BolgeXeber.Com » Analitika » “Red bull” şəkər və ürək xəstəlikləri yaradır – Təhlükə

“Red bull” şəkər və ürək xəstəlikləri yaradır – Təhlükə

10-04-2015, 11:06
Oxunub: 4 760 “Red bull” şəkər və ürək xəstəlikləri yaradır – TəhlükəKüçədə “Red bull” bankasını başına çəkən onlarla gənc, azyaşlı uşaq, məktəbli görmək olar

İçəndən sonra da həmin bankaları tapdalayaraq partladan gənclərin mədəniyyətsizliyi isə çoxumuza məlumdur. Enerjigətirən içkiləri bəh-bəhlə içən, toy-düyün süfrələrinə belə qoyduranlar hələ də bilmir ki, bu içkilərin zərəri spirtli olanlardan heç də az deyil. Satışda rahatca təklif olunan, alıcının həvəslə aldığı bu içkilərin mənşəyi naməlumdur. Fakt odur ki, qanunla satışına icazə verilən 6 məhsulun sertifikatı olsa da, bazarda 10(daha çox) adda enerji içkisini görmək olar. Hətta bu içkilərin reklam şəbəkəsi də mükəmməl qurulub. Bakının nüfuzlu universitet və diğər ali təhsil ocaqlarının qapısı önündə “Red bull” maşınları dayanıb. Tələbələri hardasa enerji içkisi almağa və “qüvvətlənməyə” təhrik edirlər.

Məlumat üçün deyək ki,enerji içkiləri 1960-cı ildə Amerika Müdafiə Nazirliyi tərəfindən icad olunub və döyüş ruhunu qaldırmaq üçün Vyetnamda vuruşan əsgərlərə verilib. Bir neçə ildən sonra bu əsgərlərin bədənlərində və beyinlərində müxtəlif şişlər, yaralar əmələ gəlib. Bu içkilərin orqanizmin mərkəzi sinir sisteminə mənfi təsiri aşkarlanıb. Hazırda içkinin mənfi təsiri nəzərə alındığı üçün çox ölkədə satışı qadağan olunub. Fransa, Danimarka, Almaniya, Norveç, Yeni Zelandiya, ABŞ-ın bəzi ştatlarında içkilərin istehsalı və satışına rast gəlmək olmaz. Həmin içkiləri yalnız apteklərdə həkim resepti ilə almaq olar. Avropa dövlətlərində bu içkilərin reklamına belə qadağa qoyulub və üzərində də aydın olaraq yazılıb ki, bu içkilər heç bir enerji vermir. Enerji içkilərinin tərkibində kofein normadan 4-5 dəfə çoxdur. Bu içkilərə aludə olan gənclər narkomaniyanın və alkoqolizmin bir addımlığında olurlar. Bu artıq tibbi cəhətdən mütəxəssislər tərəfindən təsdiqlənib. Hələ abituriyentlər, ağıllı gənclərimizin çoxu da bəzən yorğunluğu atmaq üçün enerji içkisi içməyə tələsir.

Azad Istehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Analitik.az-la söhbətində deyib ki, belə içkiləri keyfiyyətsiz və zərərli məhsullar siyahısında görür. Ekspertin fikrincə, gələcəkdə naməlum xəstəliklərə səbəb olacaq belə məhsulların satışı ən azı nəzarət altında olmalıdır: “Bir neçə ildir, daha da nüfuz qazanan bu məhsulları gənclər, azyaşlı uşaqlarımız rahatlıqla içirlər. Bir müddət əvvəl biz məktəb bufetlərində bunun satışının qadağan olunması təklifini irəli sürdük. İstəyimizə nail olduq. Hazırda bu məsələ standart şəkilində dövlət komitəsi sənədlərində öz əksini tapıb. Amma hələlik bu sahəyə nəzarət ancaq şəhər məktəblərini əhatə edir. Rayon, kənd məktəblərində isə apardığımız araşdırma göstərir ki, orada enerji içkiləri rahatlıqla satılır. Eyyub Hüseynovun sözlərinə görə, enerji içkisinin tərkibində naməlum, zərərli qatqılar insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, asılılıq da yaradır. Bu da gələcək nəslin normal inkişafına, həyat tərzinə zərbə vurur.”

