BolgeXeber.Com » Analitika » Cahangir Əsgərov «Silk Way Helicopter S.»in şefini hədəfə götürüb

Cahangir Əsgərov «Silk Way Helicopter S.»in şefini hədəfə götürüb

11-07-2014, 12:05
Oxunub: 3 755 Mülki aviasiya sahəsindən qəti anlayışı olmayan Azər müəllim rəhbəri olduğu şirkətə bir növ gəlir mənbəyi kimi baxı

Ölkəmizdə hava nəqliyyatının inkişafı üçün dövlət tərəfindən göstərilən diqqət və qayğı göz önündədir. Azərbaycan müstəqillik qazanandan sonra müasir tipli hava gəmiləri alınıb və pilot hazırlığı sahəsində müxtəlif tədbirlər həyata keçirilib. Görülən bir sıra müsbət işlərə baxmayaraq, bu sahədə də bəzi problemlər mövcuddur. Qəzetimizin ötən saylarından birində «Silk Way Helicopter Services» MMC-də hökm sürən qanun pozuntuları, həmçinin şirkətin baş direktoru Azər Sultanovun işinə yetəri qədər məsuliyyət göstərməməsi barədə məlumat vermişdik.

Məsələdən xəbəri olmayan oxucularımız üçün bildirək ki, Zabrat hava limanında yerləşən şirkət Eurocopter AS332L1 (Super Puma), Eurocopter EC155B1 (Dauphin), Eurocopter EC135P2+, MI-8 MTV-1, MI-171 və həmçinin «Cessna Textron» (ABŞ) şirkətinin istehsalı olan Cessna Skyhawk 172S tipli təyyarələr də daxil olmaqla kifayət qədər böyük parka malikdir. Aviaşirkət dənizdə, buruq platformalarında uçuş və yerə enmə həyata keçirir, həmçinin dağlıq yerlərdə sərnişin və yüklərin, təhlükəli yüklərin daşınmasını, tikinti-quraşdırma işlərini və axtarış-xilasetmə əməliyyatlarının aparılmasını icra edir. Şirkət sərnişinlərin hava yolu ilə daşınması, ekskursiya və VİP uçuşlar, yükün xarici asılqanda və ya kabinada hava yolu ilə daşınması, tikinti-montaj işləri, hava patrulu çəkmə və neft-qaz boru kəmərlərinin və elektrik ötürücü xətlərinin monitorinqi, tibbi evakuasiya, axtarış-xilasetmə işləri, təcili-tibbi yardım, üzən qazma qurğularına və gəmilərə uçuşlar, aerovizual foto və video ilə bağlı uçuşlarla bağlı xidmətlər təklif edir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, şirkətin baş direktoru Azər Sultanovun həyata keçirdiyi özbaşına işlər «Silk Way Helicopter Services»də ciddi problemlərin meydana gəlməsinə səbəb olub. Baş direktorun keçmişi ilə bağlı bir sıra məsələləri açıqlayan mənbə onun Vergilər Nazirliyində çalışarkən vəzifə səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olduğunu söylədi: «Azər müəllim bu vəzifəyə qədər Vergilər Nazirliyində çalışırdı. İşində yol verdiyi nöqsanlara görə nazir Fazil Məmmədov onu cəzalandıraraq işdən çıxardı. Sonradan kimlərinsə vasitəsilə sözügedən şirkətə baş direktor təyin edilən keçmiş nazirlik işçisi köhnə əməllərini burda da davam etdirir. Azər Sultanov şirkətə rəhbər təyin ediləndən uçuşların təhlükəsizliyi sahəsində ciddi nöqsanlar üzə çıxıb. İxtisaslı və hazırlıqlı işçilərin sayı barmaqla sayılacaq qədərdir. Bəzi hallarda uçuşlar bu sahədə yenicə addımlamağa başlayan pilotlara həvalə edilir. Ki, bu da hər an ciddi fəsadlar törədə bilər. Helikopterlərə göstərilən texniki xidmət ürəkaçan səviyyədə deyil. Neft Şirkətinin dənizdəki platformalarına işçi daşıyan vertolyotların bir hissəsi texniki cəhətdən saz vəziyyətdə deyillər. Bu səbəbdən hər an bədbəxt hadisələr qeydə alına bilər. Aviaşirkətdə işlərin qaydasında getməməsinin bir nömrəli səbəbkarı Azər Sultanovdur. Onun adı dəfələrlə yeyinti məsələlərində hallandırılıb. Buna baxmayaraq, həmişə bir vasitə ilə məsuliyyətdən yayınmağı bacarıb. Xarici neft şirkətləri ilə dəyəri külli miqdarda olan müqavilələr bağlansa da, şirkət dövlət büdcəsinə tələb olunan vergini keçirmir. Məndə olan məlumata görə, baş direktorun Vergilər Nazirliyində işlədiyi vaxtlardan qalan dostları bu məsələdə ona nə cür lazımdırsa yardım göstərirlər. Beləcə, külli miqdarda vəsait vergidən yayındırılır». Qaynağımızın iddiasına görə, şirkət rəhbəri burda çalışan işçilərə qarşı normal münasibət göstərmir: «Azər Sultanov tabeliyində olan şəxslərə rahat iş şəraiti yaratmaq əvəzinə, əsassız olaraq onları incidir və əmək hüquqlarını pozur. Bu isə işçilər arasında ruh düşkünlüyünə gətirib çıxarır. Son vaxtlar baş direktorun problemli günlər keçirdiyini eşitmişəm. Buna səbəb «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovun «Silk Way Helicopter Services» MMC-nin baş direktoruna qarşı sərgilədiyi münasibətdir. AZAL şefi qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirə bilməyən baş direktoru sıradan çıxarmaq barədə fikirləşir. Şirkətdə gəzən söz-söhbətlərə görə, Cahangir Əsgərov Azər Sultanovun yerinə öz adamını gətirib bura nəzarəti tamamilə əlinə keçirmək istəyir. QSC sədrinin yuxarı dairələrdəki dayaqlarının möhkəm olduğunu nəzərə alsaq, baş direktorun vəzifədən çıxarılması elə də çətin məsələ deyil. Vəzifədən «vurulacağını» eşidən şirkət rəhbəri isə əlinə düşən hər fürsətdə qanunsuz işlərə imza atır. MMC-nin baş direktoru vəzifəsinə təyin olunan qədər adıçəkilən şəxsin maliyyə imkanları o qədər də geniş deyildi. Lakin baş direktor vəzifəsinə keçəndən sonra maddi durumunu yüksək səviyyəyə çatdırmağı bacardı. Bildiyimə görə, onun paytaxtın mərkəzi ərazilərində mənzilləri, bağ evi, ticarət obyektləri və bahalı maşınları var. Mülki aviasiya sahəsindən qəti anlayışı olmayan Azər müəllim rəhbəri olduğu şirkətə bir növ gəlir mənbəyi kimi baxır. Uzun müddət vergi sistemində çalışan insan aviasiya sahəsində hansı nailiyyətə imza ata bilərdi? Cahangir Əsgərov baş direktoru zərərsizləşdirməyi qarşısına məqsəd qoyub. Çox güman ki, AZAL rəhbərinin bu istəyi yaxın zamanlarda reallığa çevriləcək». Azər Sultanov və «Silk Way Helicopter Services» MMC ilə bağlı araşdırmalara başlamışıq. Yeni məlumatlar əldə edən kimi sizinlə də bölüşəcəyik. Sonda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarına məsləhət görərdik ki, adını qeyd etdiyimiz şirkətin fəaliyyətini yoxlasınlar. gundelik-bakı