BolgeXeber.Com » Analitika » Ana olmaq neçəyə başa gəlir?

Ana olmaq neçəyə başa gəlir?

27-09-2010, 14:40
Oxunub: 8 429

Bakıda övladını dünyaya gətirmək istəyən ana 300-dən 1000 manata qədər xərc çəkməlidir

Həkimlər hamilə qadınları qəsdən qeysəriyyə əməliyyatına yönləndirirlər

Uşaqlar-təkcə yeni nəsil artımının daşıyıcıları yox, həm də gələcəyimizin davamçılarıdır. Bəlkə də yetərincə həyati-fəlsəfi məna daşıyan bu fikrin mahiyyətində nələrin dayandığının bəzən fərqinə varmırıq. Lakin çoxtərəfli inkişafda olan Azərbaycanın gələcəyinin məhz bu gün doğulan körpələrdən nə dərəcədə və necə asılı olduğunu nəzərə alanda, gələcəyimiz olan bugünkü körpələrin sağlam doğulması, böyüməsi və inkişafının necə əhəmiyyət daşıdığı məlum olar.

Bəs, gələcəyimiz olan həmin körpələr həyata necə gətirilir? Pulsuz tibbi xidmət müəssisələri siyahısında olan doğum evlərində hamilə qadın xərcsiz-xəsarətsiz dünyaya uşaq gətirə bilirmi? Bu sualı istənilən adama versəniz cavabında mənalı gülüşlə qarşılanacaqsınız. Əslində, qanunvericilikdə bir körpənin dünyaya gəlməsinin bütün xərci dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur. Amma reallıq tam başqadır.

Azərbaycanda bir körpənin dünyaya gəlməsi neçəyə başa gəldiyini araşdırmağa səy göstərdik. Müşahidələrdən də göründüyü kimi, xəstəxananın kəndarına çatan kimi cibinin ağzı açılmalıdır ki, ana ilə görüşmək üçün imkan yaradılsın. Onu da deyək ki, əvvəlcədən ayrıca həkim danışmayan pasiyentlərə xəstəxanada səthi münasibət göstərilir. Ona görə də, qadınlar öncədən xüsusi həkim tutur və həmin xidmət üçün 250-300 dollar ödəyir. Belə pasiyentlərə sonradan da xüsusi qulluq göstərilir.
Araşdırmalar zamanı öyrəndik ki, ən bahalı doğuş Neftçilər Xəstəxanasında aparılır.

Burada doğuşun qiyməti 800-1000 manat arasıdır. Mirqasımov adın Respublika Xəstəxanasında 500-600, 7 saylı Doğum Evində 400-600, Əzizbəyov adına doğum evində 300-700, 3 saylı Sabunçu Xəstəxanasında 300-500 manata başa gəlir. Bu siyahını artırmaq olar. Sadəcə olaraq, paytaxtın rayon mərkəzlərində yerləşən xəstəxanaların hamısında qiymətlər 300-700 manat arası dəyişdiyindən, onların hamısının adını açıqlamaq istəmirik. Nisbətən ucqarlarda bu qiymət 250 manata qədər düşür. Bu pul, ancaq doğuşun aparılması üçün xərclənən vəsaitdir. Pasiyentin xəstəxanada qaldığı günlərdə həkimə, tibb bacısına, dayəyə verilən pulu da bura daxil etsək, büdcə daha da böyüyür.

Rayonlarda isə vəziyyət xeyli fərqlidir. Belə ki, qiymətlər paytaxta nisbətən aşağıdır. Məsələn, şimal rayonlarında bunun üçün 200 , Mingəçevirdə 250 , Yevlaxda 150-200 dollar xərcləmək lazım gəlir. Ancaq rayonlarda da həkimə ayrı, tibb bacısına ayrı, uşağa baxan dayəyə isə ayrıca pul vermək lazım gəlir. Son illər regionlarda imkansızlıq üzündən bir çoxları evində ana olmaqla da barışmalı olur. Bu zaman evə gələn həkimə 60 manat ödənilir. Qadınlar bu prosesin çətin və qorxulu olduğunu bildirsələr də, məcburiyyət qarşısında razılaşdıqlarını deyillər.

