BolgeXeber.Com » Gündəm » BAKIDA YENİ METRO STANSİYASI AÇILIB

BAKIDA YENİ METRO STANSİYASI AÇILIB

29-06-2011, 20:50
Oxunub: 5 714 Bu gün Azərbaycan paytaxtında yeni metro stansiyası istifadəyə verilib. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Bakı Metropoliteni rəisinin müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəhbəri Arif Rəsulovun verdiyi məlumata görə, «Dərnəgül» stansiyası sayca 23-cü stansiyadır: “İstismara verilən buraxılış kompleksinin ümumi uzunluğu 1 548 poqonometr, stansiya kompleksinin ümumi uzunluğu isə 302 poqonometr təşkil edir. Yeni stansiyanın bədii-memarlıq tərtibatı digər stansiyalardan fərqlənir. Belə ki, stansiyada platforma döşəməsinin və yol divarlarının ornamentlərinin həllində Azərbaycanın milli memarlıq irsi əsas götürülüb, «Buta» ornamenti ilə döşəmə və divarların mərmər və qranitlə üzlənməsi zamanı tam kaloritin alınması üçün müxtəlif rəng və çalarlardan istifadə olunub. Stansiyada üzlənmə işləri yerinə yetirilən zaman Ukrayna, Türkiyə və Hindistan yataqlarından ümumilikdə 5 min kv. metrə yaxıq təbii mərmər və qranitdən istifadə olunub».

A.Rəsulov qeyd edib ki, sərnişin platformasının işıqlandırılması üçün Almaniya istehsalı olan yüksək estetik görünüşə malik, yığma lövhəli asma tavan tipli işıqlandırma sistemi tətbiq edilib. Bundan başqa, «Dərnəgül» stansiyasına daxil olmaq üçün 2 yeraltı və 4 giriş-çıxış mövcuddur ki, girişlərin örtüyü xüsusi paslanmayan metaldan və yüngül polikarbonat materialdan quraşdırılıb, həmçinin girişlər informasiya monitoru ilə təmin edilib. Stansiyanın enerji təchizatı 10 kV-luq 16 saylı «Dartı-alçaldıcı» yarımstansiya vasitəsilə yerinə yetirilir.

«Yeni stansiyada platformadan kassa zalına çıxış üçün Almaniya isthesalı olan, hündürlüyü 7 metr təşkil edən 3 ədəd eskalator quraşdırılıb. Bundan başqa, istiqamət marşrutlarını göstərən rəqəmsal elektron plazma tablolarından istifadə olunub. İlk dəfə Bakı metropolitenində SOS həyəcan sistemi tətbiq olunub. Kassa zalında sərnişin məlumat köşkləri quraşdırılıb. Keçən ilin sonunda ayrılmış investisiya hesabına bütün stansiyalarda olduğu kimi, «Dərnəgül» stansiyasında da tunel və stansiyaları tam əhatə edən və birbaşa server mərkəzinə ötürülən videomüşahidə, adamsayan və üztanıma sistemləri tətbiq olunub», - deyə A.Rəsulov bildirib.

Metropoliten rəsmisinin sözlərinə görə, kartların avtomat yükləmə aparatları və avtomatik nəzarət məntəqəsi optik-lifli kabellərlə mərkəzi server aparatına qoşulub. «Dərnəgül» stansiyasında və yol mənzillərində quraşdırılmış xüsusi videokameralardan giriş-çıxışa, yolayrıcılara, vestibüllərə, orta zala və eskalatorlara tam nəzarət etmək mümkündür.

Eyni zamanda stansiyanın platformasında yeni tipli işıqdiodlu elektron-interval saatları quraşdırılıb. Stansiyada reklam və məlumat xarakteri daşıyan, qrafika və videoməlumatı təsvir edən mərkəzləşdirilmiş sistem də tətbiq olunub: «Gələcəkdə həmin sistemin bütün metropoliten stansiyalarını əhatə etməsi nəzərdə tutulur».

«Yeni stansiya «Azadlıq prospekti» stansiyasının davamı olaraq Binəqədi rayonu S.S.Axundov küçəsində inşa edilib və 7-ci mikrorayon yaşayış massivini əhatə edir. Bundan başqa, stansiyanın yerüstü sahəsini əhatə edən 10,2 hektar ərazinə yeni park salınaraq yaşıllaşdırma işləri yerinə yetirilib, yağış kanalizasiya sistemi tikilib, suvarma su kəməri çəkilib. Sakinlərin istirahəti üçün 34 ədəd skamya qoyulub, xarici işıqlandırma sistemi üçün 120 ədəd işıq dirəkləri quraşdırılıb və asfalt örtük salınıb», - deyə A.Rəsulov bildirib.