BolgeXeber.Com » Analitika » “Nida” üzvləri aclığın 12-ci günündə

“Nida” üzvləri aclığın 12-ci günündə

28-04-2014, 11:05
Oxunub: 4 794 “Nida” vətəndaş hərəkatının həbs olunmuş üzvləri artıq 12 gündür ki, gənclər istintaq təcridxanasında qida qəbul etməkdən imtina edirlər.

Xəbər verildiyi kimi, aprelin 17-də dövlət ittihamçısının Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərək, “Nida” vətəndaş hərəkatının həbs olunmuş üzvlərinə ağır cəzalar (Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay) tələb etməsindən sonra gənclər buna etiraz olaraq elan etdikləri aclıq aksiyası davam edir.
Məhkəmə prosesləri zamanı, gənclərin halsızlığı gözə çarpır, onlar ayaq üstə dayanmaqda çətinlik çəkirlər.

Gənclərin hazırki durumu ilə bağlı açıqlama verən vəkil Nemət Kərimli bildirib ki, “Nida” üzvlərinin səhhəti normaldır: “Bildiyiniz kimi “Nida” üzvlərinin aclıq aksiyası 12 gündür ki, davam edir. Mən bu gün onlarla görüşdüm. Səhhətləri normaldır. 12 gün ac olan insanın səhhəti necə olarsa, bunlarda da elədir. Amma buna baxmayaraq, onlar aclıq aksiyalarını davam etdirirlər və dayanmaq fikirləri də yoxdur. Haqsız yerə həbs edilmələrinə qarşı etiraz edirlər”.

Nida Vətəndaş Hərəkatının İH-üzvü Turqut Qəmbərin sözlərinə görə, gənclərin əhvalları yaxşıdır və mübarizələrinə davam edirlər: “Məlum olduğu kimi, bir ildən çoxdur ki, hakimiyyət günahsız insanları, absurd ittihamlarla həbsdə saxlayır. Prokuror 6 il yarımdan 8 il yarıma qədər iş istəyib. Buna etiraz olaraq dostlarımız müddətsiz aclıq aksiyasına başlayıblar. Aclıq aksiyası 12 gündür ki, davam edir. Biz mütəmadi olaraq onlarla telefonla danışırıq. Bu gün İlkin Rüstəmzadə ilə telefonla danışmışam. Görünən odur ki, onlar halsızlaşıblar, fiziki cəhəttən zəifləyiblər. Bu da anlaşılandır. Çünki onlar 12 gündür ki, acdırlar. Amma əhvalları yaxşıdır və mübarizələrinə davam edirlər. Bu yaxınlarda Rəşad Həsənov həbsdən müraciət etdi. O bildirdi ki, bu situasiya insanlarda geri çəkilmək, üzülmək hissi yaratmamalıdır. Tam əksinə, daha da güclənməlidirlər və mübarizəni daha da güclü şəkildə davam etdirməlidirlər”.


Məhkəmə prosesi zamanı, Rəşad Həsənovun bu sözləri, onların sona qədər mübarizə aparacaqlarına sübutdur: “Birdən kimdənsə-qohumlardan, dostlardan, ya da vəkildən eşitsəniz ki, Rəşad aksiyanı dayandırıb, bilin ki, yalan deyirlər. Mən aksiyanı dayandırmayacam, məzarda görüşərik”.

Xatırladaq ki, 2013-cü il martın 10-da Bakının mərkəzində gənclərin əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs edilən gənclərə qarşı qarşı 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Əzizov Məmməd, Quliyev Bəxtiyar və Novruzlu Şahinə həm də Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə (hazırda NİDA-nın üzvüdür) isə 17 may 2013-cü ildə həbs olunub. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub. “Amnesty İnternational” təşkilatı onları vicdan məhbusu olaraq tanıyıb və dərhal azad edilmələrini tələb edib.

Onu da qeyd edək ki, Nida Vətəndaş Hərəkatı may ayının 1-də keçiriləcək olan növbəti məhkəmə prosesinə, sosial şəbəkədə “event” yaradıblar. “Event”də deyilir:
Mayın 1-i Nida Vətəndaş Hərəkatının saxta ittihamlarla həbs olunan 8 üzvünə hökm oxunacaq. Hər birimiz vicdan borcumuzu yerinə yetirək və məhkəmə önünə gələrək dostlarımıza dəstək olaq!

Zaman: 1 may, saat 10:30
Məkan: Bakı Ağır Cinayətlər Məhkəməsi
Ünvan: Səməd Vurğun küçəsi, 30, "AF Mall" ticarət mərkəzinin yanı
https://www.facebook.com/events/527974197312617/?ref_newsfeed_story_type=regular


Bolgexeber.com