BolgeXeber.Com » Analitika » "İST Petrol" istehlakçıların hüquqlarını pozur?

"İST Petrol" istehlakçıların hüquqlarını pozur?

26-09-2014, 10:30
Oxunub: 6 470 Müştərilərə keyfiyyətsiz yanacaq satan yanacaqdoldurma məntəqəsində qanunsuzluq baş alıb gedir

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi burda mütləq monitorinq həyata keçirməlidir.Paytaxtda və bölgələrdə yerləşən yanacaqdoldurma məntəqələrində satışa çıxarılan benzinin keyfiyyətində bir sıra problemlər var. Benzinin keyfiyyətinin aşağı olması avtomobillərin həm ekoloji baxımdan, həm də avtomobillərin uzun müddətli istifadəsi üçün təhlükəlidir. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmilərinin həyata keçirdikləri müxtəlif tədbirlərə baxmayaraq, sürücülərə keyfiyyətsiz yanacaq satılması halları azalmaq bilmir. Qeyd edək ki, bəzi yanacaqdoldurma məntəqələrində aşağı oktanlı benzinə və ya dizel yanacağına aseton əlavə edilərək onun oktan ədədi artırılır.

Məsələn, 100 litr A-92 markalı benzinə 3 litr aseton əlavə etsək oktan ədədini 95-ə çatdırmaq olar. Bu zaman mühərrikdə detonasiya olmur, sürücüyə elə gəlir ki, yanacaq keyfiyyətlidir. Lakin aseton qatılan yanacağın oktan ədədi tezliklə aşağı düşür. Əgər avtomobil yanacaq doldurulanın səhəri gün çətin işə düşürsə və ya işlənmiş qazlar aseton iyi verirsə, deməli, məsələ aydındır. Aseton benzindən daha ucuzdur və ondan istifadə edərək yanacağın maya dəyərini aşağı salmaq mümkündür. Bundan başqa, yanacaqdoldurma məntəqələrinin bir çoxunda operatorlar sürücülərin verdiyi pulun miqdarından az benzin vururlar. Bu kimi halların qeydə alındığı yanacaqdoldurma məntəqələrindən biri də "İST Petrol"dur. Məlumat üçün bildirək ki, sözügedən yanacaqdoldurma məntəqəsi paytaxtın bir neçə rayonunda fəaliyyət göstərir. Tiflis prospektində yerləşən "İST Petrol"da isə müştərilər ağlasığmaz şəkildə aldadılır, onların istehlakçı hüquqları kobud surətdə pozulur. Redaksiyamıza daxil olan məlumatlara görə, "İST Petrol"un müştərilərə təklif etdiyi yanacağın keyfiyyəti çox aşağıdır: "Burda satılan benzin keyfiyyətsiz olduğuna görə avtomobillərin mühərrik sistemində bir sıra problemlər yaranır və sürücülərə maddi ziyan dəyir. Yanacaqdoldurma məntəqəsinin rəhbərliyi benzin depoya boşaldılarkən onun tərkibinə əlavə kimyəvi maddələr qatır. Beləcə, benzin əvvəlki keyfiyyətini itirir. Bununla yanaşı, burda çalışan operatorlar avtomobil sahiblərinə qarşı haqsızlıq edirlər. Belə ki, "İST Petrol"un əməkdaşları benzini avtomobillərin yanacaq çəninə yüksək sürətlə vurmaqla hər əməliyyat zamanı 2-3 litr yanacaq kəsirlər. Bəzi hallarda isə köhnədən qalan rəqəmlər ekrandan silinmir və operatorlar həmin məbləğin üzərinə əlavə edib müştəriyə benzin vururlar. Məsələn, sürücü 20 manatlıq benzin vurmaq istəyirsə, operator ekranda göstərilən 10 manatın üzərinə əlavə 10 manatlıq benzin vuraraq yerdə qalan pulu öz cibinə qoyur. Təəssüf ki, sürücülər çox vaxt buna diqqət yetirmirlər. Diqqət yetirən sürücülər isə dəfələrlə bu məsələlərə öz etirazını bildirib. Amma məntəqənin işçiləri aylıq maaşlarının az olduğunu əsas gətirərək "levi" iş görmək məcburiyyətində qaldıqlarını bildirirlər. Səhv etmirəmsə, yanacaqdoldurma məntəqəsində çalışan operatorlara ayda 90 manat məvacib verilir. Buna görə də onlar qanunları pozaraq müştəriləri aldadırlar. Məntəqənin işçiləri deyir ki, "çayvoy" olmasa dolanmaq çox çətindir. Bura restoran, yaxud kafe deyil. Nəyə görə camaatın cibinə girirlər? Hər müştəridən 1-2 litr benzin kəsilsə, görün hara vurub çıxır. "İST Petrol"un rəhbərliyi müştərilərin etibarından əməlli-başlı istifadə edir. Demək olar ki, günün hər saatında Tiflisprospektindəki yanacaqdoldurma məntəqəsində növbələr yaranır. Ümumiyyətlə, "İST Petrol"un digər məntəqələrində də müştəri sıxlığı diqqəti çəkir. Sürücülər elə hesab edirlər ki, burda satılan benzin keyfiyyətinə görə yüksəkdir. Əslində isə, "İST Petrol" keyfiyyətsiz yanacaq satır. Heç bir sürücüyə burdan yanacaq almağı məsləhət görmürəm. Bir halda ki, yanacaqdoldurma məntəqəsi daimi müştərilərini aldadır, onların benzinini kəsir və ən əsası yanacağa əlavə qatqılar qatır, niyə bura xeyir verməliyik?" Digər məlumata görə, "İST Petrol"da uzun "şlanq"lardan istifadə olunur ki, bu da müştərilərin aldadılmasına hesablanmış addım kimi qiymətləndirilir: "Uzun "şlanq"ların içində qalan benzin artıq sayğacdan keçmiş, ancaq istehlakçıya çatmayan benzindir. Benzin sayğacdan keçir, ancaq uzun olduğuna görə "şlanq"ın içində qalır. Bu benzin də təzədən geri sovrulur. "Şlanq"ı yuxarı qaldırmaq lazımdır ki, benzin maşının yanacaq çəninə tam boşalsın. Amma "İST Petrol"un əməkdaşları bu üsuldan istifadə etməyərək müştəriləri aldadırlar". Onu da qeyd edək ki, müvafiq qanunlara görə, standartlara uyğun gəlməyən benzin satan məntəqələr 5 min manat, sahibkarlar isə 1500-2000 manat cərimə olunmalıdırlar. Odur ki, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmiləri təcili olaraq "İST Petrol"un yanacaqdoldurma məntəqələrində monitorinq aparıb müştərilərin aldadılması hallarının qarşısını almalıdır. Komitənin məsul şəxsləri burda yoxlamalar aparsa, bütün neqativ məqamların üstü açılacaq. Sonda qeyd edək ki, "İST Petrol" yanacaqdoldurma məntəqəsi 1990-ci illərin əvvəllərində "Azəravtonəqliyyat" Nazirliyinin ərazisində yaradılıb. Yarandığı zaman həmin yanacaqdoldurma məntəqəsini mərhum avtoritet Lotu Bəxtiyarın adı ilə bağlasalar da, əslində, oranın şəriklərindən biri keçmiş Xüsusi İdarənin rəisi Elman Qəmbərov olub. Lotu Bəxtiyar o zamanlar şirkətə ad seçərkən simvolik olaraq, "İST" - İlqar, Seymur və Teymur adlarının baş hərflərindən yararlanıb.gundelik-baku

Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.