BolgeXeber.Com » Analitika » Heydər Babayevin qardaşı ittiham olunur... - Sabiq nazirin yaxınları barədə ilginc iddialar

Heydər Babayevin qardaşı ittiham olunur... - Sabiq nazirin yaxınları barədə ilginc iddialar

3-04-2015, 13:30
Oxunub: 9 866 Heydər Babayevin qardaşı ittiham olunur... - Sabiq nazirin yaxınları barədə ilginc iddialarKeçmiş iqtisadi inkişaf naziri Heydər Babayev vəzifəsindən uzaqlaşdırılsa da, böyük bir maliyyə imperiyasına sahibdir

O, hələ nazir postuna təyin olunana qədər sahibi olduğu biznes obyektlərinin sayəsində milyonlara yiyələnə bilmişdi. Nazir işlədiyi vaxtlarda isə maliyyə sərvətini birə-beş artırmağa müvəffəq oldu.

Son vaxtlar Heydər Babayevin və qardaşı, Bakı Neft Bazasının direktoru Yaşar Babayevin adı bir sıra xoşagəlməz hadisələrdə, o cümlədən müxalifət partiyalarını maliyyələşdirməkdə, həmçinin külli miqdarda maliyyə yeyintilərində hallandırılır.

Yaşar Babayevin neft sferasındakı nüfuzu necə sarsıldı?

Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, uzun müddət Bakı Neft Bazasına rəhbərlik etmiş Yaşar Babayevin, eləcə də oğlu Niyaz Babayevin həm Azərbaycanda, həm xaricdə mülkləri, biznes sahələri var: "Yaşar Babayev və oğlu Niyaz Babayev Dubayda milyonlarla dəyəri olan villada dəbdəbəli həyat tərzi sürürlər. Heydər Babayevin qardaşı oğlu Niyaz Babayevin atasının işdən azad edilməsinin səbəblərindən biri də onun ərköyün balasının bahalı maşınlardan necə gəldi istifadə etməsi olmuşdu. Yaşar Babayev vəzifədə işlədiyi vaxtlarda dövlətin büdcəsindən mənimsədiyi pullar, həmçinin qardaşı Heydər Babayevin göstərdiyi maliyyə dəstəyi ilə oğlunun adına Bayılda yerləşən beşulduzlu " Crown Plaza" hotelini almağı bacarıb. Deyilənə görə, Niyaz Babayev bu hoteli öz əyləncələri üçün istifadə edir. Gənc Niyaz Babayev əmisinin vəzifədə olduğu vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Atasının neft sferasında o vaxtkı nüfuzunun sayəsində o, oxumağa o qədər də meyl etməyib, şən yaşayıb və ürəyi istəyən kimi əylənib. Atasının pulları ilə yoxluğun nə olduğunu bilməyib, elə indi də bilmir. Heydər Babayevin işdən azad edilməsindən sonra Bakıda qalmağın mənasız olduğunu görən Niyaz Babayev Dubaya üz tutub. Ümumiyyətlə, Heydər Babayev işdən çıxarılandan sonra onun yaxın qohumları daha çox xaricdəki mülklərində yaşamağa üstünlük veriblər. Dubaya getmək üçün bəhanə xeyli tutarlı olub: təhsil. Bəs necə, sıravi vətəndaşların yataqxanalarda yaşadığı və ictimai nəqliyyatda gəzdiyi bir vaxtda Niyaz Babayev "Bentley"də şütüyürdü və Dubayın elit rayonunda - əfsanəvi "Palm Cumeyrah" adalarında yerləşən dəbdəbəli villasında yaşayırdı. Bu adada sarayın qiyməti 2 milyon dollardan başlayır. Bu baxımdan maraqlıdır, rəsmi olaraq heç bir ciddi gəlir mənbəyi olmayan Niyaz Babayevin dəbdəbəli istirahətlərini və əyləncələrini davam etdirməyə imkan verən bu qədər pulu haradandır? Təbii ki, bu pullar atası Yaşar Babayevin büdcədən və imtiyazlarından istifadə edib əldə edilən milyonlardan qaynaqlanır".

Babayevləri müxalifət düşərgəsinə yaxınlaşdıran səbəb...

