BolgeXeber.Com » Analitika » Bələdiyyələrin ilginc torpaq maxinasiyası

Bələdiyyələrin ilginc torpaq maxinasiyası

16-08-2014, 10:35
Oxunub: 3 488 9 il saxladıqları torpağı gizlicə satışa çıxarırlar

Keçən il Yeni Suraxanı qəsəbəsində, Zeytunluq kimi deyilən ərazidə torpaq almışam. Sotunu 3 min manata aldığım torpağı bələdiyyənin nümayəndəsi mənə satıb. İndi burada ev tikmək üçün əlavə ödənişlər etməliyəm.

Ans-in məlumatına görə, bu sözləri Yeni Suraxanı qəsəbəsinin təzə sakini Məhərrəm Quliyev dedi. Onun sözlərinə görə, Zeytunluq kimi tanınan boş sahələri bələdiyyə satır, qiymətlər issə ildən ilə dəyişir. Məsələn, keçən il burada bir sot torpaq sahəsi 3 min manata idisə, bu il artıq 4 min manata satılır.

“Buradan ev alanların da sayı az deyil. Səhər görürsən ki, həyətinin yanında daha bir ərazi hasara alınıb”, - deyə M.Quliyev bildirib.

Məsələ ilə bağlı Yeni Suraxanı bələdiyyəsinin sədri Ağasəf Rəhimovla əlaqə saxladıqq. O, bildirdi ki, hazırda bələdiyyələr torpaq satışı ilə məşğul olmur. Onun sözlərinə görə, Yeni Suraxanı bələdiyyəsi 2005-ci ildən torpaq satışını dayandırıb.

“Ola bilsin ki, 2005-ci ilə qədər kimsə o torpaqları bizən alıb, indi isə camaata satır”, deyə Ağasəf Rəhimov bildirdi.

Bir adam nəyə görə, aldığı torpaqları ən azı 9 il saxlasın, sonra satmağa başlasın?

Ümumiyyətlə, Azərbaycanda bələdiyyələrin səalhiyyətləri barədə çox adam məlumatsızdır. Bələdiyyələr daha çox torpaq alıb-satan qurum kimi tanınır. Halbuki, Türkiyədə bələdiyyələr çox böyük səlahiyyətlərə malikdir - ərazinin yaşıllaşdırılması, abadlaşdırılması, bələdiyyələrə aiddir. İri şəhərlərin hamısı böyük şəhər bələdiyyələri tərəfindən idarə olunur və bu təşkilatlar heç bir yerdən asılı olmayan müstəqil qurumlardır. Türkiyədə dövlətin bələdiyyələrə çox böyük maliyyə dəstəyi var. Hər il dövlət büdcəsinin 5%-i həcmində bələdiyyələrə transfer şəklində verilir. Konkret layihələrin icrası ilə də bağlı ölkə bələdiyyələrinə subsidiyalar verilir.

Ekspert Qalib Toğrul hesab edir ki, Türkiyədən fərqli olaraq Azərbaycanda bələdiyyələrin səlahiyyətləri və maliyyə mənbələri çox azdır. Ekspert hesab edir ki, bələdiyyələrin səlahiyyətlərini, maliyyə mənbələrini daha da genişləndirmək lazımdır.

“Bizdə bələdiyyələr bir pilləlidir, amma dünyada çox pilləlidir. Bu o deməkdir ki, məsələn kənd bələdiyyələrinin hamısı şəhər və ya rayon bələdiyyələrinə tabe olmalıdır. Bakı Böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Amma bu o ölkələrin təcrübəsidir ki, bunlar çox uzun dövlətçilik ənənələrinə malikdirlər. Yerli icra strukturları ilə bələdiyyələr arasında dəqiq səlahiyyət bölgüsü olmalıdır. Təəssüf ki, bizdə bələdiyyələrin səlahiyyətləri azdır. Bu isə böyük işlər görməyə, hansısa dövlət proqramının icrasında iştirak etməyə imkan vermir”, deyə Qalib Toğrul bildirib.

Bələdiyyələrin torpaq satışına gəlincə, ekspert bildirdi ki, qanunvericilikdə bələdiyyələrin torpaq satmaq kimi səlahiyyəti yoxdur. Bu qurumlara 2009-cu ildən torpaq satışı qadağan edilib. Ekspertin sözlərinə görə, bələdiyyələr ərazidə beş ildən çox yaşayan sakinlərə torpaq sahəsi ayıra və ya torpaq satışında vasitəçi kimi iştirak edə bilər.

Bu yaxınlarda prezident İlham Əliyev bələdiyyələrin maliyyə mənbələrinin gücləndirilməsi ilə bağlı sərəncam verib. Subvensiya ilə bağlı qanunda dəyişikliklərdən sonra yerli bələdiyyələr yerli əhəmiyyətli sosial, iqtisadi, ekoloji layihələrin həyata keçirilməsi üçün əvvəlcədən Maliyyə Nazirliyinə ilin əvvəlində müraciət etməlidirlər. Nazirlik isə 3 ay müddətində müraciətə baxıb ona müvafiq cavab verəcək. Layihə qəbul olunarsa, dövlət büdcəsindən layihənin icrası üçün vəsait ayrılacaq. Əvvəllər dotasiyaların ayrılması ilə bağlı müəyyən bir sistem yox idi. İndi isə bələdiyyələrin gəlirləri, xərcləri, eyni zamanda onun dağlıq və ya cəbhəyanı regionda yerləşməsi, dövlət maliyyəsindəki payı dotasiyanın müəyyənləşdirilməsində meyar kimi götürüləcək. Bu günə qədər bələdiyyələrin hamısına böyüklüyündən, kiçikliyindən, əhalisinin sayından asılı olmayaraq təxminən eyni miqdarda dotasiya verilirdi. Gələn ildən dotasiyaların məbləği artırılacağı gözlənilir.
Bolgexeber.com