Tibb müəssisələrində istehlakçi hüquqlarının müdafiəsi komissiyasının sədri Əhməd Rəhmanovun fikrincə, bu içkilər insana güc vermir, sadə şəkildə desək, orqanizmdəki ehtiyat enerji çəlləyinin ağzını açır: "İnsan iki günə sərf etdiyi enerjini bir dəfəyə işlədir. Amma bir məsələ var ki, adi halda insan daxili qüvvəsini gücə salmir, yəni qida qəbul edir ki, orqanizmdə tarazlıq yaransın. Onu içdikdə isə ehtiyat enerjisi də işlənir. Odur ki, ancaq məcburiyyət qarşısında onu içmək olar. Müntəzəm istifadə isə alkoqol içki kimi asılılıq yaradar. Bu içkilərin sadəcə, 18 yaşdan yuxarı şəxslərə satılması haqqında göstəriş olsa yaxşı olardı. Azyaşlı uşaqlar, gənclər onsuzda enerjilidirlər, onların bu içkiyə ehtiyyacı yoxdur. Valideynlər də diqqətli olmalıdırlar. Uşaqlara verilən xərcliyin hara getməsinə nəzarət etməlidirlər.”

Qeyd edək ki, bir müddət öncə millət vəkilləri, eləcə də içtimaiyyətin bir neçə nümayəndəsi bu içkilərin ümumiyyətlə, ölkəyə gətirilməsinə qadağa qoyulmasını təklif edirdilər. Təəssüf ki, içtimaiyyətin reaksiyası hələ də qətiləşməyib. Təcrübəli dietoloq, Türkiyə Obezite (obeze) araşdırma Dərnəyinin üzvü Tutu Zeynalovanın sözlərinə görə, doğru qidalanmaq sağlamlığın əsasıdır: “Təəssüf ki, bu gün fast-fud yeməklərinin, zərərli içkilərin nüfuz qazanması insanların sağlamlığını hədələyir. Enerji içkilərinə gəlincə, mütləq zərərləri var. Xüsusən bu içkilərin açqarnına içilməsi çox yanlış və orqanizm üçün zərərlidir. Bu içkilər müntəzəm şəkildə içildikdə bədəndə asılılıq yaradır. Qanda şəkərin miqdarını sürətlə artırır, o an insanlar özlərini daha xoşbəxt, enerjili hiss edirlər. Sonra isə ani olaraq qan şəkərinin düşməsi baş verir ki, bu da halsızlıq, yuxulu vəziyyətə gətirib çıxarır. Belə olanda, həmin içkiləri yenidən istifadə etmək məcburiyyətində qalırlar. Bu da artıq içkiyə aludəçilik yaradır. Belə proqnoz vermək olar ki, 10-15 il sonra bu içkilərdən istifadə saysız xəstəliklərin, həmçinin şəkərli diabet xəstələrinin sayını artıracaq. Həm də bu içkilərin tərkibində kimyəvi maddələr də çoxluq təşkil edir.”

Bəs enerji içkiləri artıq çəki yaradırmı? Dietoloqun sözlərinə görə, bu içkilər artıq çəki yaradır və bu barədə çox adamda yanlış fikirlər var: “Dünya Səhiyyə Təşkilatının hesabatına əsasən, 2015-ci ildə dünyanın 2, 3 milyard insanı artıq çəkidən əziyyət çəkəcək. 700 milyon uşağın piylənmə qurbanı olması hesablanıb. Hər 4 uşaqdan biri artıq çəkilidir ki, bunun da səbəbləri fiziki aktivliyin azlığı, keyfiyyətsiz qida və belə içkilərdən istifadə olunmasıdır.”

Adının çəkilməsini istəməyən təcrübəli kardioloq isə deyib ki, qan-damar və ürəklə bağlı sağlamlıq problemi olanların bu içkilərdən istifadəsi qəti şəkildə qadağan olunmalıdır: “Deyirlər bu içkilər, enerji mənbəyidir, əsla. Bu, sadəcə uydurulmuş fikirdir, dolayısı yolla insanlarda içkiyə qarşı asılılıq yaratmaq üsuludur. Bəzən bu içkini özünü narahat edən insan içir, amma bu əks-təsir də yarada bilər. Ürək döyüntülərinin sürətlənməsi, qan təzyiqinin artması təbii ki, ürəyin yüklənməsi ilə nəticələnər. Tibbi tədqiqatlarda bu içkilərin siqaretdən daha təhlükəli olduğunu sübut edən faktlar mövcuddur. Enerji içkiləri insan beynində oyanıqlığa səbəb olur. Sübut olunub ki, bu içkilərdən istifadə edənlər yaddaş dağınıqlığından, yuxusuzluqdan şikayətlənirlər. Həyəcanlı, bəzən də aqressiv davranırlar. Psixoloji təsirləri də az deyil.”

Yekun olaraq qeyd edək ki, nə qədər enerji içkiləri barədə doğru və yanlışları oraya qoysaq da, bu il “Red bull”un daha böyük reklam şitlərini görəcəyik. Çünki qarşıdan gələn Bakı-2015 Avropa oyunlarında “Red Bull” rəsmi tərəfdaş kimi çıxış edəcək.