Niyaz Babayevin yaşadığı lüks həyat və bunun maliyyə qaynağı ilə bağlı bir qədər sonra ətraflı danışacağıq. İndi isə onun atası Yaşar Babayevin və əmisi Heydər Babayevin hansı işlərlə məşğul olması, daha doğrusu, hansı düşərgəyə meyl etmələrindən danışmaq istəyirik. Araşdırmalar nəticəsində öyrəndik ki, Heydər Babayev nazir postundan kənarlaşdırılandan sonra yuxarılardan incik düşüb və gələcək arzusu ilə yaşayıb. Bunun üçün ən asan yol kimi bəzi müxalifət partiyalarına maliyyə dəstəyi verməyi seçib. Keçmiş nazir fikirləşib ki, müxalifətin güclənməsinə dəstək göstərməklə iqtidarın zəifləməsinə səbəb ola bilər: "Sabiq nazirin Moskvada böyük biznesi var. Onun həmçinin Londonda da geniş əlaqələri mövcuddur. Bildiyiniz kimi, o, uzun müddət Böyük Britaniyada yaşayıb və orada da biznes fəaliyyəti ilə məşğul olub. Heydər Babayevin və qardaşı Yaşar Babayevin müxalifəti gizli maliyyələşdirməsi barədə məlumatlar var. Bu məlumatlar Heydər Babayev vəzifədən azad ediləndən sonra daha çox gündəmə gəlməyə başladı. Hətta vaxtilə Milli Məclisin üzvü Zahid Orucun mətbuata verdiyi müsahibəsində kifayət qədər sensasiya doğuran məqamlar yer almışdı. Onun müxalifəti çirkli kapital sahiblərinin maliyyələşdirdiyini deməsi geniş rezonans yaratmışdı. Həmin vaxtlar çirkli pul sahiblərindən biri də Heydər Babayevin, həmçinin Yaşar Babayevin olduğu iddia edilirdi. Yaşar Babayev və qardaşı bunu inkar etsə də, onların müxalifət düşərgəsi ilə gizli əlaqələri mövcuddur. Deyilənə görə, Babayev qardaşları bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərində müxalifət partiyalarını təmsil edən namizədlərin Milli Məclisdə çoxluq təşkil etməsi üçün əllərindən gələni edirlər. Müxalifət partiyalarının təşkil etdiyi mitinqlərin əsas maliyyə dəstəkçisinin məhz Yaşar Babayevlə Heydər Babayev olduğu deyilir".

Cavadağa Sultanovun həbsi qudasını ziyana salıb - 20 milyon

Əldə etdiyimiz digər bir məlumata görə, Yaşar Babayev qudası, Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Cavadağa Sultanovun Dubayda saxlanması və həbsdən azad olunması zamanı da böyük çaba sərf edib: "Sabiq iqtisadi inkişaf naziri Heydər Babayev qardaşı Yaşar Babayevin qudası olan polkovnik Cavadağa Sultanovun həbsdən azad edilməsi üçün 20 milyon avro ödəyib. Həmin pullar Heydər Babayevə məxsus "Standard" bank vasitəsilə köçürülüb. Göstərilən məbləğdəki pul ötən il noyabrın ortalarında, yəni Bakı Şəhər Baş Polis İdarəsi rəisinin keçmiş müavini, polis polkovniki Cavadağa Sultanovun həbsindən dərhal sonra ödənilib. Babayevlər ailəsi Bakıda olan və Yaşar Babayevin qudasının azad olunması üçün öz xidmətlərini təklif edən vasitəçinin bu təklifi üzərində xeyli düşünüb. Amma Yaşar Babayev uzun tərəddüd və düşüncələrdən sonra nəhayət ki, qərarını verib və vasitəçinin tələb etdiyi pulu ödəməyə razılaşıb. Dubayda yaşayan Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov saxta çeklərlə 7 milyon dollar pulu mənimsəyib. Onun bu fırıldağı bir neçə azərbaycanlı iş adamını pis vəziyyətə salıb. Nəticədə onlar qeyd olunan fırıldağın qurbanı olublar və digər şəxslərin qarşısında cavabdeh qalıblar".

