BolgeXeber.Com » Analitika » “Qafqaz İnkişaf Bankı” əlaçılara vəd etdiyi mükafatı niyə vermir?

“Qafqaz İnkişaf Bankı” əlaçılara vəd etdiyi mükafatı niyə vermir?

20-07-2014, 15:35
Oxunub: 4 381 Mükafat fondu az, şərtlər mübahisəli, valideynlər inadkar olanda...

Bir neçə ildir ki, ölkəmizdə reklam kampaniyaları məktəbliləri də əhatə edir. Məktəblilərdən daha çox onların valideynlərinə hesablanan və bu yolla müştərilərinin sayını artırmağa xidmət edən kampaniyalara baş vuran ticarət və əyləncə mərkəzlərinin siyahısına ötən il “Qafqaz İnkişaf Bankı” ASC də qatılıb.
Lakin əyləncə məkanından fərqli olaraq, “Qafqaz İnkişaf Bankı” ASC-nin gəlirə hesablanmayan kampaniyası uğursuzluqla nəticələnib. Başladığı kimi də bitən kampaniyanın acı taleyindən isə heç kimin, ən əsası, kampaniyanın əhatə etdiyi böyük məktəbli və valideyn kütləsinin xəbəri olmayıb. Səbəb isə kampaniyanın 2013-2014-cü dərs ilində də davam etdiyini göstərən məktəbli gündəlikləridir...

Əlaçı ol, mükafat al

Söhbət “Qafqaz İnkişaf Bankı” ASC-nin “Əlaçı ol, mükafat al!” kampaniyasından gedir. Bank kampaniyaya 2013-cü il iyun ayının 6-da start verib. 2012-2013-cü dərs ilinin yekunlarına əsasən, məktəbi əla qiymətlərlə bitirən şagirdlərin mükafatladırılmasından ibarət olan kampaniyaya 1 ay sənəd qəbulu aparılıb. Məktəbli kitabçası, şagirdin doğum haqqında şəhadətnaməsi, valideynin şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək əlaçı olduğunu təsdiq etdiyin təqdirdə 1-5-ci sinif şagirdlərinə 100 manat, 6-10-cu sinif şagirdlərinə 200 manat, 11-ci sinifdə oxuyanlara isə 300 manat veriləcəyi vəd olunub. Həmin ilin iyulunda yekunlaşan prosesin nəticələri əsasında müəyyənləşən qaliblərin mükafatlandırılması isə başlanan məhkəmə prosesi ilə əlaqədar olaraq yarımçıq qalıb.

Maraqlısı odur ki, kampaniya dayandırılsa da, elanları davam etdirilib. Nəticədə məhkəmə predmetinə çevrilən kampaniya bütün məktəbli gündəliklərində daha geniş miqyasda reklam olunub. Yəni Bank 2012-13-cü tədris ili üçün elan etdiyi kampaniyanı başa çatdırmadan növbəti tədris ili üçün planlar qurub.
Məqsədə gedən yol… məhkəmədən düşdü

Kampaniyanın mükafatlandırma mərhələsinin tamamlanmasına mane olan və ümumiyyətlə kampaniyanın dayandırılmasına səbəb olan məhkəmə prosesi isə valideynlərdən birinin iddiası əsasında başlayıb. Bankın İdarə Heyətinin sədr müavini olduğunu bildirən şəxs valideynin kimliyini açıqlamasa da, bildirib ki, məhkəmə seçim prosesindən narazı qalan valideynin iddiası əsasında başlayıb və hələ də davam edir. Bu müddətdə isə məhkəməsi bitməyən kampaniyanın elanları 2013-14-cü dərs ilində şagirdlər üçün stimul olub.


“Qafqaz İnkişaf Bankı” ASC ölkəmizdə qabiliyyət və bacarığı olanları seçmək, təhsilin inkişafına köməklik göstərmək və orta məktəb şagirdlərinin təhsilə marağını artırmaq məqsədi ilə başladığı və ən geniş kütləvi vasitələrdən istifadə edərək reklam etdiyi kampaniyanın dayandırıldığını bildirmək üçün nədənsə, məhdud məlumatlandırma yollarını seçib. Başqa sözlə, məhkəmənin tələb etdiyi bir-iki məcburi addım atmaqla kifayətlənib. Belə ki, “Qafqaz İnkişaf Bankı" ASC-nin İdarə Heyətinin 2013-2014-cü dərs ilində "Əlaçı ol, mükafat al!" kampaniyasının keçirilməsinin ləğv edilməsi barədə qərarı 2013-cü il oktyabrın 4-də Bankın rəsmi internet səhifəsində yerləşdirib. Oktyabrın 9-da səhifəyə yerləşdirilən başqa bir xəbərdə qərar məhkəmə prosesi ilə əsaslandırılıb. Yalnız rusdilli oxucu kütləsini əhatə edən qəzetlərdən birində yerləşdirilən kiçik ölçülü elan barəsində isə heç danışmağa dəyməz.

