmaz rayon Polis Şöbəsinin rəis müavinini orada araşdırma aparmağa imkan verməyib. Rəis müavininə hətta otaqlara girməyi yasaqlayan prokuror R.Məlikov buna rəğmən öz sürücüsü ilə bütün evi gəzib. Yəni, rəisi müavininə imkan verməyən prokuror sürücüsünə ondan daha üstün bir şəxs kimi yanaşıb.

İşin ikinci qaranlıq tərəfi ondan ibarətdir ki, qətldən sonra prokuror R.Məlikov N.Babayevanın ailə üzvlərini təhdid etməyə başlayıb. Adıçəkilən şəxs əvvəlcə mərhumənin qızı G.Babayevanı rayon prokurorluğuna çağıraraq, ondan ifadə almaq yerinə, təhdidə baş vurub. Belə ki, R.Məlikov əvvəlcə G.Babayevadan qətllə bağlı şikayətlərini geri götürməsini istəyib. Buna rədd cavabı aldıqdan sonra isə ona başına oyun açacağını, rayonda biabır edəcəyini və digər hədələyici sözlər deməyə başlayıb.

Hazırda bazarın direktoru olan Gülnarə xanım deyir ki, prokruror Məlikov onu ifadə vermək üçün rayon prokurorluğuna dəvət etdikdən sonra orada təhdid olunub: “Rasim Məlikov mənimlə söhbət zamanı əvvəlcə işi ört-basdır edəcəyinə işarə vuraraq danışırdı. Daha sonra mənin israrlarımı görüb, dolayı təhdidlərə keçməyə başladı. Bildirdi ki, əgər ailə üzvlərimiz anamızın qətli ilə bağlı cinayətin araşdırılmasını Baş Prokurorluğa göndərilməsi və onlar tərəfindən araşdırılmasını tələb edərsə, bu işin axırı yaxşı olmayacaq. Daha sonra isə bildirib ki, bu baş verəcəyi təqdirdə məni bütün rayonda biabır etdirəcək. Yəni, adıma əxlaqsız sözü yapışdıracaq. Həm də qardaşlarımı bir yol tapıb həbs etdirəcək”.

Maraq üçün qeyd edək ki, Rasim Məlikov mətbuata açıqlamasında həmin cinayət işinin baş prokuror Zakir Qaralovun nəzarətində olduğunu bildirib: “Zakir Qaralovun göstərişi ilə həmin cinayət işinin araşdırılması prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq İdarəsinə tapşırılıb. Prokurorluq cinayət işinin açılması üçün əlindən gələni edir”.

“İcra başçısı Şəmsəddin Xanbabayevlə rayon prokuroru bu işdə maraqlıdır. Davamlı şikayətlərimizdən sonra Soltanhəmid İsmayılovu guya cəzalandırdılar, onu Tovuza prokuror göndərdilər. Rasim Məlikov özü isə bu gün də Xaçmazın prokuroru olmaqla bizə qarşı hər cür qanunsuzluğa gedir. Xanbabayevin birinci müavini Akif Mərdanov isə guya sıravi vətəndaş kimi Məlikova müraciət yazıb, anamın direktoru olduğu ticarət mərkəzinin fəaliyyətinin dayandırılmasını, əvəzində isə yeni ticarət mərkəzinin yaradılmasını tələb edib. Bu faktlar bazarı anamın əlindən kimlərin almaq istəməsini açıq-aşkar ortaya qoyur” – deyir mərhumənin oğlu Fuad Həbibov.

P.S. Xaçmazda baş vermiş ağır cinayətin təfsilatı, hazırda rayonda gedən proseslər və qətlə qədər olan hadisələrlə bağlı daha geniş araşdırmamızla yaxın günlərdə tanış olacaqsınız.