BolgeXeber.Com » Analitika » "Sədərək"də qiymətlər niyə belə bahadır? - Şikayət var

"Sədərək"də qiymətlər niyə belə bahadır? - Şikayət var

27-09-2014, 16:00
Oxunub: 3 627 Bir müddət əvvəl hər mağazaya elektrik enerjisi verilməsi üçün sayğac quraşdırılmasına 200 manat pul alınıb

Artıq neçə illərdir ki, Bakıda fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzi burada davamlı olaraq baş verən müxtəlif qanunsuzluqlarla paytaxt ictimaiyyətinin diqqətini cəlb etməkdədir. Məhz elə bu səbəbdən də dövrü mətbuatda mütəmadi olaraq “Sədərək” Ticarət Mərkəzində cərəyan edən hadisələrlə bağlı tənqidi materiallar dərc olunmaqdadır. Bu xüsusda yayımlanan məlumatlarda bildirilir ki, Yusif Qədimovun rəhbərlik etdiyi TM-də əməlli-başlı özbaşınalıq və nəzarətsizlik hökm sürür. Mənbələrin iddiasına görə özünün puluna və kifayət qədər nüfuzlu himayədarlarına arxayın olan Yusif Qədimov TM-dəki sahibkarlara əməlli-başlı divan tutur. İlk növbədə daxil olan məlumatlarda vurğulanır ki, mağazalara məcburi qaydada yanğından mühafizə və yanğın söndürmə vasitələrini baha qiymətə satırlar. Halbuki, əslində TM-nin müdiriyyəti tərəfindən hər ticarət cərgəsinin başında yanğından mühafizə vasitələrinin saxlandığı xüsusi yer ayrılmalıdır. Bundan başqa, bir müddət əvvəl hər mağazaya elektrik enerjisi verilməsi üçün sayğac quraşdırılmasına 200 manat pul alınıb. Enerjinin hər kilovat saatı üçün isə hal-hazırda 10 qəpik, yəni 4 qəpik artıq pul alınır. Sahibkarların narazılığını doğuran daha bir cəhət də “birka problemi” ilə bağlıdır. Belə ki, hər ay mağzalara məcburi qaydada 20 qəpikdən plastmass birka satılır ki, axşamlar dükan bağlandıqdan sonra qapıya birka vurulsun. Deməli hər dükandan əlavə olaraq 6 manat pul da məcburi alınır. Lakin bütün bunlar Y.Qədimovun yol verdiyi haqsızlıqların heç də hamısı deyil. Məsələ bundadır ki, “Sədərək”də yaranan şərait, buranı halal ticarətlə pul qazanmaq niyyətində olan insanlardan daha çox, müxtəlif əliəyriliklərə üstünlük verən spekulyantlar üçün maraqlı edir. Məlumdur ki, “Sədərək” həm də öz məhsullarının ucuzluğu ilə tanınan bir ticarət mərkəzidir. Lakin, burada ucuz və eyni zamanda da keyfiyyətli məhsul almaq, heç də hər kəsə nəsib olmur. Hər halda ticarət mərkəzində aparılan araşdırmalar belə deməyə əsas verir. Burada ticarətlə məşğul olan şəxslərin sözlərinə görə, TM-də alıcılara təklif olunan məhsulların qiymətini müəyyənləşdirən əsas amil bu məhsulların haradan, hansı qiymətə alınması ilə bağlıdır. Bundan başqa isə satıcılar (daha dəqiq desək, dükan işlədənlər) ən müxtəlif instansiyalara “aylıqlar” ödəmək məcburiyyətində olduqları üçün, maya dəyəri deyək ki, 4-5 manat olan hər hansı məhsulu 20-25 manata satmalı olurlar. Digər tərəfdən də bazarın satıcıları deyirlər ki, “Sədərək”də bilavasitə Y.Qədimova çalışan bir qrup işbaz var ki, onlar da öz fəaliyyətləri ilə başqa dükanların işinə əngəllər yaradırlar. Belə ki, həmin işbazlar alıcıların təcrübəsizliyindən istifadə edirək, eyni malı guya ki, fərqli istehsalçılara məxsus olmaları adı altında müxtəlif qiymətlərə satırlar. Bu maxinasiyalar isə qonşu dükanların da alverinə öz mənfi təsirini göstərir.Həmçinin yayımlanan məlumatlarda Yusif Qədimovun nəinki “Sədərək”ə bazarlıq etməyə gələn müştərilərdən, hətta TM-nin ərazisindən sadəcə keçib gedən insanlardan da pul “qoparmağın” yollarını yaxşı bildiyi vurğulanırdı. Buna misal kimi bu yaxınlara qədər son dərəcə aktual olan “50 qəpiklik yol haqqı” problemini də göstərmək olar. Bildiyiniz kimi bir müddət bundan əvvəl Bakıdan Gəncə və ölkənin cənub rayonlarına nəqliyyat vasitələrinin hərəkət etdiyi Dairəvi yol təmirə bağlanmışdı. Həm də təmir işləri gözlənildiyindən bir qədər də uzun çəkdi. Təbii ki, həm sürücüləü, həm də sərnişinlər bu müddət ərzində müəyyən narahatlıqlarla qarşılaşmış oldular. Lakin bu vəziyyətə respublikada tək sevinən insan var idisə, o da elə Yusif Qədimovun özü idi. Belə ki, əsas yolun təmirə bağlanması səbəbindən, cənub və qərb bölgəsinə gedən avtomobillər öz yollarını “Sədərək” Ticarət Mərkəzinin ərazisindən salmağa məcbur olurdular. Bu zaman isə sürücülər əraziyə daxil olarkən kart götürüb, çıxışda 50 qəpik pul ödəməli idilər. Hətta sərnişin avtobusları da Y.Qədimovun 50 qəpiyini ödəmədən ərazidən keçə bilmirdilər. Maraqlıdır, görəsən bir neçə ay ərzində bu yolla milyon manatlarla gəlir əldə etmiş Yusif Qədimov heç olmasa həmin “gəlirdən” dövlət büdcəsinə vergi ödəyibmi?