BolgeXeber.Com » Gündəm » Kərəm Həsənovun komitəsinə qarşı korrupsiya ittihamı - Faktlar

Kərəm Həsənovun komitəsinə qarşı korrupsiya ittihamı - Faktlar

20-07-2011, 21:05
Oxunub: 5 139
Səbail rayon məhkəməsi (hakim Nurəddin Bağırov) 11 iyul 2011-ci il tarixli qərardadla Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.4-cü maddəsinə əsasən 200 manat cərimə edib.

İddiaçı Ş.L.-un (iddiaçının arzusu nəzərə alınmaqla adı və soyadı açıqlanmır) nümayəndəsi Vidadi Mahmudovun Bolgexeber.com-a bildirdiyinə görə buna səbəb İdarənin onda olan sübutları üzürlü səbəblər olmadan məhkəmyə verməkdən imtina etməsidir.

Onun sözlərinə görə, Ş.L. Xüsusi mülkiyyətində olmuş, Bakı şəhərinin İstiqlaliyyət küçəsində yerləşən qeyri-yaşayış sahəsini qanunsuz mənimsəmiş şəxslərdən geri almaq üçün Səbail rayon məhkəməsinə müraciət edib. Məhkəmə isə üç aydır ki, Əmlak Məsələləri Dövlət Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən qeyri-yaşayış sahəsi barədə hüquqi arayış və onlarda olan qeydiyyat sənədlərinin və digər zəruri yazılı sübutların təsdiq edilmiş surətlərinin verilməsini dəfələrlə tələb edib. Komitə və İdarə isə məhkəmənin müraciətlərinə əhəmiyyyət vermir. Məcbur qalan məhkəmə 13 iyunda sübutların hər iki dövlət orqanından məcburi qaydada götürülməsi barədə qərardad çıxarıb və onlara 10 gün vaxt verib. Bu dəfə də qərardad icrasız qalıb. Komitə və Bakı Ərazi İdarəsi məhkəmənin qərardadına icra əvəzinə susmaqla cavab verməyi üstüt tutub.

Bundan sonra məhkəmə Bakı Ərazi İdarəsini 200 manat cərimə etməklə sübutları götürməyə nail olmağa, məhkəməyə daxil olandan bəri hərəkətsiz qalan mülki işi, nəhayət öz nüfuzunu xilas etməyə çalışıb. Növbədə təsirkar vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri barədə məhkəmənin prokurora xəbər verilməsinə dair qərardad çıxarılması məsələsidir. Vəkil məhkəmənin belə addım atacağına inanmır.

Vəkil Vidadi Mahmudov bildirir ki, sübutları məhkəməyə təqdim etməkdən aşkar imtina etməklə yanaşı hər iki dövlət orqanının nümayəndələri məhkəmə iclaslarına da gəlməkdən imtina edir. Cavabdehin də məhkəmənin çağırışlarına məhəl qoymaması onun baş verənlərdən xəbərdar olmasına şübhə yaradır.
Ş.L.-un xüsusi mülkiyyətində olan əmlakın sənədlərin saxtalaşdırılması yolu ilə mənimsənilməsi və korrupsiya cinayətlərinin törədilməsi ehtimalı olduğundan vəkil Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. O, həmçinin, yaranmış vəziyyətə müdaxilə etmələri üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və respublika Vəkillər Kollegiyasına da müraciət etdiyini bildirir.