BolgeXeber.Com » Analitika » Bölgələr suya niyə həsrət qalıb?

Bölgələr suya niyə həsrət qalıb?

3-09-2014, 10:10
Oxunub: 3 054 Suvarma sistemləri düzgün qurulmayıb, bu sahəyə ayrılan vəsaitlər mənimsənilir

Vahid Məhərrəmov: «Quraqlığı bəhanə gətirmək, su qıtlığına görə məhsuldarlığın aşağı olmasını əsas göstərmək düzgün deyil»
Bu il ölkədə yaranan quraqlıq kənd təsərrüfatı məhsulları istehsalçılarına ciddi zərbə vurub. Su qıtlığından əziyyət çəkən fermerlər kifayət qədər məhsuldarlıq əldə edə bilməyiblər. Nəticədə kənd təsərrüfatı sektorunda yaranan qıtlıq kəskin qiymət artımına səbəb olub. Kəndlilər iddia edir ki, şimal ərazilərdə quraqlığın yaranmasının səbəblərindən biri "Oğuz-Qəbələ-Bakı" su kəmərinin çəkilişi olub. Belə ki, kəməri su ilə təmin etmək üçün yeraltı sulardan istifadə edilir. Nəticədə həmin ərazilərdə meşələrdə, fərdi təsərrüfat bağlarında ağaclar susuzluqdan əziyyət çəkir.

Bu cür ekstremal vəziyyətlər göstərir ki, ölkənin suvarma sistemi bərbad vəziyyətdədir. Baxmayaraq ki, son illər suvarma sisteminin yenidən qurulmasına milyardlarla manat xərclənib. Təkcə "Samur-Abşeron" su kanalının yenidən qurulmasına Dövlət Neft Fondu 1 milyard manatdan çox vəsait ayırıb. Amma nəticədə bu gün fermerlər su çatışmazlığı ilə üz-üzədir.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda suvarma sistemi düzgün qurulmayıb: "Bu sahədə pərakəndəlik var. Bəziləri müəyyən göllərdən, çaylardan, xüsusilə Kür çayından istifadə edərək, təsərrüfatını suvarır. Normal bir sistem yaradılmayıb. Su kanallarında kifayət qədər su var, sadəcə olaraq səmərəli istifadə edilmir.

Bundan əlavə, həmin suyun bir hissəsi kənd təsərrüfatında bitkiçiliklə bağlı məhsulların becərilməsinə deyil, göl balıqçılığına gedir. Onların da hamısı müəyyən məmurlara məxsusdur".

Mütəxəssis əlavə etdi ki, çay kənarlarında tikilən qum və çınqıl zavodları da quraqlığın artmasının əsas nədənlərindəndir: "Ölkənin mövcud su potensialından məqsədyönlü və düzgün istifadə olunmur. Quraqlığı bəhanə gətirmək, su qıtlığından məhsuldarlığın aşağı olmasını əsas kimi göstərmək düzgün deyil. Əlbəttə ki, yayda daim yağış yağmır. Bizdən də sərt isti keçən ölkələr var. Misal kimi, İranı, Türkiyəni, İsraili göstərmək olar. Bu ölkələrdə sistem elə qurulub ki, havaların quraqlıq keçməsi hər hansı bir problem yaratmır. Xüsusilə, Türkiyədə suvarmada boru xətlərindən istifadə edirlər. Biz Azərbaycan hökumətinin də belə bir təcrübədən bəhrələnməsini təklif etmişdik. Sözügedən sistem əkinçilik zamanı su itkilərinin qarşısını minimuma endirir. Ölkəmizdə su kanalları köhnə olduğuna görə ciddi sızmalar var. Oranın yüngülvari təmiri üçün dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılsa da, həmin pulların bir hissəsi mənimsənilir. Əsaslı təmir işləri aparılmadığına görə, sızmaların həcmini artırır. Sızmalar ətrafdakı əkin sahələrini də sıradan çıxarır, oranın şoranlaşmasına gətirir".

V.Məhərrəmova görə, yaz və payız aylarında çaylardan su bolluğu yaranan zaman onun lazım olan qədər hissəsini su anbarları və hövzələrində, göllərdə saxlamaq lazımdır: "Hökumətin başlıca vəzifəsi bunu təmin etmək və həmin sudan yayda quraqlıq keçən dövrdə istifadə etməkdir. Təəssüf ki, hazırda belə göllərin, su hövzələrinin əksəriyyətində balıq saxlayırlar.

Bu gün ölkənin su təsərrüfatının idarəçiliyi 4 dövlət qurumunun səlahiyyətindədir. Onlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurum balıqçılığın məhv olmamasını əsas gətirib bu prosesi dəstəkləyir. Bununla da fermerlərin əkinçilik üçün istifadə edəcəyi suyun həcminin artırılmasında problem yaradır. Eyni zamanda "Azərenerji" ASC Mingəçevir Su anbarında suyun həddinin stabil qalması üçün kənd təsərrüfatı üçün nəzərdə tutulan suyun həcminin artırılmasına məhdudiyyət qoyur. "Meliorasiya və Su Təsərrüfatı" ASC isə bu problemləri həll etməkdə maraqlı görünmür, ümumiyyətlə, iqtidarında deyil. Bütün bunlardan əziyyət çəkən isə azərbaycanlı fermerlərdir. Problem təkcə əkinçiliyə deyil, heyvandarlığa da ciddi ziyan vurur".

Vüsalə RÜSTƏMOVA