BolgeXeber.Com » Analitika » Təhsil nazirinin müavinləri niyə işdən çıxarılıb?

Təhsil nazirinin müavinləri niyə işdən çıxarılıb?

15-09-2011, 18:35
Oxunub: 6 585 İradə Hüseynova, İsgəndər İsgəndərov və Elmar Qasımov Misir Mərdanova qarşı qruplaşma yaratdıqları üçün nazirin qəzəbinə gəliblər

Sentyabrın 14-də təhsil nazirinin 3 müavini işdən azad olunub. Bu barədə Təhsil Nazirliyindən bildiriblər. Məlumata görə, işdən azad edilənlər nazir müavinləri İsgəndər İsgəndərov, İradə Hüseynova və Elmar Qasımovdur.

Nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzov nazir müavini təyin olunub. Digər iki müavin yerinə isə hələlik namizəd təsdiqlənməyib.

Əməkdaşımızın aldığı məlumata görə, müavinlərin işdən getməsi birbaşa nazir Misir Mərdanovun uzunmüddətli fəaliyyətinin bəhrəsidir. Bu barədə məlumat verən mənbə bildirib ki, Elmar Qasımov və İradə Hüseynova ilə münasibətləri xeyli əvvəldən pis olan Mərdanov onların çıxarılması üçün çalışırdı.

Mənbə qeyd edib ki, Elmar Qasımovla İradə Hüseynovun Təhsil Nazirliyində qruplaşma yaradaraq, Misir Mərdanova qarşı çıxmaları isə yuxarı dairələrə çoxdan məlum imiş. Hətta belə bir informasiya da mövcuddur ki, sözügedən şəxslər nazirlikdə baş verən neqativ hallarla bağlı mətbuata da informasiya ötürürmüşlər. Bunlardan xəbər tutan və faktlar toplayan Misir Mərdanov isə yekunda onların işdən çıxarılmasına nail ola bilib.

Qeyd edək ki, son günlər ictimaiyyətdə təhsilin keyfiyyətinə görə Təhsil Nazirliyinin ünvanına ciddi iradlar səslənir, təhsildə kadr və digər islahatların artıq qaçılmaz olduğu vurğulanır. Bəs nazirliyin yüksək eşelonunda aparılan dəyişiklik təhsilə yeni nəfəs gətirəcəkmi?

Uzun illər Təhsil Nazirliyində çalışmış Talıb Şərifov bildirir ki, o müavinlərin azad olunmasını qeyri-adi hal sayır. Onun fikrincə, nazirdən fərqli olaraq, müavinlər geniş səlahiyyətə sahib olmayıblar. Müavinlərin təhsil siyasətinin formalaşmasında oynadığı rola gəldikdə, ekspert bunları bildirir: «Müavinlər heç bir qərar qəbul eləmirdilər. Əslinə baxanda, təhsildə yaranan problemləri müavinlər həll etməlidir. Guya səlahiyyətləri vardı, amma son illər bütün səlahiyyətlər nazirin əlində toplaşıb».

Digər ekspert Etibar Əliyev də müavinlərin işdən çıxarılmasının kadr islahatı kimi qələmə verilməsinin əleyhinədir. «Azərbaycanda elə bir nazirlik, komitə tapılmaz ki, ordakı müavinlər təhsil nazirinin işdən çıxarılan bu müavinləri kimi səlahiyyətsiz olsun. Əslində Misir Mərdanov bütün səlahiyyətləri əlində toplamışdı, müavinlər ancaq cari məsələlərlə məşğul idi. Yalnız islahatçı nazirin iş başına gətirilməsindən sonra təhsildə yeni nəfəsin ola biləcəyini proqnozlaşdırmaq olar.

İşdən çıxarılan nazir müavinləri 10 ildən çoxdur ki, bu postda təmsil olunurdular. Hər üçü Yeni Azərbaycan Partiyasının, onlardan ikisi isə partiyanın Siyasi Şurasının üzvləridir. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə müavinlərin işdən azad olunması səbəblərinə aydınlıq gətirməyib. O deyib ki, bu, prezidentin səlahiyyətində olan məsələdir.

Mətbuatda təhsil naziri Misir Mərdanovun da vəzifəsindən azad olunması haqda məlumatlar yayılmaqdadır. Ancaq Bayram Hüseynzadə vurğulayıb ki, belə bir hal yoxdur, nazir iş yerindədir və tədris ilinin açılışına hazırlıq gedir.