BolgeXeber.Com » Analitika » NN rəhbəri komfortlu həyat tərzi keçirən qohumlarının güdazına gedə bilər

NN rəhbəri komfortlu həyat tərzi keçirən qohumlarının güdazına gedə bilər

23-04-2014, 09:45
Oxunub: 3 966 Ziya Məmmədov karyerasının eniş dövründə

Qardaşı oğlunun «ralli» yarışı, 71 saylı Yol İstismarı İdarəsinin rəisi Xəqani Kazımovun 365 min dollarlıq hədiyyəsi və daha nələr, nələr...Bəzi məmurların övladları Bakını «ralli» meydanına çeviriblər. Son vaxtlar müxtəlif vəzifələrdə çalışan şəxslərin uşaqları bahalı avtomobilləri ilə avtoxuliqanlıq edərək sakinlərin rahatlığını pozurlar, eyni zamanda özlərini digər vətəndaşlardan üstün sayırlar. 2014-cü il başlayandan başqa-başqa vəzifələri tutan məmurların balaları haram pullarla aldıqları maşınlarla müxtəlif qanunsuzluqlara imza atıblar. Sosial şəbəkələrdə məmur uşaqlarının keçirdikləri avtomobil yarışlarının video görüntülərinin yayılması ictimaiyyət nümayəndələri tərəfindən kəskin etirazla qarşılanıb.

Nəqliyyat naziri Ziya Məmmədovun kiçik qardaşı, millət vəkili Elton Məmmədovun oğlu haqqında da son zamanlar müxtəlif səpkili xəbərlər yayılmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl virtualaz.org saytı deputatın oğlu ilə bağlı maraqlı məsələləri üzə çıxarmışdı. Həmin yazıda Elton Məmmədovun 26 yaşlı oğlu Aynar Məmmədovun yaşadığı bahalı həyat tərzindən bəhs olunurdu. Aynar Məmmədovun xarici ölkələrdə yaşadığı əyləncə, sahib olduğu bahalı maşınların, qol saatlarının, brend geyimlərin şəkillərinin sosial şəbəkələri bəzəməsi onun əmisini və atasını ciddi şəkildə narahat etmişdi. Ancaq məmur oğlunun həmin maşınlara, bahalı qol saatlarına hansı pullarla yiyələnməsi araşdırılmadı. 26 yaşlı gəncin əmisinin nazir, atasının isə deputat olması faktoru onun müdafiə sipərinə çevrildi. Elə bu səbəbdəndir ki, Aynar Məmmədov boş oturmur. Xəbər verdiyimiz kimi, Aynar Məmmədova aid olduğu iddia edilən 10 LZ 100 nömrəli avtomobil Zığ-aeroport şossesində yüksək sürətlə yarışa çıxıb. Bir neçə saniyəlik kadrlardan görünür ki, avtomobillərin hər ikisi "Porsche Panamera” markalıdır. Bu avtomobillərin qiyməti təxminən 250 min manata yaxındır. «Porsche»lərdən 10 LZ 100 nömrəlisinin Elton Məmmədovun oğluna məxsus olduğu müəyyənləşib. Artıq avtoxuliqanlığı əks etdirən kadrlar DYP əməkdaşlarına təqdim edilib. Onlar məlumatı təsdiqləyərək bildiriblər ki, həmin avtomobillər tez-tez Bakı küçələrində sürət yarışına çıxır. Lakin heç bir cəza tədbiri görülmür. Millət vəkili məsələyə münasibət bildirərək «Bunlar hamısı yalandır, iftiradır, şantajdır», deyib. Bu formada cavabın veriləcəyi gözlənilən idi. Yəqin həmin kadrdakı avtomobil hansısa kasıbın balasının imiş. Axı imkanlı şəxsin pulu hardadır ki, o qiymətdə maşın alıb sürsün. Ümumiyyətlə, fikir vermisinizsə, Ziya Məmmədovun qohumlarının, işə düzəltdiyi yaxın adamlarının adı tez-tez qalmaqallı olaylarda çəkilir. Belə çıxır ki, nazirin çətiri altına sığınan şəxslər prezidentin qudurğanlıq edən məmur balaları ilə bağlı sərt xəbərdarlıqlarına əhəmiyyət vermirlər. Nazirin qardaşı oğlu sadəliyi ilə camaata nümunə olmaq əvəzinə, xoşagəlməz işlər törədir. Hesab edirik ki, yaxın qohumlarının yüksək şəraitli həyat yaşamasında hörmətli Məmmədovun rolu az deyil. Onun hesabına yaxın ətrafında cəm olan insanlar rahat işlərlə təmin olunublar, bahalı maşın və villalara sahib çıxıblar. Yollarımızın durumu isə göz qabağındadır. Bölgələrdəki vəziyyətdən ümumiyyətlə, danışmağa dəyməz. Kənd yolları bərbad haldadır. Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır, lakin Nəqliyyat Nazirliyində (NN) əsas vəzifələri tutan məmurlar vəsaitlərin təyinatı üzrə xərclənməsinə əngəl törədirlər. Ziya Məmmədovun nazirliyə rəhbərlik etdiyi illər ərzində büdcədən yetəri qədər vəsait ayrılıb. Bəs, hanı həmin pulların qarşılığı? Niyə yollarımız bizdən imdad diləyir? Nəqliyyat Nazirliyinin işçiləri sıradan çıxmış yollara yamaq vurmaqla məşğuldur. Halbuki, büdcədən ayrılan milyardlar hesabına paytaxtın, eləcə də ölkənin bütün yollarını ən müasir şəkildə təmir etmək olar. Nə yollarımız, nə körpülərimiz, nə də nəqliyyat sistemimiz normal durumdadır. Bu arada, nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Nəqliyyat Nazirliyinin idarə rəislərindən birinin oğluna və kürəkəninə bahalı avtomobil hədiyyə etməsi barədə məlumat yayılmışdı. Artıq həmin şəxsin kimliyinə aydınlıq gəlib və müəyyən edilib ki, o, 71 saylı Yol Istismarı İdarəsinin rəisi Xəqani Kazımovdur. Xəqani Kazımov oğlu Vüsal Kazımova və kürəkəni Bəxtiyar adlı şəxsə 2014-cü ilin buraxılışı olan "Mercedes S klass” markalı avtomobil hədiyyə edib. İddialara görə, həmin avtomobilin birinin qiyməti 365 min dollardır. Maraqlıdır, görəsən, idarə rəisində bu qədər pul-para hardandır? Cənab nazir sizdən xahiş edirik ki, adı oğluna və yeznəsinə yarım milyon dollara yaxın qiyməti olan avtomobil almaqda keçən idarə rəisinin fəaliyyətinə nəzarəti gücləndirəsiniz və onu işdən çıxarasınız. Bəlkə elə belə məmurların özbaşına əməlləri üzündən yollarımız acınacaqlı vəziyyətdədir. Bizə çatan informasiyaya görə, bu kimi xoşagəlməz halların artması nazirin gələcək karyerasına mənfi təsir göstərə bilər. Artıq onun vəzifədən çıxarılması ilə bağlı məsələnin gündəmə gəldiyi deyilir.

Yazı ilə bağlı bütün tərəflərin fikirlərini dərc edə bilərik.