Mükafat fondu az, şərtlər mübahisəli, valideynlər inadkar olanda...

Məhkəməyə səbəb olan iddia – valideynin narazılığı elə müsabiqə şərtlərindən qaynaqlanır. Belə ki, elan edilən qaydaya görə, “Əlaçı ol, mükafat al!” kampaniyasında iştirak etmək üçün təqdim olunan məktəbli kitabçasında yekun nəticələri əla qiymətlər olmasına baxmayaraq, gündəlik qiymətlərində 10-dan artıq “4” qiyməti olan şagirdlərə də şans tanınması seçim mərhələsində mübahisə yaradıb. Başqa sözlə, seçki prosesində tətbiq edilən qayda 2013-cü ilin iyul ayı ərzində davam edən ilk mükafatlandırma dövründəcə problemlərə yol açıb. Elə mükafat fondu da müsabiqə şərtlərini ödəməkdə çətinliklərə səbəb ola bilərdi və olub da. Nəticədə ölkə ərazisini əhatə etdiyi göstərilən və 100 000 (yüz min) manatdan ibarət mükafat fondu olan müsabiqə nəinki ölkə, hətta Bakı məktəblilərini də stimullaşdırmağa kifayət etməyib.

Bank nə qazanır?


Bu sual indi valideyinlərin çoxunu maraqlandırır. Axı, bu qazancsız kampaniya bankın nəyinə lazımdır? Elandan göründüyü kimi, müsabiqə şərtləri məktəb yaşında olan bütün valideynlərin diqqətini cəlb edir. Müsabiqə barədə elanlar bütün məktəbli gündəliklərində böyük və cəlbedici şriftlərlə verilib. Məktəbli gündəliklərinin sayı, əhatə dairəsi və istifadəsindəki zərurət nəzərə alınanda, kampaniyanın banka verdiyi xeyir aydın görünür. Məsələn, bu mükafatlar Bankın şagirdlərə hədiyyə edilən plastik kartları vasitəsilə verilir. Deməli, kampaniya Banka müştəri qazandırır. Məktəblilərin Banka üz tutan valideynləri xidmətlərlə tanış olur, maraqlanır və cəlbedici görünən ən sadə bank xidmətlərindən istifadə edir. Yəqin elə bunun nəticəsidir ki, məktəbli gündəliyini götürüb “Qafqaz İnkişaf Bankı”nın yolunu tutanların sayı indi də az deyil. Bank isə iddia edir ki, xəbəri olmayan və bununla bağlı müraciət edən valideynlərə və şagirdlərə geniş məlumat verilib. Bəlkə elə məqsəd də budur? Valideynlər kampaniyanın dayanmasından xəbərsiz olsun və Banka gəlsin. Nəticədə Bank göstərdiyi bank xidmətləri barədə danışmaq üçün müştəri əldə etmiş olsun!

Bank iddia edir ki...

Kampaniyanın keçirilməsində hər hansı bir gəlirin əldə olunması nəzərdə tutulmayıb.

Müəssisədən Axar.az-ın sualına cavab olaraq bildirilib ki, “Qafqaz İnkişaf Bankı” ASC tərəfindən yalnız ölkəmizdə təhsilin inkişafına köməklik göstərilməsi və orta məktəb şagirdlərinin təhsilə marağının artırılması məqsədilə “Əlaçı ol, mükafat al!” kampaniyası keçirilib:

“Bildirmək istəyirik ki, hər zaman qanunvericiliyin tələblərinə uyğun olaraq bank sirri təşkil edən məlumatlar istisna olmaqla “Qafqaz İnkişaf Bankı” ASC-yə müraciət edən hər bir ictimaiyyət nümayəndəsinin müraciəti cavablandırılmış və ona geniş məlumat verilmişdir. Hesab edirik ki, “Qafqaz İnkişaf Bankı” ASC-nin hər zaman fəaliyyəti ictimaiyyətə açıq olmuşdur”.

Lakin məhkəmənin başlandığı tarix, məhkəmə predmeti olan məsələ, məhkəməyə müraciət edən valideynin kimliyi ilə bağlı suallarımıza qurum cavab vermədi.