Onu da öyrəndik ki, region xəstəxanalarında təxminən 70 manat ginekoloqa, 5 manat tibb bacısına, 2-3 manat isə sanitara verilir. Palatada tibb bacıları hər gün iki nəfər dəyişildikcə onların hərəsinə isə 1 manat vermək lazım gəlir. Bundan başqa həkimlər xəstənin yanına gələnlərdən şirinlik də ala bilirlər. Dünyaya oğlan uşağı gətirən anaların əlavə xərcləri isə daha çox çıxır.

Onu da deyək ki, nisbətən imkanı olan rayon sakinləri doğuş üçün paytaxta üz tuturlar. Çünki onlar həmin xəstəxanalarda həkimlərin naşı, şəraitin isə aşağı səviyyədə olduğunu söyləyirlər. Yeri gəlmişkən qeyd edək ki, paytaxt xəstəxanalarında ana ilə körpə 6-7 gün yatırılırsa, əksər rayon xəstəxanalarında 1-2 gündən sonra ana və uşaq evə buraxılır.

Sözügedən xəstəxanalarda həkimlər tərəfindən pis rəftar görən, uşağını itirən və hansısa xidmət müqabilində külli miqdarda pul verməyə məcur olanlar doğum evlərində şəraitin yaxşılaşacağı təqdirdə belə oradakı mühitin dəyişəcəyinə inanmır. «Çox müasir xəstəxana hazırlaya bilərlər. Amma həkimlərin vicdansızlığını dəyişmək, təmir ya da bərpa etmək olmaz. Mənim övladım onların günahı ucbatından öldü. İnsanların xislətini dəyişmək olmur» deyə övladı doğulandan 2 gün sonra ölmüş Aynurə İbrahimova söhbət zamanı bu sözləri bizə bildirdi: «Hətta mənim rəfiqəmin də imkansız olduğundan başına bu cür iş gəldi. Gəncədə həkimlər «200 manat pul verin, sonra doğum olsun» deyərək, doğuşu gecikdirmişdilər. Uşaq travmalı doğulmuşdu. Çox vicdansızdırlar».

Şikayətlərdən göründüyü kimi, doğum evlərində ən böyük problemlərdən biri rüşvətdirsə, digəri həkimlərin peşəkarlığının aşağı olmasıdır.


Bundan əlavə, son illərin statistik göstəriciləri Azərbaycanda qeysəriyyə kəsiyi ilə doğulan uşaqların sayının birə-beş artdığını göstərir. Bu isə təbii doğuşdan ən azı 2 dəfə baha başa gəlir. Məsələn, Respublika Xəstəxanasında qeysəriyyə əməliyyatı 1000 manata həyata keçirilir. Təəssüflə qeyd etmək lazımdır ki, bugünkü hamilə qadınlara səhv diaqnoz qoyularaq onlar əksəriyyəti əməliyyata sürüklənir.

Həkim-mütəxəssis Tamilla Kərimovanın sözlərinə görə, son zamanlar qeysəriyyə kəsiyi ilə uşaq dünyaya gətirmək faizinin yüksəlməsinə səbəb bu sahədən daha çox pulun əldə olunmasıdır: "Hamı bilir ki, cərrahiyyə əməliyyatı pulludur. Bu zaman təbii doğuş zamanı xərclənən puldan iki dəfə artıq vəsait xərcləmək zərurəti yaranır. Ancaq qadınlar elə qorxudulur ki, özləri öz arzuları isə əməliyyat yolunu seçirlər". Mütəxəssis bunun üçün təbliğatın həkim-cərrahlarla əlbir işləyən qadın məsləhətxanalarından başladığını dedi: "Qadın hələ qadın məsləhətxanasında qeydiyyata duranda onun ciddi problemlərinin olması və uşağı əməliyyat yolu ilə dünyaya gətirməsi zərurəti bildirilir.

Qadını ginekoloq-cərrahın yanına göndərən həkim əməliyyat üçün ödənilən vəsaitin bir hissəsini faiz şəklində alır. Qəribəsi isə budur ki, bir çox hallarda hamiləlik dövrünü əks etdirən sənədlərdə heç bir problemin olmasına əsas olmur. Amma sonda narahatlıq üçün bəhanə uydurulur və qadın əməliyyata göndərilir». T.Kərimova özəl klinikalarda qadınların daha çox aldadıldıqlarını da bildirdi: "Bu cür vəziyyətə daha çox pullu səhiyyə müəssisələrində rast gəlinir. Qadınlardan 1200-1500 civarında pul alınaraq əməliyyata cəlb olunur". /Bolgexeber.com/