BolgeXeber.Com » Analitika » Hafkanın imperiyası çökür – Səbəb

Hafkanın imperiyası çökür – Səbəb

27-09-2014, 09:10
Oxunub: 3 557 “Baghlan Group” şirkətlər qrupunun prezidenti, “Hafka” kimi tanınan milyarder Hafiz Məmmədovun “futbol imperiyası” hələ də özünə gələ bilmir.

Fransanın “Lans” və “Bakı” futbol klublarında yaranan durğunluq davam etməkdədir. Fransa çempionatına 2-ci divizyondan qatılan və digər rəqiblərlə nisbətdə çox zəif olan “Evian” klubu ötən gün “Lans”la qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanıb. Göründüyü kimi, çempionat başlayandan 7 oyun keçirən “Lans” cəmi 7 xal qazanmaqla bir pillə də geriləyərək 15-ci sırada yer alıb.

Fransa mətbuatında yer alan xəbərlərə görə, klubda vəziyyət olduqca gərgindir. Klubu saxlamaq üçün lazımı aylıq gəlirlər olmadığı və uğursuz çıxış səbəbindən komandanın qış mövsümündən sonra mübarizəni davam etdirməsi sual altındadır.

Eyni vəziyyəti “Bakı” klubuna da aid etmək olar. Azərbaycan çempionatında ötən il ən gözəl oyununu nümayiş etdirən bu komanda cari ildə tam əksinə, gözlənilməz oyun sərgiləyir. Sonuncu matçında “İnter”ə 7:0 biabırçı məğlubiyyətdən sonra komanda 5 oyundan cəmi 1 xal toplamaqla sonuncu pillədə qərarlaşıb.

Komanda daxilində ciddi böhranlar hökm sürməkdədir. Belə ki, əcnəbi legionerlər demək olar ki, matçlarda oynamaqdan imtina edib: Aylardır ki, futbolçulara maaş verilməməsi, maddi-texniki bazanın yox səviyyəsdə olması, hətta təlim-məşq bazasının kommunal xərclərini ödəyə bilməməsi təsirsiz ötüşmür. Belə gedərsə klub tez bir zamanda dağılacağı da istisna edilmir.

Xatırladaq ki, Hafkanın sözügedən klublarında durğunluq bir müddət öncə sahibi olduğu “Bank of Azerbaijan”da yaşanan böhranla eyni baxtda üzə çıxdı. Hələ bir müddət əvvəl “Bank of Azerbaijan”da ciddi maliyyə problemlərinin olduğu barədə məlumatlar yayılmışdı. Həmin vaxt Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov da bunu təsdiqləyərək “Bank of Azerbaijan”da likvidlik probleminin yaşandığını dilə gətirmişdi.
axar.az