Niyaz Babayev əsl oliqarx həyatı yaşayır

Qayıdaq Yaşar Babayevin oğlu Niyaz Babayevin yaşadığı bahalı həyat tərzinə. İlk növbədə bildirmək istəyirik ki, ölkəmizdə vəzifəli şəxslərin övladlarının yaşadıqları həyatı sosial şəbəkələrdə ictimailəşdirməsi, bundan başqa kasıb insanlara aşağılayıcı münasibət bəsləmələri sanki dəb halına düşüb. İmkanlı şəxslərin və bəzi məmurların balaları qanuna məhəl qoymadan öz bildikləri kimi hərəkət edirlər. Haqqında danışacağımız Niyaz Babayev də həmin şəxslərdən biridir. Yayılan məlumatlara görə, məhz onun özbaşına hərəkətlərinin cavabı olaraq, atası Yaşar Babayev Bakı Neft Bazasının direktoru vəzifəsindən uzaqlaşdırılıb. Vaxtının çox hissəsini Dubayda, həmçinin digər xarici ölkələrdəki mülklərində keçirən Niyaz Babayev Bakıda olduğu ərəfələrdə dinc durmayıb. Belə ki, onun sahibi olduğu bir-birindən bahalı maşınları ilə şəhərin küçələrində özbaşınalıq etdiyi, yol polislərinə tabe olmadığı və bahalı məkanlarda dava salması barədə kifayət qədər informasiya var. Bizə maraqlı gələn isə heç bir yerdən rəsmi gəliri olmayan Niyaz Babayevin xarici ölkələrdə hansı pulların hesabına bahalı həyat yaşaması və bir-birindən qiymətli avtomobillər sürməsidir. Bizdə olan məlumatlara görə, keçmiş nazir və oliqarx-məmur Heydər Babayevin qardaşı oğlu əsl oliqarx kimi yaşayır, dincəlir: "Mətbuatda Babayevlərin korrupsiyaya bulaşmış sərvətlərinin əllərindən alındığı haqda dəfələrlə yazılsa da, Niyaz Babayevin dəbdəbəli istirahəti keçən ilin ortalarında üzə çıxdı. Onun "instagram"da yerləşdiyi şəkillərə baxanda adam dəhşətə gəlir. 26 yaşlı gənc dünyanın ən bahalı ölkələrinə səyahət edir, ürəyi istəyən nemətləri yeyir, milyonluq maşınlarda gəzir və sair. Amma onun əksər həmyaşıdları bu kimi əyləncələrdən çox-çox uzaqdır. Bu cür həyat yaşamaq üçün isə, təbii ki, milyonlar lazımdır. Niyaz dünyanın ən yaxşı kurortlarına səyahətlər edib. Dünyanın ən məşhur brendlərindən istifadə edən Yaşar Babayevin oğlu qiyməti on minlərlə avro olan "Romain Jerome" və "İcelink Six Time Show watch" saatları taxır".

Keçmiş məmurların fəaliyyəti araşdırılsa...

Bakı Neft Bazasının rəhbəri Yaşar Babayevin biznes obyektlərinin və mülklərinin sayı-hesabı olmadığı verilən məlumatlar arasındadır. Əslində, böyük Babayev vəzifədən çıxarılmaqla mükafatlandırılıb. Çünki, bəzi məmurlar işdən çıxarılarkən onların fəaliyyət dövrü geniş şəkildə araşdırılır və vəzifədə olduğu müddətdə qanun pozuntusuna yol verdiyi aşkarlanırsa, dərhal cəzalandırılır. Yuxarıda qeyd olunan məlumatlardan açıq şəkildə görünür ki, Yaşar Babayevin özü və ailə üzvləri ən yüksək səviyyədə yaşayırlar. Lakin soruşan yoxdur ki, Bakı Neft Bazasının direktoru bu qədər sərvəti hansı pullarla yığıb. Keçmiş məmur aylıq maaşı ilə Dubayda milyonluq mülklər, oğluna bahalı avtomobillər ala bilməzdi. Deməli, sabiq nazirin qardaşı Bakı Neft Bazasında ciddi maliyyə yeyintilərinə yol verib və nəticədə öz imkanlarını xeyli genişləndirib. Biz Heydər Babayevə, eləcə də qardaşı Yaşar Babayevə keçmiş nazirlər Əli İnsanovla Fərhad Əliyevin aqibətini xatırlatmaq istəyirik. Günün birində Babayev qardaşları da həbs cəzasına məhkum edilə bilər. Heç kimə dövlətin büdcəsini talan etmək ixtiyarı verilməyib. Kim dövlətin büdcəsini dağıdırsa, buna görə cəzalandırılır. Lap aradan neçə il də keçsə, Heydər Babayevin vəzifədə işlədiyi dövrlərdə dövlətin büdcəsinə ziyan vurub-vurmadığını üzə çıxarmaq elə də çətin məsələ deyil. Büdcəyə vurduqları ziyan azmış kimi, adıçəkilən qardaşlar yuxarılardan imtiyaz almaq üçün çalışırlar. Onlar unutmasınlar ki, indiki müxalifət heç vaxt iqtidara qalib gələ bilməyəcək. Nəyə görə? Ona görə ki, müxalifət düşərgəsində yer alan şəxslərin bir çoxu xarici qüvvələrə satılıblar. Odur ki, Heydər və Yaşar babayevlər boş yerə müxalifətə sərmayə yatırmasınlar. Müxalifət söyüd ağacı kimi bir şeydir. Nə qədər su versən də, bəhəri yoxdur. Bizdən deməkdi, əks təqdirdə qardaşlar xoş olmayan duruma düşə bilərlər.
gundelik-baku.com