BolgeXeber.Com » Analitika » Mikayıl Cabbarovun əmri olmadan texniki peşə təhsilinə qəbul aparıldı

Mikayıl Cabbarovun əmri olmadan texniki peşə təhsilinə qəbul aparıldı

23-09-2014, 10:20
Oxunub: 5 493 Hamı təhsil adına “Allah bizi qorusun” desin

Bolgexeber.com bildirir ki, Misir Mərdanov işdən çıxarılıb yerinə Mikayıl Cabbarov təyin olunduqdan sonra yeni nazirin qarşısında duran əsas “prioritet” məsələ saxta diplomların verilməsinə qarşı amansız mübarizə aparmaq və təhsildəki negativ halları aradan qaldırıb peşə təhsilini inkişaf etdirmək idi. İstənilən normal ağlı başında olan şəxs Mikayıl Cabbarovun bir neçə ay əvvəlki çıxışlarına təkrar qulaq yetirsə görər ki, söylədiklərimiz həqiqətdir. Yəni, Mikayıl Cabbarov açıq şəkildə deyirdi ki, saxta diplomlu şəxslər mənim dönəmimdə olmayacaq, peşə təhsilini Avropa standartları səviyyəsinə qaldırmaqla bu sahədə oxuyan şagirdlərin təqaüdlərinə toxunulmayacaq, peşəyə qəbul aparılarkən rüşvət olmayacaq. Nə oldu?! Nə dəyişdi?!
Bir neçə gün bundan qabaq məlum oldu ki, Mikayıl Cabbarovun dövrünü əhatə edən 2013/2014 tədris ilində Lənkəran Humanitar Kollecinə 69 nəfər testdən kənar qəbul olub. Bu faktın üstünü Mikayıl Cabbarov özü açsaydı, yenə onun fədakarlığını başa düşmək olardı. TQDK-nın sədri Məleykə Abbaszadə qanunsuz aparılmış tələbə qəbulunu ictimai rəydə qabardır, Mikayıl Cabbarov məcbur hərəkətə keçir. Nədir, Lənkəran Humanitar Kollecinə bu qanunsuz tələbə qəbulunu da Misir Mərdanov aparıb?!
Bir az əvvəl Mikayıl Cabbarov rusiyalı jurnalistə 2 min saxta diplomun verilməsi ilə bağlı müsahibə verib deyib ki, həmin şəxsləri adbaad tanıyırlar. Bunu da Misir Mərdanovun adı ilə bağlayır. İndi özünün dövrünü əhatə edən tədris ilində təkzibolunmaz faktla qarşılaşır. TQDK-nın açıqlamaları onu pis vəziyyətə qoyur. Təhsil Nazirliyində ətrafına zərf paylayır, Gəncə şəhəri, Vatutin, 5 ünvanında yerləşən məktəbəqədər təhsil müəssisəsini atasının adına özəlləşdirib, təmirini də kollec direktoru Fəxrəddin Zamanov adlı şəxsə tapşırır.
Budurmu təhsili düzəltmək?! Bütün ölkə ərazisində orta məktəblərdə bu il 1-ci sinfə qədəm qoyan şagirdlərin valideynlərindən aşağısı 100 manat “şirinlik” yığıldı. Bu rüşvət deyil?! Bundan Mikayıl Cabbarovun xəbəri yoxdur?!
Bu gün də Mikayıl Cabbarov texniki peşə təhsil müəssisələrinə qəbul aparılması barədə əmri imzalamayıb. Bəs necə olur ki, bütün peşə təhsil müəssisələrinə qəbul aparılıb?! Özü də hər bir valideynin əlindən 200-700 manat, bəzi məktəblərdə isə 1000 manat rüşvət almaqla bunu ediblər. Peşə məktəblərindən №3, №12, peşə liseylərindən isə №3 və adını çəkmədiyimiz bəzi təhsil müəssisələri istisna olmaqla, №1, №2, №13, №14, №7, №15 və s. peşə liseylərinə qəbul yüksək səviyyədə aparılıb. Necə olur ki, №13, №14 peşə liseyləri yoxlanılır, orada külli miqdarda yeyinti aşkarlanır, amma Vidadi müəllim və Səidə xanım yerində saxlanılır?! İndi həmin məktəblərə lazımlı qədər plan yeri ayrılır, tələbənin təqaüdlərini mənimsəyənlərlə işləməyə start verilir?! Fərqli baxışlar, fərqli gedişlər edilir. Demək ki, texniki peşə təhsili üzrə sektor müdiri Namiq Məmmədovun dedikləri düz çıxır. Namiq Məmmədov: “Bunlar iş bilənləri çıxarır, nə qədər çıxarsalar, məni və nazirlikdə çalışan bir neçə mütəxəssisi çıxara bilməyəcək. Bunlar təhsili və texniki peşə təhsilini bilmir, məndən asılıdır. Mən də bütün tərəfləri ilə hər şeyi onlara başa salan deyiləm. Onda mən heç kimə lazım olmaram. Bunlar öz əlləri ilə kirlənmək istəmir, bunlara da peşə təhsilindən gələn gəliri yığmaq üçün “kassir” lazımdır”. Namiq Məmmədov texniki təhsil şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırıldı, amma nazirlikdən atılmadı. Sektor müdiri kimi əvvəlki kirli işlərini Mikayıl Cabbarov üçün davam etdirməyə başladı. Arabir isə nazirin müşaviri Seymur İsmayılova bəzi iş prinsipini başa salmaqla müvazinətini qoruyub saxladı. Saxlasın! Amma sual olunar. Nə dəyişdi?! Peşə təhsilində hansı bir yenilik oldu?! Pulmu yığılmır, şagirdlərin təqaüdlərimi özlərinə verilir, dərsə davamiyyət 98%-dirmi, peşə təhsilinə müdir olmaq 30-40 min manata deyilmi, sexlərdən dolya yığılmırmı?! Mikayıl Cabbarov nəyi düzəltdi? Əksinə, yığılan rüşvətin həcmi artdı. Dəyişmək buna deyilirmi?!
Digər bir məsələ odur ki, xaricdə oxuyan magistr tələbələrdən bu il 30-50 min manat aralığında təkrar rüşvət alındı. Nazirlik tələbə köçürmələrini pulsuz etmir, orta məktəblərdə iş dəftərlərinin satılmasını təşkil edib 10 milyon manatlarla vəsait qazanır. Bütün bunlar Misir Mərdanovun zamanında olduğu kimi təkrar edilir. Nazirlikdəkilər mal, mülk, pul, qızıl toplamaqla məşğuldur. Təhsil dediyimiz budursa, Allah bizi betərindən qorusun! Yəni, valideynlər özünü asmasın, kəsməsin, öldürməsin. Hamı bir ağızdan təhsil adına “Allah bizi qorusun” desin! Amin!!!
Bolgexeber.com