BolgeXeber.Com » Analitika » Yeni binalarda kommunal haqlar niyə yüksəkdir?

Yeni binalarda kommunal haqlar niyə yüksəkdir?

24-06-2014, 14:15
Oxunub: 3 456 Ekspertə görə, yeni Mənzil Məcəlləsinin müvafiq maddəsini işlək hala gətirmək lazımdır

Milli Məclisdə yaşayış binaları inşa edən şirkətlərə qarı sərt ittihamlar səsləndirilib. Ötən həftə keçirilən sonuncu plenar iclasda çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, şirkətlər evi tikib satırlar, sonra da camaatı müxtəlif kommunal xərclər adı altında soyurlar. O deyib ki, kommunal xərclər üçün yığılan məbləğin həddən artıq çox olması ciddi narahatlıq yaradıb: “Bununla bağlı kifayət qədər şikayətlər daxil olur. Hazırda Azərbaycanda mənzil fondu ya MİS-lərdədir, ya da müxtəlif şirkətlərin əmlakı kimi tanınan, əslində isə vətəndaşlar tərəfindən alınan evlərdədir. MİS-ə ödəmələr bank yolu ilə aparılır və tariflər də çox aşağıdır. Amma son vaxtlar özəl şirkətlərin tikib satdığı evlərin idarə olunması ilə bağlı şikayətlərin sayı artır. Gileylənirlər ki, şirkətlərdən alınan evlərdə kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə pulu səviyyəsində xərc çıxır. Bu məsələni həll etməliyik, çox ciddi məsələdir”.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə qeyd edib ki, mənzil kommunal təsərrüfatında ciddi islahatlar aparılmalıdır: “Hər şirkət 5-6 binanın bir idarəedici strukturunu yaradır. Amma onlar da kifayət qədər əsaslı olmayan, vergi adı ilə xeyli vəsait toplayırlar. Araşdırma aparmaq lazımdır”. Qüdrət Həsənquliyev isə bildirib ki, bəzi şirkətlər evi tikib satır, sonra da soyğunçuluqla məşğul olurlar: “Bəzən hər kvadratmetr üçün 1 manat alırlar. Tədbirlər görülməlidir”.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, “Xutor” və buna bənzər ərazilərdə mənzilin kv. metri üçün ödəniş 40 qəpik yox, 28 qəpik, mərkəzdə isə 60 qəpik ola bilər: “Mənzil Məcəlləsinə görə, evlərin xidməti heç kəsə həvalə olunmayıb. O ərazilərdə, evlərdə yaşayan insanlar özlərini idarə edəcək qurumu müəyyənləşdirə bilər. Həmin binalarda yaşayan sakinlər heç bir ictimai fəallıq göstərmir. Ona görə də tikinti şirkətləri özləri bu işlə məşğul olurlar. Vətəndaşlar bir az fəal olsalar, həmin şirkətin xidmətindən imtina edib, ayrı quruma həvalə edə bilərlər. Bu məsələdə yalnız insanların fəallığına ehtiyac var”.

Qeyd edək ki, 2009-cu ildən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinə görə, çoxmənzilli binaların üç idarə mexanizmi var. Bunlardan birincisi binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsıdir. İkincisi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsı, üçüncü isə idarəedici təşkilat tərəfindən idarə edilməsidir. Müşahidələr göstərir ki, hazırda bu mexanizmlərin heç biri işləmir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Bəzi hallarda binaların təhvil verilməməsi buna mane olursa, digər tərəfdən də A.Rəhimzadənin də vurğuladığı kimi, insanların fəallıq göstərməməsi səbəblərdən biridir.

İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımovun sözlərinə görə, problemin kökündə dayanan səbəblərdən biri ictimaiyyətdə yeni Mənzil Məcəlləsi ilə bağlı kifayət qədər məlumatın olmamasıdır: “Ölkə başçısının fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb. Mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar bu sahədə aparılacaq islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial müdafiə mexanizminin yaradılması istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülür. Bu sahədə əsas yeniliklərdən biri bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqidir. Qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün icra və bələdiyyə qurumları ilə birlikdə maarifləndirmə və təbliğat işlərinin aparılması, ictimaiyyətin yeni Mənzil Məcəlləsi və onun üstünlükləri barədə məlumatlandırılması vacib məsələlərdəndir. Bu məqsədlə nazirlik regionlarda, müxtəlif rayonlarda müntəzəm olaraq tədbirlər keçirir”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev bildirdi ki, çoxmənzilli binaların idarə edilməsi mexanizmlərin heç biri işləmir və nəticədə köhnə binalar mənzil istismar sahələri (MİS), yeni binalar isə MTK-lar tərəfindən idarə edilir: “Problemin kökündə dayanan budur ki, MİS-lər Nazirlər Kabinetinin təsdiq etdiyi köhnə tariflər əsasında hər kvadrata görə 1,5 qəpikdən yığır, MTK-lar isə müxtəlif rəqəmlərlə ifadə olunan məbləğdən yığırlar. MİS-lərin yığdığı təbii ki, az bir məbləğdir və çox zaman heç insanlar maraqlanmırlar da ki, o vəsait hara, nəyə xərclənir. Amma MTK-ların yığdığı vəsait minimum 20 qəpikdən başlayır və şəhərin mərkəzinə doğru getdikcə daha da artır. Bu problemin həllini tapmasını istəyiriksə idarəçiliyin insanların özünə verilməsi təmin olunmalıdır. Nə MİS-lərdə, nə də MTK-larda insanlar tariflərin məbləğinə təsir etmək iqtidarında deyil. MİS-lərdə aydındır, NK-nın təsdiqlədiyi rəqəmdir. MTK-larə gəldikdə isə tikinti şirkəti yaradan bir qurumdur və ona rəhbəri də şirkət təyin edib, bu gün bir qiymət tətbiq edir, sabah başqa. Amma yeni idarəçilik mexanizminin xüsusiyyəti ondan ibarətdir ki, idarəedicini də, tarifləri də insanlar özləri qarşılıqlı razılıq əsasında müəyyən edir. Ona görə də bu problemin yeganə həlli yolu Mənzil Məcəlləsinin tələblərinin yerinə yetirilməsindən keçir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradılmasına başlanmalıdır. Binalar ya MİS-lərin idarəçiliyindən alınmalıdır, ya da MİS-lər MMMC-lərə çevrilməlidir. Bu istiqamətdə də sakinlər özləri qərar verməlidirlər”. S.Əliyevin sözlərinə görə, tikilmiş binaların dövlət tərəfindən təhvil alınması məsələsi də tezləşdirilməlidir.

Qeyd edək ki, hazırda Bakıda inşa edilən on minlərlə binadan yalnız 10-15 faizi təhvil verilib. Ekspert bildirir ki, bina təhvil verildikdən 6 ay müddətində MTK-lar MMMC-lərə çevrilməlidir: “Qanunvericilikdə nəzərdə tutulan islahatlar həyata keçirilsə bu tip narazılıqlara səbəb olan hallar aradan qalxmış olacaq”.

S.Əliyev də hesab edir ki, yeni idarəçilik üsulları ilə bağlı vətəndaşlar arasında maarifləndirmə aparılmalıdır: “Bu prosesə KİV də qoşulmalıdır. Amma iş bununla bitmir. Bu gün artıq təcrübələr var. Məsələn, Binəqədidə bir neçə MMMC yaradılıb, Yasamalda biri yaradılıb, başqa yerlərdə də proses gedir. Bu istiqamətdə də bəzi işlər görülməlidir. Əvvəla, qeydiyyatla bağlı prosedur sadələşdirilməlidir. MMMC-lərin qeydiyyatı üçün faktiki olaraq 1 aydan çox vaxt lazım olur. Digər tərəfdən MMMC-lərin statusu məsələsinə baxılmalıdır. Hazırda onlar QHT kimi qeydiyyatdan keçir, halbuki onlar QHT deyillər, qeyri-kommersiya təşkilatı olsalar da kommersiya fəaliyyəti həyata keçirə biləcək qurumlardır. Daha sonra mülkiyyət məsələsi həllini tapmalıdır – qeydiyyatdan keçən binaların torpaq sahəsinin hüdudları dəqiq müəyyənləşməlidir. Bir çox məsələlər var ki, açıq qalır və bu da Mənzil Məcəlləsinin çoxmənzilli binaların idarə olunması ilə bağlı müddəalarının reallaşdırılmasına problem yaradır”.kaspi.az